“1 Mart Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş elmi-nəzəri konfrans

A- A A+

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Naxçıvan” Universitetində “1 Mart Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunan konfrans olub. Konfransın keçirilməsində məqsəd “1 Mart Ümumdünya Mülki Müdafiə günü” ilə bağlı tədbir iştirakçılarına mülki müdafiənin məqsəd və prinsiplərinin çatdırılması və bu məqsəd və prinsiplərin həyata keçirilməsinin əhəmiyyətini bir daha universitetin müəllim-tələbə kollektivinə xatırlatmaq olub.

Tədbirdə “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə konfransın əhəmiyyətindən danışıb və bu cür tədbirlərin mütəmadi olaraq həyata keçirilməsinin tələbələrin təhlükəsizliyinin təmin edilməsindəki önəmini vurğulayıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Əbülfəz Qafarov “1 Mart Ümumdünya Mülki Müdafiə günü” mövzusunda danışaraq muxtar respublikanın mülki müdafiə sistemi, eləcə də mülki müdafiə təbliğatı və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması barədə ətraflı məlumat verib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova “Təbii və texnogen fəlakətlər zamanı davranış qaydaları” ndan bəhs edərək qeyd edib ki, gündəlik həyatımızda baş verəcək hadisələrə hər zaman hazırlıqlı olmalı və bu zaman davranış qaydalarını bilməliyik. Bu davranış qaydalarını bilməklə və ətrafdakı insanlara öyrətməklə dəyən ziyanı minimuma endirmək və daha az insanın xəsarət almasına nail olmaq olar. Nəzərə çatdırılıb ki, bu səbəbdən əhalinin maarifləndirilməsi, müxtəlif ekstremal vəziyyətlərdə əvvəlcədən hazırlıqlı olması, qarşılıqlı yardım qaydaları və üsullarını bilməsi mühüm şərtlərdən biridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: