Baytarlıq təbabəti və tibb elminin mahiyyətini mükəmməl bilən zəka sahiblərinin məşhur bir kəlamı var: “Tibb həkimləri yalnız insanları, baytar həkimləri isə bütün bəşəriyyəti müalicə edir”. Deməli, baytarlıq təbabətinin inkişafı bəşəriyyətin sağlam dinamikasına xidmət edir. Ümumiyyətlə, baytarlıq çox vacib sahələrdən biri hesab olunur. Çünki sağlam quş, heyvan, qaramal,arı həm də sağlam, keyfiyyətli məhsul deməkdir. Bu sahənin vacibliyi nəzərə alınaraq son illər Naxçıvanda baytarlıq təbabəti ilə bağlı çoxsaylı işlər görülüb, bu sahənin maddi-texniki bazası bir neçə dəfə gücləndirilib, kadr hazırlığı aparılıb. Görülən işlərin davamı kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov fevralın 17-də “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncamdan irəli gələn vəzifələrin və Dövlət Proqramının yerinə yetirilməsi, gələcəkdə muxtar respublikada baytarlıq sahəsində aparılacaq mütərəqqi işlər bilavasitə kənd təsərrüfatının heyvandarlıq kimi əhəmiyyətli sahəsində inqilabi irəliləyişlərə və nəticə etibarilə əhalinin sağlam qida məhsulları ilə tam təmin olunmasına şərait yaradacaqdır.
Beş hissədən ibarət olan Dövlət Proqramının giriş hissəsində bildirilir ki, keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları istehsalında baytarlıq xidmətinin təşkili əsas vəzifələrdəndir. Bu amil nəzərə alınaraq muxtar respublikada baytarlıq xidməti müasir tələblərə uyğun qurulub, maddi-texniki baza möhkəmləndirilib, ixtisaslı kadr hazırlığına başlanıb, kəndlərdə baytarlıq məntəqələrinin fəaliyyəti təmin olunub. Lakin heyvanların, quşların və arı ailələrinin sayının artması, həmçinin muxtar respublikanın yerləşdiyi coğrafi mövqe baytarlıq xidmətinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsini və bu sahə üzrə dövlət proqramının qəbul olunmasını zərurətə çevirib.
Dövlət Proqramının məqsəd və vəzifələri aşağıdakı kimi müəyyənləşib.
-baytarlıq sahəsində dövlət tənzimləməsi, dövlət nəzarəti və əlaqələndirmənin həyata keçirilməsi;
-muxtar respublikada heyvandarlıq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi baxımından qeydiyyata alınması və dövlət reyestrinin aparılması;
-heyvandarlıq təsərrüfatlarında elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqinə nail olunması;
-muxtar respublikada yoluxucu və parazitar xəstəliklərin baş verməsinin qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi;
-heyvan mənşəli qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində məhsulların təhlükəsizliyinin təmin edilməsi;
-məhsuldar heyvan, quş, arı və balıq cinslərinin yetişdirilməsi, onlardan yüksəkkeyfiyyətli məhsul götürülməsi üçün zoobaytar qaydalarına əməl edilməsi;
Qeyd edək ki,bu sahədə mütəxəssislərin hazırlanması, heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması, daxili bazarın keyfiyyətli ekoloji-təmiz heyvandarlıq məhsulları ilə təmin olunması,cins tərkibinin yaxşılaşdırılması hesabına intensiv yolla məhsul istehsalının artırılması Dövlət Proqramının icrasından sonra olan gözləntilərdir. Proqramın əsas məqsədinin fövqündə daxili bazarın keyfiyyətli, ekoloji-təmiz heyvandarlıq məhsulları ilə təmin olunması dayanır ki,buna nail olmaq üçün həyata keçirilməsi zəruri olan tədbirlərin ardıcıllığı 5-ci hissədə dəqiq müəyyənləşib.
Proqramın 5-ci hissəsi “Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planı” adlanır və burada qarşıdakı beş il ərzində yerinə yetirilməsi nəzərdə tutulan 25 maddənin hər biri ayrı-ayrılıqda baytarlıq təbabətinin formalaşmasına xidmət edəcək.
“Heyvanların baş sayı, keçirdiyi xəstəliklər, aparılmış peyvəndləmə tədbirləri, birkalanmış heyvanlar və aid olduğu sahibkar haqqında məlumat bankının yaradılması” maddəsi bu sahədə dəqiq uçotun aparılmasına təminat yaradacaq. Bu işin vaxtında və düzgün aparılması həm xəstəliklərin qarşısının alınmasında, həm də profilaktik tədbirlərin vaxtında həyata keçirilməsində mühüm rol oynayacaq.
“Muxtar respublikada özəl baytarlıq klinikalarının yaradılmasının dəstəklənməsi” yeni-yeni sahibkarların formalaşmasına, baytarlıq xidməti göstərən özəl klinikaların yaradılmasına səbəb olacaqdır.Bu, muxtar respublikada baytarlıq sahəsində alternativ müəssisələrin mövcudluğuna, sağlam rəqabətin inkişafına rəvac verəcəkdir.
Müayinə və analizlərin beynəlxalq standartlara uyğun şəkildə aparılması məqsədilə mövcud baytarlıq laboratoriyalarından səmərəli istifadə etməklə onların maddi-texniki bazasının gücləndirilməsi müasir standartlara cavab verən laboratoriyaların qurulması və işə salınması hesabına həyata keçiriləcəkdir ki,bu da kənd təsərrüfatı heyvanlarında xəstəliklərin vaxtında və düzgün diaqnozla aşkar edilməsinə hesablanmış bir addım hesab edilməlidir.
“Süni mayalanma işinin səmərəliliyinin artırılması məqsədilə keyfiyyətli toxum bankının yaradılması, bu sahə üzrə mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi” maddəsi muxtar respublikada süni mayalanma tədbirlərinin əhatə dairəsinin genişlənməsinə stimul verəcək. Beləliklə, heyvandarlıqda ət və süd istehsalı bir neçə dəfə artacaq. Bu işin səmərəli təşkil olunması üçün əhalinin maarifləndirilməsi də əsas şərtlərdən biridir. Tədbirlər planında heyvandarların maarifləndirilməsi, aid dövlət orqanlarına mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıqlar da verilib.
“Məhsuldarlığı daha da artırmaq məqsədilə müasir standartlara uyğun özəl iri damazlıq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi”, “Heyvandarlıqla məşğul olan sahibkarların bu sahəyə olan marağının artırılması məqsədilə heyvandarlıq məhsullarının tədarükü məntəqələrinin yaradılması” maddələri heyvandarlıq sahəsində yüksək məhsuldarlığın əsası kimi qəbul edilən damazlıq təsərrüfatlarının yaradılmasında mühüm rol oynayacaqdır. Qeyd edək ki, məhsul istehsalı hələ qazanc hesab edilə bilməz. İstehsal olunmuş malın marketinqi və satışı olmasa, o mal əmtəə dəyəri qazana bilməz. Yeni yaradılacaq tədarük məntəqələri isə fermerlərin istehsal etdikləri məhsulun satışının vaxtında həyata keçiriləcəyinə zəmanət verəcək. Beləliklə, istehsalla məşğul olanlar heç tərəddüd etmədən öz işlərini inkişaf etdirməkdə maraqlı olacaqlar.
“Muxtar respublikanın şəhər və rayonlarında özəl ət kəsimi məntəqələrinin yaradılması” maddəsi isə heyvanların yüksək sanitariya şəraitində kəsiləcəyinə və əhali tərəfindən istehlak olunacaq ətin tam sanitar qaydalara cavab verən məntəqələrdən alınacağına təminat verəcəkdir.
“Dövlət büdcəsi vəsaiti hesabına subsidiyaların verilməsi məqsədilə arı ailələrinin (pətəklərinin) identikləşdirilməsinin davam etdirilməsi”, “Yerli arı genefondunun mühafizəsi, arı xəstəliklərinin qarşısının alınması üçün qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı sahibkarlar arasında maarifləndirmə tədbirlərinin aparılması” son dövrlərdə muxtar respublikada inkişaf etməkdə olan bir sahənin – arıçılığın yeni mərhələyə yüksəlməsi ilə bağlıdır. Bu tədbirlərin aparılması arıçılığın kənd təsərrüfatında vacib bir sahə olmasından, eyni zamanda arıçılara olan dövlət qayğısından xəbər verir. Bal, mum,bərəmum, çiçək tozu, “arı südü”, arı zəhəri kimi müxtəlif şəfalı məhsulların qaynağı olan arıçılığın inkişaf etdirilməsi əhalinin təbii arıçılıq məhsullarına olan ehtiyacını daxili bazar vasitəsilə ödənməsinə şərait yaradacaqdır.
“Heyvan mənşəli xəstəliklərin qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin görülməsi, vaksinasiya və laborator analizlərin vaxtında aparılması” maddəsinin əhəmiyyətinə varmazdan əvvəl qeyd etmək yerinə düşərdi ki, xəstəliklər antroponoz (yalnız insana xas olan), zoonoz (yalnız heyvanlara xas olan), antopozoonoz (insana xas olan, amma heyvanlara da keçə bilən) və zooantroponoz (heyvanlar xas olan, amma insanlara da keçə bilən) kimi təsnifat edilə bilər. Heyvan mənşəli xəstəliklərin qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin görülməsi, vaksinasiya və laborator analizlərin vaxtında aparılması şəraitində zoonoz və zooantroponoz xəstəliklərin qarşısını vaxtında almaq mümkün olacaqdır ki, bu da bol və sağlam məhsul istehsalına zəmin yaradacaqdır.
“Baytarlıq təbabətinin müxtəlif sahələri üzrə konfransların keçirilməsi, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin heyvandarlıq təsərrüfatlarında, istehsal və emal sexlərində tətbiqi” maddəsi muxtar respublikada fəaliyyət göstərən AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Dövlət Texniki Kollecinin üzərinə xüsusi vəzifələr qoyur. Məhz elmlə təcrübənin sintezi nəticəsində yeni-yeni nailiyyətlərə imza atılacağını əvvəlcədən müəyyənləşdirmiş olur.
Baytarlıq sahəsində əsas məsələlərdən biri kimi “Baytarlıq preparatlarının, yemlərin və yem əlavələrinin, biostimulyatorların və hormonların təhlükəsizliyinə və keyfiyyətinə nəzarətin təşkili” maddəsinin tədbirlər planında yer alması xüsusilə diqqətəlayiqdir.Çünki dəqiq diaqnoz qoyulduqda belə keyfiyyətsiz dərman preparatları ilə müalicə boşuna vaxt itkisindən başqa bir şey deyildir. Yemlərin, yem əlavələrinin, bir sözlə, heyvanlara qəbul etdirilən hər bir maddənin keyfiyyətli olması şəraitində yüksək nəticələr əldə etmək mümkündür.
Heyvandarlıqla məşğul olan fermerlərin əsas işlərindən biri də məhsul istehsal etdiyi ərazinin ekoloji təmizliyinə riayət etmək olmalıdır. Bu baxımdan “Heyvandarlıq binalarının yerləşdiyi ərazilərdə, yaylaqlarda zoobaytarlıq və zoogigiyenik tədbirlərin vaxtında və düzgün həyata keçirilməsinə, yaylaq mövsümünün bitməsi ilə əlaqədar oba yerlərinin ekoloji təmizliyinə nəzarətin təşkili” maddəsi xüsusi önəm daşıyır.
Sonda qeyd edək ki, hazırda Babək rayonunda 15 mindən yuxarı iribuynuzlu, 143 minə yaxın xırdabuynuzlu heyvan, 330 minə yaxın quş, 15 minə yaxın arı ailəsi saxlanılır. Qəbul olunan Dövlət Proqramı Babək rayonundan olan heyvandarlar üçün də yeni istiqamətlər müəyyənləşdirir və nəzərdə tutulan tədbirlər onlara göstərilən dövlət qayğısının daha bir ifadəsidir. Bu mühüm dövlət sənədi heyvandarlıqda istehsalın, məhsuldarlığın və özəl bölmənin çəkisinin artmasına, eləcə də kadr hazırlığının yeni mərhələdə aparılmasına töhfə verəcək.
Natiq MƏMMƏDOV,
ziyalı
“Şərqin səhəri”qəzeti