Alma ağaclarının budanması və çətirin aşağı salınması qaydaları

A- A A+

Qədim bağçılıq ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikasında almanın pomoloji xüsusiyyətlərinə görə fərqlənən 100-dən  çox sort və formalarının becərildiyi müəyyən edilib. Yüksək və keyfiyyətli meyvə əldə etmək üçün  isə alma ağaclarının budanması və çətirinin aşağı salınması əsas aqrotexniki tədbirlər hesab edilir. Ağaclarının budanması və çətirinin aşağı salınmasında məqsəd meyvə bağlarında cərgələr arasında kənd təsərrüfatı texnikasının asan işləməsini təmin etməkdən, ağaclara qulluq işlərini və məhsul verməni nizamlamaqdan, il aşırı məhsul verməni ləğv etməkdən, çətirə hər tərəfdən günəş işığının düşməsini təmin etməkdən ibarətdir. Məhsuldarlığı artırmaq üçün budanmanın düzgün aparılması əsas şərtdir. Keyfiyyətsiz aparılmış budama həm cari, həm də gələcək illərin məhsulunda azalmaya səbəb olur. Qeyd edək ki, budama zamanı ağacların yaşı, sortun xüsusiyyətləri nəzərə alınmalıdır.  Müşahidələrimiz göstərdi ki, muxtar respublikanın mövcud alma bağlarında və fərdi həyətyanı sahələrində budama işləri aparılmayıb, təsərrüfat sahibləri yalnız ağacın çətirinin quru və xəstə budaqlarının kəsilməsi ilə kifayətləniblər.

Son illərdə muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun olan, yüksək məhsuldar, xəstəliklərə və zərərvericilərə, xüsusən yaz şaxtalarına davamlı almanın sort və formalarının AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Alma genofondu-Kolleksiya bağı”nda toplanılmasına nail olunub. Həmin bağda sortlar üzərində budama və çətirinin aşağı salınması tədbirlərinin həyata keçirilməsi ağaclara qulluq işlərini asanlaşdırmaqla yanaşı, həm də məhsuldarlığın artmasına zəmin yaradıb.

Budama ilə çətirə münasib formanın verilməsi cavan və həmçinin baxımsız qalmış, yaşlı ağaclarda həyata keçirilir. Formavermə qurtardıqda dar çətirli Şax alma, Zolaqlı alma, Heyva alma, Starkrımson, Vaqner Prizavoy, Qışlıq qızıl parmen kimi sortların cavan ağaclarında çətirin eni 1,3 m, enli çətirə malik olan Tabaq alma, Toz alma, Gəlin alma, Banan sortu, Xumar alma, Smirenko reneti, Daş alma, Cəfəri, Loğazbəyi, Qolden Deliçes sortlarında isə 1,5 m saxlanılmalıdır.

Təkrar budama (formavermə) 3 ildən, alma ağacları məhsula düşdükdən sonra yenidən aparılmalıdır. Çətir ölçüsünü əlverişli həddə saxlamaq üçün budaqlar ikinci dəfə birinci budama yerindən 10-15 sm aralı məsafədə üst və alt hissədən kəsilməlidir.

Formavermə qurtardıqdan  sonra budanmış ağaclarda çətirin eni 1,8-2 m olmalıdır. Bəzi budaqlarda budama işlərinin aparılması lazım gəlmir. Formavermədən sonra ağaclarda çətirdən az miqdarda lazımsız zoğ və cavan budaqlar çıxır. Bu zaman çətrin hər iki, həm cərgəarası və həm də bitki arası tərəfi budanmalıdır.   

Formavermədən sonra ağaclarda çətirdən az miqdarda lazımsız zoğ və cavan budaqlar çıxır. Bu zaman çətrin hər iki, həm cərgəarası və həm də bitki arası tərəfi budanmalıdır. Qeyd etmək lazımdır ki, forma verilməmiş ağacların məhsuldan qalmaması və onlarda çoxlu boy zoğunun əmələ gəlməməsi üçün budanma işləri belə ağaclarda birinci il çətirin bir, növbəti il isə o biri tərəfində aparılmalıdır. Muxtar respublika ərazisində, o cümlədən kolleksiya bağında aparılmış təcrübə işləri göstərdi ki, cavan ağaclarda çoxlu zoğun əmələ gəlməməsi üçün budama orta dərəcədə bağ qayçısı ilə müntəzəm aparılmalıdır. Bu cür budanmış ağacların çətirində işıqlanma normal olur.

Müəyyən etmişik ki, alma bağlarında sərbəst böyüyən ağacların hündürlüyü 4-5 m-ə çatır. Belə bağlarda ağacların budanmasını, meyvənin dərilməsini və qulluq işlərini asanlaşdırmaq, zərərverici və xəstəliklərə qarşı effektli mübarizə aparmaq, çətiri bol günəş işığı ilə təmin etmək məqsədilə onun aşağı salınması kimi vacıb aqrotexniki tədbir həyata keçirilməlidir.

Ağacın çətiri aşağı salındıqda onun içəri hissəsi günəş işığı ilə daha yaxşı təmin olunduğuna görə meyvə budaqcıqları sağlam və uzunömürlü olur. Bu zaman meyvə budaqlarında çılpaqlaşmanın (meyvə budaqcıqlarının vaxtından tez quruyub sıradan çıxması) qarşısı alınır. Təcrübə göstərir ki, intensiv tipli meyvə bağlarında ağacın hündürlüyü 3 m-dən çox olmamalıdır.

Çətir aşağı salınmamışdan əvvəl ağacda formavermə aparılmalıdır. Bunun üçün ilk növbədə ağacın boy davam etdirici şah budağı yana tərəf böyüyən nisbətən zəif bir budaqla əvəz edilir. Bu cür əməliyyat aparılmayan ağaclarda mərkəzi şah budaq yerdən 1,6-2,2 m hündürlükdə geniş bucaqla ayrılan budağın üstündən mişarla kəsilir. Şah budaq böyükdürsə, onu iki dəfəyə, əvvəlcə aşağıdan, sonra 15 sm ara buraxıb yuxarıdan birinci kəsimin əks tərəfindən, birinci kəsimin bərabərinə çatana kimi kəsilir. Mərkəzi şah budağı kəsib götürdükdən sonra çətirin üst hissəsində yana böyüyən budaqların üstündəki şaquli böyüyən zoğ və budaqlar budanır, meyvə budaqlarında çevirmələr (münasib istiqamət vermə işləri) aparılır. Ağacda hər iki əməliyyat eyni ildə görülməməlidir. Birinci il mərkəzi şah budaq kəsilməli, gələn il isə çevirmələr həyata keçirilməlidir.

Təcrübə göstərir ki, çətirin aşağı salınması əməliyyatı alma ağacları üç dəfə məhsul verdikdən sonra aparılmalıdır. Bu əməliyyatı ağaclar məhsula düşməmiş apardıqda onlar zoğ verməyə keçirlər. Əgər bağlarda aqrotexniki qulluq işləri lazımi qaydada aparılırsa, çətiri məhsul ilində də aşağı salmaq olar. Birinci dəfə aşağı saldıqdan sonra çətirin əvvəlki səviyyəsini, yəni 3 m hündürlüyünü saxlamaq üçün üç ildən sonra onu təkrar aşağı salmaq lazımdır. Çətir üst hissəsindən bağ qayçısı və mişarla budama aparmaqla aşağı salınır. Birinci dəfəyə nisbətən çətiri ikinci dəfə budaq az olduğundan aşağı salmaq daha asan olur. Yuxarıda qeyd edilən budama əməliyyatlarını düzgün və vaxtında aparmaqla çətirin hündürlüyünü məhdudlaşlırmaq mümkündür.  Aqrotexniki işlər 7-8 illik və daha yaşlı, çox budaqlanma qabiliyyətinə malik olmayan çətirli sortlardan Şax alma, Zolaqlı alma, Heyva alma, Şampan reneti, Kanada reneti, orta budaqlanan yığcam çətirli sortlardan Cənnət alma, Cəfəri, Mehdi cırı, Cır Hacı, Napaleon sortu, çox budaqlanan geniş çətirli Tabaq alma, Toz alma, Sarı-turş, Smirenko reneti, Ağ Rozmarin sortları üzərində yerinə yetirilibdir. Bu sınaqlarda budama dərəcələrinin ağacın sağlamlığına, məhsuluna və onun cavanlaşmasına təsiri nəzarət ağaclarla müqayisə edilibdir.

Normal budanan (çox budanmayan) ağaclar yaxşı boy atdığına görə növbəti  ildə bol məhsul vermiş, hər hektardan nəzarət ağaclarına nisbətən 20 sentner, yaxud hər ağacdan 20 kq artıq məhsul alınıbdır. Kəskin budanmış (çoxillik budaqlarda qısaltma) ağaclar  isə nəzarət ağaclarına nisbətən 50-54% yüksək məhsul veribdir

Belə bir nəticəyə gəlmişik ki, ağacların bu yaş dövründə az budaqlanma qabliyyətinə malik olan Kanada reneti, Şampan reneti, Şax alma, Zolaqlı alma kimi sortlardan yüksək məhsul almaq üçün onlarda kəskin budama əməliyyatı  aparılmalıdır.

Meyvə bağlarında aparılan təcrübələrimizə əsasən məhsula tam düşmüş alma ağaclarının vəziyyətini nəzərə almaqla onların aşağıdakı qaydada budanması məsləhət görülür:

- Ağacların skelet və yarımskelet budaqlarını tədricən qısaldaraq onları cavanlaşdırmalı;

- Skelet budaqlarının ucunu qısaldaraq onların növbə ilə əmələ gələn budaqlarına düzgün istiqamət verməli;

- Çətiri seyrəltməli, aralıq, yarımskelet budaqları qısaltmaqla onları çətirdə bir bərabərdə yerləşdirməli;

- Su pöhrələrini vaxtında qısaldaraq onların meyvə budağına çevrilməsinə kömək etməli.

Ümumiyyətlə, ağacın yaşı artdıqca onu kəskin budamaq lazımdır ki, çətir həddindən artıq genişlənməsin və çox hündür olmasın. Ağacda cavan budaqları həmişə yaratmaq, yarımskelet budaqlara münasib istiqamət vermək lazımdır. Bu budaqlarda cavan meyvə budaqlarının yaranmasına şərait yaradılmalıdır.

Bayramov Loğman

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu

Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: