Muzeylərdə qorunan etnoqrafiya nümunələri

A- A A+

Muzeylər hər bir xaqın maddi-mənəvi xəzinəsi hesab edilməklə yanaşı, tarixin müəyyən məqamlarını özündə yaşadan, eksponatları komplekləşdirən, saxlayan, öyrənən və nümayiş etdirən elm-maarif müəssisələridir.

Zaman ötdükcə muzeydə saxlanılan və əski çağlara məxsus həmin əşyaların bir çoxunun istifadə zərurəti qalmayıb, gündəlik məişətimizdən çıxıb, unudulmağa üz qoyubdur.  Müasir dövrdə yaşayan hər kəs üçün ulularının həyat tərzi, onların istifadə etdikləri bir çox əşyalar haqqında məlumat əldə etmək istəyi böyükdür.

Dibək daşı: Ev məişətində tez-tez təsadüf edilən dibək nisbətən bərk daş növündən yonulub hazırlanırdı. Dibək daşı forma etibarı ilə su daşını xatırlatsa da, ondan xeyli kiçik olurdu. Dibəyin müxtəlif ölçülü növləri fərqli məqsədlərlə istifadə olunubdur. Onun kiçik ölçülü növü əzmə məqsədi ilə həvəng kimi işlənib. Bu halda ona daş və ya ağacdan “dəstək” əlavə edilirdi. Belə halda o, “həvəng-dəstək” adlanırdı. Dibəyin böyük ölçülü növü “dibçək” adlanmaqla yalaq, yaxud ev quşları üçün su qabı kimi işlənirdi.

Dən daşı: Ənənəvi daş məmulatları arasında dən əzmə və dən üyütmə vasitələri xüsusi yer tuturdu. Keçmiş ev məişətində daş məmulatının bu növünə, demək olar ki, bütün ailələrdə rast gəlinirdi. Kütləvi məişət aləti sayılan kirkirə forma və quruluş etibarı ilə başlıca dənüyütmə vasitəsi olan dəyirman daşı ilə eyni idi. Əslində tipoloji baxımdan dəyirman daşı kirkirədən törəmə olub onun davamı kimi meydana gəlib. Təsadüfi deyil ki, köçəbə məişətində un hasil etmək üçün başlıca üyütmə vasitəsi olduğundan çox vaxt kirkirə (əl dəyirmanı) adlanırdı. Bu fakt bir daha onların arasında mənşə əlaqəsindən soraq verir. Kirkirə və dəyirman daşları yalnız ölçülərinə görə bir-birindən fərqlənirdi. Bunların hər ikisi girdə və yastı formada olub ortası oyuq şəkildə yonulub düzəldilirdi. Bundan əlavə, kirkirəni fırladan dəstək dəyirman daşında təvərənin köməyi ilə üst daşını fırladan mərkəzi oxa çevrilibdir. İşləmə qaydasına görə, həm kirkirə, həm də dəyirman daşının alt daşı sabit qalırdı. Bütün bu xüsusiyyətlər dəyirman daşının tipoloji cəhətdən kirkirədən törəndiyi və onun tipoloji davamı olduğuna dəlalət edir. Azərbaycanın bir sıra bölgələrində daşdan “girgino” adlanan yuvarlaq formalı damdaşı və xırmandaşı düzəldilməsi ənənəsi yaxın keçmişədək davam etməkdə idi. Daş mədənlərinə yaxın olan kəndlərdə daşdan, həmçinin, hovuz, nov, novça (şırdan), axur, qıstab və s. hazırlandığı qeydə alınıbdır.

Carcar: Taxılın döyülməsində istifadə edilən ənənəvi əmək alətlərindən biri də carcar olubdur. Muxtar respublikamızın bir çox bölgəsi kimi Kəngərli rayonu ərazisində tapılmış carcar da üç əsas hissədən: çərçivə, pərli ox və oturacaqdan ibarət olmaqla düzəldilirdi. Dördbucaqlı formada olan carcar çərçivəsinin ortasına pərli ox keçirilirdi. Carcarın eni 1 metr, uzunu 2-2,5 metr olurdu. Carcar xırmanda bir boyun qoşqu qüvvəsi vasitəsilə hərəkət etdirilirdi. Carcar hərəkət etdikcə ox fırlanır və dəmir dişlər küləşi doğrayıb əzirdi. Lakin carcar vasitəsilə sünbüllər kifayət qədər əzilmədiyindən onların bir qismi “diri” qalırdı. Ona görə də, taxıl sünbülü xırdalanıb “dənə düşəndən” sonra, çox vaxt carcardan sonra xırmanda ağac vəl sürülürdü. Xırmanda taxıl döyümü zamanı ağac, yaba, şana, kürək, xəlbir, şadara, hövsər və başqa əmək alət və vasitələrindən istifadə edilirdi.

Xörək güvəci (çölmək): Qazan kimi istifadə olunan xörək güvəcində ən çox bozbaş, fisincan bişirilərdi. Bəzən onda səbziqovurma, hətta dəmyəçilov da bişirilərdi. Naxçıvan bölgəsində xörək güvəci “çölmək”, Qərbi Azərbaycanda isə “qazan” və ya “tava” adlanırdı.

Nehrə: Muxtar respublikamızda, qədimdə yağ hasil etmək üçün saxsı nehrələrə üstünlük verilibdir. Erkən tunc dövründən bəlli olan saxsı nehrələr çox böyük təkamül yolu keçib. Saxsı nehrələrin boğazdan azacıq aşağı hissəsində üfüqi vəziyyətdə yerləşən qulpu, onun altında isə yağ çalxama prosesində yaranmış qazlı havanın çıxması üçün 1 santimetr diametrdə kiçik deşik qoyulurdu. Saxsı nehrələr xüsusilə oturaq maldarların məişətində geniş yer tutub.

Teşt: Böyük və kiçik ölçüdə iki cür hazırlanan teştin böyüyündə çimmək üçün istifadə edilir, paltar yuyulur, kiçiklərində isə ziyafət məclislərində ətli xörəklər bişirilirdi və buna “ləyən” də deyilirdi.  

Ata-babalarımızın vaxtilə istifadə etdiyi bu məişət alətləri indi istifadə olunmasa da, onlar muzeylərdə qorunub saxlanılır və gələcək nəsillərə çatdırılır.

“Yeni həyat”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: