Ulu öndər Heydər Əliyev Ordubadı “Azərbaycanın incisi” adlandırıb. Bu diyar tarixi abidələri, milli memarlıq nümunələri ilə tanınır. Şəhərin memarlıq quruluşu XVII əsrdə necəydisə, indi də özünün tarixiliyini saxlayıb. Ordubadı səciyyələrindən onun köhnə məhəllələridir. Sərşəhər məhəlləsi, Ambaras məhəlləsi, Mingis, Üçtürləngə, Peci, Qarahovuz, Qaraçanaq, Qoşqar və sairə. Hər bir məhəllənin isə öz meydanı, məscidi, çinar ağacları, çərhovuzu, çeşməsi var. Ordubadı tanıdan təkcə qədimiliyi, memarlığı deyil. Buranın yerləşdiyi ərazi qeyri-adi olduğu üçün, meyvələri də çox dadlı olur. Yəqin ki, çoxları Ordubadın quru meyvələrinin dadına baxıb və ləzzətini bilir. Ordubadın limonunu isə xüsusi qeyd etmək lazımdır. Çünki limonun özəllikləri tamamən fərqlidir. Bu limonu qabıqlı yesən də nə ağız büzür, nə də təzyiqə güclü təsir edir. Ordubadda demək olar ki, hər həyətdə limon yetişdirilir. Aşağı Əndəmic kənd icra nümayəndəsi Hikmət Nəsirov deyir ki, Ordubad limonu çox qədim zamanlardan ev şəraitində yetişdirilib. Limon ağacı dibçəklərdə əkilir. Dibçəklərin qoyulduğu yer nə çox günəşli, nə də çox kölgəli olmalıdır. Yayda hər gün sulanmalıdır. O, deyir ki, limon istixana şəraitində də yetişdirilir. Fərqi də ki, əsasən bu limonun dadında, vitaminlərlə zəngin olmasındadır. Ordubad limonu vitaminlərlə zəngindir. Bir də bu limonun müəyyən sortları var ki, yalnız Ordubadda yetişdirilir. Muxtar respublikamızın iqlim şəraitində qış mövsümündə limon ağaclarını açıq havada saxlamaq mümkün deyil. Odur ki, qışda ya evlərin zirzəmisində, ya da xüsusi istixanalarda saxlanılır. Limon saxlanılan yerlərin işıqlanması da normal səviyyədə olmalıdır. Çünki işıq və istilik olmazsa ağac yarpaqlarını tökə bilər. Qışda limon ağacları ev şəraitində həftədə bir dəfə sulanmalıdır. Ordubadda qədimdən qalma bir inanc var ki, o da limona öz sahibindən başqa yad adam əlini vursa limon ağacı küsər. İndi də bizdə bu inanc qorunub saxlanılmaqdadır. Kimsə limon almaq istəsə yad adam dərmək istəsə limon becərən ev sahibi icazə verməz. Evdə də neçə ailə üzvü varsa onlardan yalnız bir nəfər dərə bilər.
Ordubad mətbəxinin nümunələrini isə başqa heç yerdə dadmaq mümkün deyil. Onları hazırlamağın qaydasını isə yalnız ordubadlılar bilir. Həmin dadı əldə etmək isə ustalıq tələb edir. Elə Ordubad qayğanağını götürək. Adı sadə görünsə də, hazırlanması çox çətindir. Təsəvvür edin ki, onun hazırlanmasına nə az, nə çox, düz iki kiloqram əridilmiş kərə yağı, 18 yumurta, 1 stəkan baldan hazırlanmış şirə lazımdır. Ordubadın məşhur aşpazlarından Asiman usta deyir ki, bu qayğanaqdan səhər bir dilim yesən axşamadək aclıq hiss etmirsən. Qədim tarixi və müasir tikililəri ilə göz oxşayır Ordubad. Bir yol buralara ayaq qoyanlar geri qayıtmaq istəmir. Hər addımda tarix, hər addımda millik qorunur. Tarixi evlərin qalıqlarına, köhnə qapılara, darvazalara, yeraltı çeşmələrə, indi də görəni təəccübləndirən taqqılbablara, zəncirbablara ancaq burada rast gəlmək olur. Odur ki, həm təbiətində dincəlmək, həm də ağız dadını dəyişmək istəyənlər üçün Ordubad ən gözəl seçimdir.
Aygün Həsənova
“El həyatı”qəzeti