2020-ci ilin yaz suvarma mövsümünü mütəşəkkil təşkil etmək məqsədilə Babək rayonunda su anbarlarına suyun yığılmasına başlanılıb, kanallarda, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri aparılıb.
Bu məqsədlə ötən ay ərzində 3,2 kilometr ara arxlar, 1 kilometr kollektor lildən təmizlənib, 630 metr yeni açıq drenaj kanalı qazılıb. Həmçinin, 41,6 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb, Sağ Sahil magistral kanalında təmir işləri davam etdirilib. Hazırda rayon ərazisindəki su anbarlarında 32 milyon kubmetr su ehtiyatı vardır.
Ötən ay torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün Cəhriçay vadisində 420 metr istiqamətləndirici bənd tikilib. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində isə 700 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 8,5 kilometr paylayıcı boru xətti quraşdırılıb, 45 hidrant hovuzu tikilib.
Melioratorlar tərəfindən əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün mövcud içməli su xətlərində təmir işləri davam etdirilib, 1 subartezian quyusu balansa götürülüb.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və
Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti
“Şərqin səhəri” qəzeti