Naxçıvan Dövlət Universiteti ilə tanışlıq qonaqlarda yüksək təəssürat yaradıb - FOTOLAR

A- A A+

Azərbaycan ali təhsil müəssisələrinin - Azərbaycan, Xəzər, Pedaqoji, Bakı Slavyan, Azərbaycan Dillər, Gəncə, Sumqayıt Dövlət universitetlərinin nümayəndə heyəti və İspaniyanın Valensiya Politexnik Universitetindən Elena de la Poza Naxçıvan Dövlət Universiteti ilə tanış olub.

NUHÇIXAN xəbər verir ki, qonaqlar universitetin maddi-texniki bazası, İKT, Media, Distant Təlim, Koreya mərkəzləri ilə tanış olub, yaradılan təhsil şəraitinin müasir tələblərə cavab verdiyini vurğulayıblar.

Universitetin İngilis dili və tərcümə kafedrasının müəllimi Aidə Cəlilzadənin dərsində iştirak edən qonaqlar qeyd ediblər ki, Naxçıvan Dövlət Universitetində tədris yüksək peşəkarlıqla həyat keçirilir.

Nümayəndə heyəti Duzdağ Fizioterapiya Mərkəzində də olublar. Burada bildirilib ki, yer altındakı duz dağının qalınlığı 8,2 metrə bərabər olan mərkəzdə oksigen və zəngin duz minerallarının yaratdığı hava bir çox xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Duz layları arasında oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Havanın temperaturu isə sabitdir – 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanış olan qonaqlar Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın istehsal potensialı və burada istehsal edilən məhsullar barədə ətraflı məlumat alıblar.

Sirli-sehrli, möcüzəvi Əshabi-Kəhf ziyarətgahında olan qonaqlara bildirilib ki, paklığın, müqəddəsliyin rəmzi sayılan ziyarətgah min illərdir ki, bəşər övladını öz ətrafına toplayır. Min illərin sirrini, möcüzələrini özündə saxlayan bu qocaman dağ qeyri-adi və nəhəng mağaraları ilə sanki insanı öz ağuşuna alır. Bura dünyanın dörd bir yanından turistlər gəlir, bunun da səbəbi ziyarətgahın qədimliyi ilə yanaşı, həm də adının müqəddəs kitabımız “Qurani-Kərim”də çəkilməsidir.

Ziyarətgahdakı məscidin qarşısındakı “qara daş” qonaqların diqqətini cəlb edib. Qeyd edilib ki, daşın nə zamandan burada mövcud olması barədə dəqiq məlumat yoxdur. Bura ayaq basan hər bir ziyarətçi həmin daşa toxunur, onun ətrafında dövr edir, niyyət tutur. Beləliklə də, onlar tutduqları niyyətlərin qəbul olunacağına inanırlar. Məscidin yuxarı tərəfində yerləşən “Damcıxana” açıq salonu xatırladır. İnsanlar daşların üzərində dayanaraq, ya da əyləşərək ürəklərində niyyət tutub gözləyirlər. Damcının başa və ya çiyinə düşməsi niyyətin tez, bədənin hər hansı bir yerinə düşməsi isə nisbətən gec hasil olacağına inam yaradır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: