Rayonlarda muzeylər ziyarət olunub - FOTOLAR
Muzeylər tariximizi öyrənmək üçün ən yaxşı vasitədir. Elə bu məqsədlə muxtar respublikanın rayonlarında fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri muzeyləri ziyarət ediblər.
NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun idarə, müəssisə və təşkilatlarının kollektivləri Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyində və Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar. Xatirə Muzeyində olan kollektivə məlumat verilib ki, burada görkəmli Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadəyə aid sənəd, foto materiallar və şəxsi əşyalar nümayiş etdirilir.
Ordubad rayonunun idarə, müəssisə və təşkilatlarının kollektivləri də rayonda fəaliyyət göstərən bir sıra muzeyləri ziyarət ediblər.
Məmməd Səid Ordubadinin ev muzeyi ilə tanışlıq zamanı ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, xatirə əşyaları, portretlər, məktub və əlyazmalar, eyni zamanda digər əşyalar maraq doğurub.
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində olan kollektivə məlumat verilib ki, muzey XVII əsrə aid ölkə əhəmiyyətli Qeysəriyyə memarlıq abidəsində yerləşir.
Culfa rayon idarə, müəssisə və təşkilatlarının kollektivləri Tarix Diyarşünaslıq Muzeyində olublar. Məlumat verilib ki, muzeydə arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri, eramızdan əvvəl III-I minilliyə aid tapıntılar mövcuddur.
Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində olan rayonun idarə, müəssisə və təşkilatların kollektivləri burada rayonun tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olublar.
Şahbuz rayon idarə, müəssisə və təşkilatların kollektivləri Nursu kəndində görkəmli sənətkar, xalq şairi Məmməd Arazın Ev Muzeyi və Rayon Tarix Diyarşünaslıq Muzeyində olublar. Xalq şairi Məmməd Arazın ev muzeyində şairin müxtəlif illərdə nəşr olunan, eləcə də görkəmli söz ustasının həyat və yaradıcılığından bəhs edən kitablar, mənalı həyat yolunun müxtəlif dövlərini əks etdirən foto şəkillər iştirakçılarda böyük maraq doğurub.
Sədərək rayon idarə və müəssisələrin kollektivləri Rayon Tarix Diyarşünaslıq muzeyini ziyarət ediblər.
Nurlan Sadiqov