Yerli özünüidarə orqanlarının fəaliyyəti diqqət mərkəzindədir

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ordubad rayonunda yeni formalaşan bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi ilə əlaqədar seminar keçirilib. Seminarda Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən “Bələdiyyə fəaliyyətinin təşkili ilə bağlı qanunverciliyin tələbləri”, “Yerli özünüidarənin hüquqi təminatları, bələdiyyə üzvünün hüquq və vəzifələri” və “Bələdiyyə əmlakının idarə olunması ilə bağlı qanunverciliyin tələbləri və yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət” mövzularında çıxışlar edilib.

Seminarda vurğulanıb ki, bələdiyyə fəaliyyətini tənzimləyən qanunvericilik aktları öyrənilməli və qəbul edilən bələdiyyə qərarları normativ hüququn tələblərinə zidd olmamalıdır. Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Muxtar respublikada aparılan hərtərəfli abadlıq və quruculuq işləri çərçivəsində muxtar respublikanın bələdiyyələrinin də müasir iş şəraiti ilə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Ona görə də bələdiyyə üzvləri və qulluqçuları yerli əhəmiyyətli məsələlərin həllində işgüzarlığı daha da  gücləndirməli və öz vəzifələrini  daha səmərəli yerinə yetirməlidirlər.  

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları barədə seminar iştirakçılarına ətraflı məlumat verilib. Qeyd olunub ki, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı ilə həyata keçirilir.

Tədbirin sonunda nazirliyin  əməkdaşları tərəfindən bələdiyyə üzvlərinə kargüzarlıq sahəsində metodik köməklik göstərilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: