Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür

A- A A+

Yaşadığımız dünya müxtəlif və rəngarəng səslərlə doludur. Onların arasında həzz gətirəni, sakitlik bəxş edəni də, sevinc hissi oyadanı, həyəcan yaradanı da var. Təəssüf ki, heç də hamı səslərin müxtəlifliyini eşidə bilmir. Dünya Səhiyyə Təşkilatı ictimai diqqəti eşitmə orqanlarının fəaliyyətindən əziyyət çəkənlərin probleminə yönəltmək üçün xüsusi bir gün təsis edib.

NUHÇIXAN xəbər verir ki, hər il martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günü qeyd edilir. Bu gün 2007-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən qulaq və eşitmə qabiliyyətinin qorunması məqsədilə təsis edilib. Həmin günün seçilməsi də məhz simvolik xarakter daşıyır. Məsələ burasındadır ki, 3 rəqəminin yazılışı da insan qulağının formasına bənzəyir.

Eşitmə qabiliyyətinin itirilməsi dünyada əlilliyin yayılmış sensonevral forması hesab edilir. Aparılan statistikaya görə, dünyada karlıqdan və eşitmə pozulmalarından təxminən 360 milyon nəfər əziyyət çəkir.

Karlıq və pis eşitmənin əsas səbəbi genetik faktor, qulağın xroniki infeksiyaları, bir sıra xəstəliklər - məxmərək, qızılca, yoluxucu parotit, meningit, həmçinin bəzi dərman preparatlarının və ətraf mühitin zərərli amillərinin təsiri, ilk növbədə, gur səslənmədir. Həkimlərin rəyinə əsasən həmin səbəblərdən baş verən karlıq və pis eşitmənin yarısını aradan qaldrımaq mümkündür. Qabaqlayıcı tədbirlər sırasına əhalinin immunizasiyası, ana və uşağın sağlamlığının qorunması, əmək gigiyenasının tələblərinə əməl olunması daxildir.

Dünya Səhiyyə Təşkilatının apardığı qiymətləndirməyə görə, dünyada 1,1 milyard gənc təhlükəli dinləmə vərdişinə görə eşitmənin itirilməsi ilə əlaqədar risk daşıyırlar. Yaşı 12-35 arasında olan 43 milyondan çox insanın müxtəlif səbəblər üzündən eşitməni itirməsi onların əlilliyinə səbəb olub. Ona görə də təşkilat gəncləri və onların ailələrini sonralar eşitmənin pozulmasına aparıb çıxaran güclü səs-küydən uzaq olmağa və dövlətləri həmin problemin qarşısını almaq üçün diqqətli olmağa çağırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: