Ötən il 49 şagird ölkə və beynəlxalq səviyyəli yarışların qalibi olub - FOTOLAR

A- A A+

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində ölkə və beynəlxalq səviyyəli idman yarışlarında fərqlənən şagirdlərin və onların məşqçi-müəllimlərinin mükfatlandırılması mərasimi olub.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada idmanın inkişafı istiqamətində yaradılan əlverişli şəraitin və federasiyaların fəaliyyətinin nəticəsidir ki, şagirdlər nəinki muxtar respublika səviyyəli, eyni zamanda ölkə və beynəlxalq səviyyəli idman yarışlarında da fəal iştirak edir və yüksək nəticələr qazanırlar. 2019-cu ildə muxtar respublika məktəblilərindən 21 nəfəri birinci, 9 nəfəri ikinci, 19 nəfəri üçüncü yer olmaqla 49 şagird ölkə və beynəlxalq səviyyəli yarışların qalibi olub.

Təhsil naziri ölkə və beynəlxalq səviyyəli idman yarışlarında fərqlənən şagirdləri və onların məşqçilərini təbrik edib, muxtar respublikada idmanın və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə bütün təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.

“Hər il idmançılarımızın qazandıqları medalların sayında müsbət dinamika müşahidə edilir” deyən Gənclər və İdman naziri Azad Cabbarov həm gənclər, həm də yeniyetmələr arasında keçirilən bütün yarışlarda qazanılan nailiyyətlərdən danışıb. Nazir bildirib ki,  ötən il muxtar respublika idmançıları dünya çempionatlarında 5, Avropa çempinoatlarındə 20, beynəlxalq turnirlərdə 165, Azərbaycan birinciliklərində 179 medal olmaqla, ümumilikdə 369 medal qazanıblar.

Sonra Ordubad Rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru Elşən Əliyev və Şərur Rayon Uşaq-Gənclər İdman Məktəbinin ağır atletika dərnəyinin üzvü Gülcahan Əliyeva çıxış edərək əldə etdikləri uğurların muxtar respublikada idman sahəsində yaradılan şərait hesabına olduğunu bildiriblər.

Tədbirdə ölkə və beynəlxalq səviyyəli idman yarışlarında fərqlənən şagirdlərə və onların məşqçi-müəllimlərinə diplom və hədiyyələr təqdim edilib.

Tədbirdə Naxçıvan Dövlət Televiziyasının hazırladığı Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına həsr edilmiş sənədli film nümayiş etdirilib, Naxçıvan Dövlət Uşaq Teatrının vətənpərvərlik mövzusunda hazırladığı “Unutmamalıyıq” adlı səhnəciyə baxış olub.

Əbülfəz Düyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: