NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şahbuz rayonunda əhalinin maarifləndirilməsi məqsədi ilə yaşayış məntəqələrində maarifləndirici tədbirlərə başlayıb.
Mədəniyyət sarayında keçirilən tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev son dövrlərdə rayonda icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər barədə məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş məsləhətçi-hüquqşünası Taleh Bağırov bildirib ki, 2020-ci ilin yanvar ayının 1-dən hər adambaşına dövlət vəsaiti hesabına 90 manat məbləğində icbari tibbi sığorta haqqı ayrılıb. Yalnız rəsmi gəliri olan şəxslərin maaşından 2020-ci ilin aprelin 1-dən etibarən icbari tibbi sığorta haqqı tutulacaq, işləməyən və rəsmi gəliri olmayan şəxslər isə icbari tibbi sığorta haqqı ödəməyəcək. Buna baxmayaraq bu şəxslər xidmətlər zərfinə daxil olan bütün xidmətlərdən istifadə edə biləcəklər. Bildirilib ki, agentliyin its.naxcivan.az internet saytı yaradılıb. Əlavə məlumatları buradan əldə etmək olar.
Tədbirdə slaydlar vasitəsi ilə iştirakçılara geniş məlumatlar verilib, maraqlandırılan suallar cavablandırılıb.
Qeyd edək ki, həmin gün rayonun Mahmudoba və Qızıl Qışlaq kəndlərində də maarifləndirici tədbirlər keçirilib, Nurs, Kükü, Güney Qışlaq kəndlərinin sakinləri də iştirak edib. Maarifləndirici tədbirlərin rayonda digər yaşayış məntəqələrində də davam etdirilməsi nəzərdə tutulub.
Novruz Məmmədov