Naxçıvan şəhərində 10 mindən artıq uşaq, yeniyetmə və gənc idmanla məşğul olur - FOTOLAR

A- A A+

Böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin olunması üçün yaradılan şərait muxtar respublikada idmanın kütləviliyinə, həmçinin beynəlxalq və ölkə əhəmiyyətli yarışların keçirilməsinə zəmin yaradıb.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Naxçıvan  Şəhər İcra Hakimiyyətində Bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı keçirilən müşavirədə  Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov bildirib. İcra başçısı qeyd edib ki, Naxçıvan şəhərində uşaq və gənclərin idmanla məşğul olması, onların müxtəlif səviyyəli turnir və yarışlarda iştirak etməsi üçün hərtərəfli şərait yaradılıb. Bu gün Naxçıvan şəhərində 4 idman müəssisəsi, 1 Olimpiya İdman Kompleksi, 1 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 1 Atıcılıq Mərkəzi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Naxçıvan Muxtar Respublikası Stadionu, 14 süni örtüklü mini futbol meydançası, 29 idman zalı, 12 trenajor zalı fəaliyyət göstərir.  Bu idman müəssisələrində yaradılan şəraitdən həmçinin  298 sadətipli idman qurğusundan istifadə edən 10 mindən artıq uşaq, yeniyetmə və gənc idmanın müxtəlif növləri ilə məşğul olur. Naxçıvan şəhərindəki Üzgüçülük Mərkəzində oğlan və qızlardan ibarət stolüstü tennis və üzgüçülük bölmələri, respublika stadionunda qızlardan ibarət “Xatun” bədii gimnastika klubu, ümumtəhsil məktəblərində qızlardan ibarət həndbol qrupları fəaliyyət göstərir.

Qeyd olunub ki, Naxçıvan şəhərində gənclər müxtəlif idman növləri üzrə 12 idman federasiyasında təmsil olunurlar. Naxçıvan şəhəri 2019-cu ildə 3 beynəlxalq turnirə, 1 festivala, futbol üzrə Azərbaycan kuboku finalına, futbol üzrə 4-cü Heydər Əliyev kuboku uğrunda birinciliyə, 52 muxtar respublika çempionatı, turniri və birinciliyinə yüksək səviyyədə ev sahibliyi edib.

2019-cu ildə Naxçıvan şəhər idmançılarından 596 nəfər ayrı-ayrı idman növləri üzrə keçirilən yarışlarda müxtəlif yerlərə layiq görülübdür. Bunlardan 4-ü dünya, 19-u Avropa, 139-u beynəlxalq, 100-ü Azərbaycan, 334-ü isə muxtar respublika birinciliklərinin qalibi olubdur. Qadınlarımızın da idmana cəlbi diqqətdən kənarda qalmayıb, ötən il idmanın müxtəlif növləri üzrə 3010 qadın idmanla məşğul olubdur.

Naxçıvan şəhər idmançılarının yaradılan şəraitdən düzgün istifadə edərək bundan sonra da ölkə və beynəlxalq səviyyəli yarışlarda yeni uğurlar qazanacağına əmin olduğunu bildirən icra başçısı bu yolda idmançılara uğurlar arzulayıb.

Sonra Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanovun, Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulovun və Naxçıvan Şəhər Uşaq Gənclər İdman Məktəbinin direktoru Məmmədcəfər Əliyevin mövzu ətrafında çıxışları dinlənilib.

Tədbirin sonunda ötən il idman sahəsində fərqlənən yeniyetmə və gənc idmançılar mükafatlandırılıb.

Qafar Qərib

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: