2019-cu ildə nəşr edilən kitabların təqdimatı keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 2019-cu ildə nəşr olunan kitabların təqdimatı keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının sədr müavini Surə Seyid çıxış edərək bildirib ki, fond tərəfindən 2019-cu il ərzində bir sıra tədbirlər həyata keçirilib, ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr edilmiş elmi konfranslar təşkil olunub, Heydər Əliyev Muzeyi ilə ümumtəhsil məktəbləri arasında interaktiv dərslər keçilib. Naxçıvan Muxtar Respublikasının 95 illik yubiley tədbirləri keçirilib, “Muxtariyyətin 95 ili” filmi, “Naxçıvan Muxtar Respublikası-95” adlı statistik toplu hazırlanıb, “Naxçıvan bu gün” kitabı da yeni təqdimatda işıq üzü görüb. “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncama əsasən silsilə tədbirlərlə yanaşı, yubilyarın əsərlərindən ibarət “Natamam ömrün yüzillik təntənəsi” adlı kitab, “Ərtoğrol Cavid: taleyi və sənəti” məqalələr toplusu nəşr olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən Bilik Fondunun təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlər sırasında buklet və disklər, “Naxçıvan Duzdağı” kitabı hazırlanıb, duzdag.nakhchivan.az internet portalı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə yubiley tədbirləri çərçivəsində “Naxçıvan Dövlət Tarix Muzeyi-95” tanıtım kitabı nəşr edilib.

Diqqətə çatdırılıb ki, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvanın ilk qəza rəisi Akim Şahin Gireyin fondu yaradılıb, həmçinin onunla bağlı sənədli televiziya filmi hazırlanıb. Ali Məclis Sədrinin “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” Sərəncamına uyğun olaraq bir sıra elmi-kütləvi tədbirlər keçirilib. AMEA Naxçıvan Bölməsi tərəfindən alimin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”) əsərinin II cildi tərcümə olunaraq Bilik Fondu tərəfindən nəşr edilib, “Nemətullah Naxçıvani: taleyi və sənəti” məqalələr toplusu çap olunub.

Qeyd edilib ki, Bilik Fondu tərəfindən görkəmli rəssam İbrahim Səfiyevin yaradıcılığının tədqiqi də davam etdirilib, “İbrahim Safi: albom-kataloq”u hazırlanıb. Bilik Fondu müvafiq sərəncama uyğun olaraq Rəssamlar Birliyi ilə birgə təşkil etdiyi muxtariyyətin 95 illiyinə həsr olunmuş Festival-Müsabiqədə sərgilənən əsərlərdən ibarət “Yurdumun rəngləri” adlı albom-kataloq nəşr ­olunub.

Muxtar respublikanın ümumtəhsil məktəblərinin 7-ci siniflərində Naxçıvan tarixinin dərsdənkənar məşğələ olaraq tədrisi ilə əlaqədar Təhsil Nazirliyi Bilik Fondunun dəstəyi ilə üç bölmədən ibarət olan “Naxçıvan tarixi” adlı dərs vəsaiti nəşr etdirib. Fond tərəfindən nəşr olunan “Milli dəyərlərimiz rəsmi sənədlərdə” adlı topluda muxtar respublikada milli dəyərlərimizin yaşadılması ilə bağlı sərəncamlar və həyata keçirilən tədbirlər işıqlandırılıb. Bilik fondu tərəfindən yazıçı Rövşən Novruzoğlunun “Əshabi-Kəhf”ə məktub: Sürgündə qalan əhli-əyalım var” adlı kitabının nəşrə hazırlanmasını və təqdimat mərasiminin keçirilməsini, “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı beynəlxalq konfransın materialları” jurnalının çap edilməsini nümunə göstərmək olar. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən əsərlərdən ibarət sərgilər təşkil olunub, kitabların müzakirələri aparılıb. Bilik Fondu tərəfindən 2019-cu ildə “Pedaqoji fikir tarixindən” və Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair-diplomat” kitabları nəşr edilərək təqdimat mərasimləri keçirilib. Həmin nəşrlər “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilib.

AMEA Naxçıvan Bölməsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik İsmayıl Hacıyev çıxışında bildirib ki, Ali Məclis Sədrinin dəstəyi ilə hər il müxtəlif xarakterli nəşrlər işıq üzü görür. 2019-cu ildə də bu istiqamətdə işlər uğurla davam etdirilib, 30-a yaxın müxtəlif əsərlər nəşr olunub. Ötən il çap edilən həmin kitablar bir daha göstərir ki, bu gün qədim köklərə malik Naxçıvanla bağlı müxtəlif istiqamətlərdə elmi tədqiqatlar aparılması davamlı xarakter alıb.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Bilik Fondunun Himayəçilik Şurasının üzvü Asim Əliyev çıxışında qeyd edib ki, Ali Məclisin Sədri yanında Bilik Fondunun fəaliyyəti muxtar respublikamızın hərtərəfli inkişafına, elm, təhsil və mədəniyyət sahələrində böyük irəliləyişlərə gətirib çıxarır. Çap edilən nəşrlər tədris prosesinə cəlb olunması ilə gələcək nəslin milli özünüdərk, vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsində mühüm rol oynamaqdadır.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 2019-cu ildə nəşr olunan kitablardan ibarət sərgiyə baxış olub.

***

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar

siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin

 müdiri Surə Seyidin

ÇIXIŞI

 

Azərbaycan Respublikasında elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır. Ölkənin davamlı inkişaf strategiyası, habelə müasir dünyada baş verən qlobal iqtisadi problemlər Azərbaycanın elmi əsaslar üzərində inkişafını zərurətə çevirir. Azərbaycanda elmin çox zəngin tarixi və ənənələri vardır. Əsrlər boyu Azərbaycan alimləri elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri sanballı əsərlərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstərmiş, Şərqlə Qərb arasında elmin varislik əlaqələrinin qorunub saxlanması işinə dəyərli töhfələr vermişlər.

Ölkədə elmin inkişafı istiqamətində aparılan sistemli fəaliyyətin nəticəsi olaraq Naxçıvan Muxtar Respublika Ali Məclisi Sədrinin 2014-cü il 4 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik fondu təsis edilmişdir. Fondun əsas fəaliyyətlərindən biri də elmi konfransların, seminarların, dəyirmi masa və disputların keçirilməsi, elmi əhəmiyyətli kitabların nəşri, ümumilikdə elmi innovasiyaların. elmi yeniliklərin dəstəklənməsidir. Bugünədək Bilik Fondunun maliyyə dəstəyi ilə onlarla kitab və jurnallar nəşr edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu fəaliyyətinə aid edilmiş məsələlərlə bağlı 2019-cu ilərzində bir sıra tədbirlər həyata keçirmişdir.

Bilik Fondunun dəstəyi ilə ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr edilmiş elmi konfranslar, Heydər Əliyev Muzeyi ilə ümumtəhsil məktəbləri arasında interaktiv dərslər keçirilmiş, kütləvi informasiya vasitələrində ulu öndərə həsr olunmuş tematik materiallar verilmişdir.

Fondunun təşkilatçılığı ilə il ərzində yubiley tədbirlərinin keçirilməsi diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibəti ilə yubiley tədbiri, AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik” mövzusunda elmi konfrans, sosial-iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlərlə bağlı tədbirlər, idman və bilik yarışları, şeir, mahnı, rəsm və inşa yazı müsabiqələri təşkil edilmiş, “Muxtariyyətin 95 ili” filmi, “Naxçıvan Muxtar Respublikası-95” adlı statistik toplu hazırlanmışdır. Statistik topluda Naxçıvanın sosial-iqtisadi inkişafı, yerli istehsal məhsullarının ixracı, beynəlxalq iqtisadi əlaqələr, yerli sahibkarlığın inkişafı əhatəli izah və təhlil olunmuşdur. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının diaqram və fotoşəkillərlə qeyd olunduğu kitab iqtisadçılar və tələbələr üçün nəzərdə tutulmuşdur. Bundan əlavə 95 illik yubiley çərçivəsində Bilik Fondunun hazırladığı “Naxçıvan bu gün” kitabı da yeni təqdimatda işıq üzü görmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” mövzusunda elmi konfrans keçirilmiş, “Ərtoğrol Cavid-100” sənədli televiziya filmi,  yubilyarın əsərlərindən ibarət “Natamam ömrün yüz illik təntənəsi” adlı kitab və konsert proqramı hazırlanmışdır. Sərəncama əsasən nəşr olunan “Ərtoğrol Cavid: taleyi və sənəti” məqalələr toplusunda AMEA-nın müxbir üzvü  Əbülfəz Quliyev, filologiya elmləri doktoru  Gülbəniz Babaxanlı, əməkdar elm xadimi Hüseyn Həşimli, filologiya  elmləri doktoru Azər Turan və s. müəlliflərin Ərtoğrol Cavid irsinin tədqiqinə həsr olunan məqalələri, Cavidlər ailəsinə məxsus nadir fotoşəkillər və Ərtoğrolun anasına və bacısına yazdığı məktublar öz əksini tapmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən Bilik fondunun təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər sırasında yubiley konfransının keçirilməsi, mərkəzin tanıdılması üçün buklet və disklər, eləcə də sənədli filmin hazırlanması, “duzdag.nakhchivan.az” internet portalının istifadəyə verilməsini misal göstərmək olar. Tədbirlər planına uyğun olaraq AMEA Naxçıvan Bölməsində Naxçıvan duzunun müalicəvi əhəmiyyəti ilə bağlı aparılan elmi-tədqiqat işlərini  özündə əks etdirən “Naxçıvan Duzdağı” kitabının hazırlanması isə Naxçıvan duzunun müalicəvi əhəmiyyəti və səhiyyə turizminin inkişafından bəhs edən elmi nəşr kimi xüsusi əhəmiyyəti ilə seçilmişdir. Kitabda Duzdağ Fizioterapiya Mərkəzinin keçdiyi tarixi yol, Naxçıvanda ilkin şəhər mədəniyyətinin formalaşması və Duzdağla bağlı aparılan arxeoloji tədqiqatlar, arxiv materialları, həmçinin Duzdağ duzunun tərkibi, tətbiq sahələri və Duzdağın turizm potensialı geniş şərh edilmiş,  duzla bağlı rəvayətlər, deyimlər, inamlar işıqlandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı ilə “Naxçıvan Dövlət Tarix Muzeyi-95” sənədli televiziya filmi hazırlanmış, Muzeyin 95 illik yubileyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Bilik Fondu tərəfindən “Naxçıvan Dövlət Tarix Muzeyi-95” tanıtım kitabı hazırlanaraq nəşr edilmişdir. Tanıtım kitabında Naxçıvan Dövlət Tarix Muzeyinin yaranması, təşəkkülü və inkişafı, arxeoloq-alim V.M.Sısoyevin “Balabəy Əlibəyovun Naxçıvan Muzeyi” haqqında qeydləri, Balabəy Əlibəyov (Əlixanov) haqqında aparılan ilk araşdırma, Tarix Muzeyində nümayiş etdirilən epiqrafik abidələr haqqında məlumat, muzeyinin yaradıcılarından Mirbağır Mirheydərzadənin həyat və fəaliyyətinə dair elmi məqalələr və nadir tarixi fotoşəkillər yer almışdır.

Naxçıvanşünaslığın öyrənilməsi ilə bağlı məsələlər Bilik Fondunun fəaliyyətinin əsas istiqamətini təşkil edir. Bu istiqamətdə aparılan tədqiqatlar Naxçıvanşünaslıq Mərkəzində Naxçıvanın ilk qəza rəisi Akim Şahin Gireyin fondunun yaradılması, onunla bağlı yeni tədqiqat işlərinin aparılması və yeni materialların əldə olunmasıdır. Əldə olunan tədqiqat materialları Naxçıvan­şünaslıq Mərkəzindəki fonda əlavə edilmiş, həmçinin  Akim Şahin Gireyin həyatından bəhs edən sənədli televiziya filmi hazırlanmışdır.

Ali Məclis Sədrinin “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında Sərəncamına uyğun olaraq AMEA Naxçıvan Bölməsində tədqiqat qrupu yaradılmış, Gənc Alim və Mütəxəssislər Şurasının “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” layihəsi hazırlanmışdır. Layihə çərçivəsində Türkiyənin Konya vilayətində beynəlxalq tədbir, Naxçıvanda “Görkəmli Azərbaycan mütə­fək­kiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçirilmiş, “Görkəmli alim: Nemətullah Naxçıvani” sənədli televiziya filmi hazırlanmışdır. AMEA Naxçıvan Bölməsi tərəfindən alimin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (“Qu­ra­­nın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”) əsə­rinin II cildi tərcümə olunaraq Bilik Fondu tərəfindən nəşr edilmiş, “Nemətullah Naxçıvani: taleyi və sənəti” məqalələr toplusu çap olunmuşdur. Topluda öz əksini tapan 10 elmi məqalə görkəmli naxçıvanlı alimin həyat və yaradıcılıq yolunun öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Görkəmli filosofun əsərlərindən tərcümə olunaraq topluya yerləşdirilən hissələr kitabın elmi əhəmiyyətini artırmışdır.

Bilik Fondu tərəfindən görkəmli rəssam İbrahim Səfiyevin yaradıcılığının tədqiqi də davam etdirilmiş, Naxçıvan MR Rəssamlar Birliyinin iştirakı ilə Bakı şəhərində İbrahim Səfiyevin yaradıcılığına həsr olunmuş “Azərbaycan və Türkiyə incəsənətinin ortaq dəyəri İbrahim Səfi” mövzusunda beynəlxalq elmi konfrans və əsərlərindən ibarət sərgi təşkil edilmişdir. Fondun dəstəyi ilə rəssamın əsərlərini əks etdirən “İbrahim Safi: albom-kataloq”u hazırlanmışdır. Bilik Fondu müvafiq sərəncama uyğun olaraq Rəssamlar Birliyi ilə birgə muxtariyyatın 95 illiynə həsr olunmuş Festival-Müsabiqənin təşkili və keçirilməsində yaxından iştirak etmiş və festivalda sərgilənən əsərlərdən ibarət Yurdumun-Rəngləri albom-kataloqu nəşr edilmişdir.  

Naxçıvan tarixinin, etnoqrafiyasının öyrənilməsi və təbliğ edilməsi Bilik fondunun fəaliyyət istiqamətlərindən biridir. Gəmiqaya qayaüstü rəsmlərinin mühafizə vəziyyətini araşdırmaq və onları qeydə almaq məqsədilə 2016-cı ilin avqust ayında yaradılan "Gəmiqaya ekspedisiyası" ötən dövr ərzində rəsmlərin yayıldığı 136 hektar ərazidə olmuş, 2040 daş üzərində 7422 təsvir qeydə almışdır. Həmin təsvirləri ilk dəfə olaraq kompleks şəkildə özündə əks etdirən, Bilik Fondunun elmi nəşrləri sırasında Gəmiqaya abidələrinin elmi təsvirindən və fotoşəkillərdən ibarət albom-kataloq”u tədqiqatçılar üçün qiymətli mənbə saymaq olar.

 Fondun dəstəyi ilə “Qazançı körpüsü”2018-ci ildə Naxçıvanın arxeoloji tədqiqi” kitablarının nəşrə hazırlanması da Naxçıvanşünaslığın tədqiqinə ən layiqli tövhədir.

Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq fond tərəfindən maarifləndirici bukletlər hazırlanmış, startap layihələrinin dəstəklənməsi və həyata keçirilməsi mexanizmini asanlaşdıran “Startup.nakhchivan.az” internet portalı və vəsait hazırlanmışdır.  

Maarifləndirici tədbirlər sırasında “Pedaqoji fikir tarixindən” kitabının nəşrə hazırlanması böyük əhəmiyyəti ilə seçilir. Kitabda Azərbaycan və dünya pedaqoji fikrinin dəyərli nümunələri seçilərək toplu halında oxuculara çatdırılır. Kitab həm gənclər, həm də müəllimlər üçün dəyərli vəsaitdir. Kitabda ayrı-ayrı görkəmli maarifpərvər şəxsiyyətlərin, elm xadimlərinin pedaqoji görüşləri, təhsil haqqında dəyərli fikirləri öz əksini tapmışdır. Kitab müəllimlərin pеdаqоji görüşlərinin inkişaf etdirilməsində, Azərbaycan məktəb və pеdаqоji isr tarixinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir.  

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 2019-2020-ci tədris ilindən muxtar respublikanın ümumtəhsil məktəblərinin 7-ci siniflərində Naxçıvan tarixinin dərsdənkənar məşğələ olaraq tədrisi keçirilir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Bilik Fondunun dəstəyi ilə üç bölmədən ibarət olan “Naxçıvan tarixi” adlı dərs vəsaiti nəşr etdirmişdir. Kitabda 15-ə yaxın xəritə, arxeoloji tədqiqatlar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələri, 50-dən çox fotoşəkil yerləşdirilmişdir. Muxtar respublikanın 95 illiyinə dəyərli töhfə olan yeni dərslik nəinki ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, eləcə də Naxçıvanın tarixi ilə maraqlananlar üçün də faydalı mənbədir.

Muxtar Respublikamızda milli dəyərlərin qorunması, yaşadılması və təbliği işi daim diqqətdə saxlanılır və Bilik fondunun fəaliyyətinin aparıcı istiqamətini təşkil edir. “Milli dəyərlərimiz rəsmi sənədlərdə” adı ilə nəşr olunan topluda muxtar respublikada milli dəyərlərimizin yaşadılması ilə bağlı Ali Məclis Sədrinin imzaladığı sərəncamlar və həyata keçirilən tədbirlər işıqlandırılır.

Bilik fondunun mənəvi dəyərlərin təbliği ilə bağlı apardığı maarifləndirici tədbirlər sırasına yazışı Rövşən Novruzoğlunun Əshabi-Kəhf”ə məktub: Sürgündə qalan əhli-əyalım var” adlı kitabının nəşrə hazrlanması və AMEA Naxçıvan bölməsində alimlərlə birgə təqdimat mərasimin keçirilməsini və Naxçıvan: İslam mədəniyyətinin paytaxtı. Beynəlxalq konfransın materialları” jurnalının çap edilməsini nümunə göstərmək olar.

Bundan əlavə Bilik fondunun nəşrləri sırasına Reyhan Mirzəzadənin “Böyük və qüdrətli rus şairi və yazıçısı İvan Andreyeviç Krılov”, Rastislav Slaboşeviçin “Воспоминания военного депутата о Родине Гейдара Алиева” kitablarını da əlavə etmək olar.  

Ətraf mühitin mühafizəsi məqsədilə Bilik Fondu  çoxşaxəli tədbirlər həyata keçirmiş, “Naxçıvan Muxtar Respublika­sının xüsusi mühafizə olunan təbiət əraziləri” “Zəngəzur Milli Parkı” kitabları nəşrə hazırlanmışdır. Nəfis şəkildə tərtib olunan kitablarda Naxçıvanın “Qırmızı kitab”a daxil olan nadir fauna  və flora növləri haqqında məlumatlar, milli parklar və qoruqlar, yasaqlıqlar haqqında  geniş informasiyalar təqdim olunmuş, fauna və flora növlərinin maraqlı fotoşəkilləri, eləcə də bu təbiət ərazilərinin yaradılması ilə bağlı fərman və sərəncamlar əks olunmuşdur.

Bilik Fondu tərəfindən nəşr olunan kitablar haqqında muxtar respublika və ölkə mətbuatında məqalələr dərc olunmuş, kitabların maarifləndirici, tarixi və ictimai-siyasi əhəmiyyəti yüksək qiymətləndirilmişdir.

Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitablar”ı əks etdirən sərgilər təşkil olunmuş, kitabların müzakirələri aparılmışdır. Bununla yanaşı, Bilik Fondu tərəfindən 2019-cu ildə 10 min tirajla nəşr olunan “Pedaqoji fikir tarixindən” kitabı və  500 tirajla nəşr olunan Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair-diplomat” kitabı “Oxunması zəruri olan kitabların siyahısı”na əlavə edilmişdir.

Nəşr olunan yeni kitab və monoqrafiyaların ictimaiyyətə təqdimatı da diqqətdə saxlanılmışdır. Naxçıvanşünaslıq Mərkəzində, AMEA Naxçıvan Bölməsində, Naxçıvan Müəllimlər İnstitutunda, Naxçıvan Dövlət Universitetində, Heydər Əliyev Muzeyində, Naxçıvan Dövlət Texniki Kollecində nəşr olunan kitabların təqdimat mərasimləri keçirilmişdir. 

Bilik Fondunun həyata keçirdiyi tədbirlərin, dövlət siyasətinin, aparılan quruculuq işlərinin mahiyyəti ilə bağlı məqalələr, xəbərlər, analitik yazılar hazırlanaraq mətbuatda dərc edilmiş, internet resurslarında yerləşdirilmişdir.

Əminik ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu 2020-ci ildə də fəaliyyətini daha da gücləndirəcək, tədbirlər planında nəzərdə tutulan vəzifələrin icrasını layiqincə yerinə yetirəcəkdir.

"Şərq qapısı" qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: