AMEA-nın Naxçıvan Bölməsində 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev qadınların cəmiyyətimizdəki yeri, mövqeyi və rolundan danışıb. Qeyd edib ki, Azərbaycan qadını bu gün ölkənin ictimai-siyasi, sosial-iqtisadi ,elmi , mədəni həyatının fəal iştirakçısına çevrilib.
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, bölmə sədri İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin qadın azadlığına xüsusi diqqət yetirdiyini, ulu öndər tərəfindən həyata keçirilən bir sıra tədbirlər qadınların hüquqlarının tapdalanmasının qarşısını almağa yönəldiyini bildirib. Diqqətə çatdırıb ki, ümummilli liderin qoyduğu ənənələr Prezidentimiz İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir və bu gün Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb.
Akademik Naxçıvan Muxtar Respublikasında da qadınların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını söyləyib. İsmayıl Hacıyev bölmənin qadın əməkdaşlarının fəaliyyətindən danışıb, Naxçıvanda elm sahəsində calışan qadınların fəaliyyətini yüksək qiymətləndirib, onları təbrik edərək işlərində uğurlar arzulayıb.
Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevaya çıxışında ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan bəhs edib.