200-ə yaxın tənha ahıl qadın evlərində ziyarət olunub - VİDEO
8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə muxtar respublikada yaşayan tənha ahıl qadınlarla görüşlər keçirilib
NUHÇIXAN xəbər verir ki, ilk dəfə olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında sosial xidmətlər göstərilən 200-ə yaxın tənha ahıl qadın 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə evlərində ziyarət olunub, sosial könüllülərin iştirakı ilə onlara bayram hədiyyələri təqdim edilib.
Nazirliyin əməkdaşları və sosial könüllülər Beynəlxalq Qadınlar Günü münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində də olub, qadınları bayram münasibətilə təbrik ediblər. Tədbirdə Ahıllar evinin qadın sakinlərinə bayram hədiyyələri təqdim edilib. Qadınlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, muxtar respublikada ahıl insanlara müxtəlif sosial xidmətlərin göstərilməsi diqət mərkəzindədir. Hazırda tənha yaşayan və hərəkət qabiliyyəti məhdud olan 216 nəfərə evlərində, 6 nəfərə isə Ahıllar Evində sosial xidmət göstərilir.
Turab Hacızadə