Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən Kəngərli rayonunda yeni formalaşan bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi istiqamətində “Yerli özünüidarəetmənin həyata keçirilməsində qanunvericiliyin əsasları” mövzusunda seminar keçirilib. Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, seminarda “Bələdiyyə fəaliyyətinin təşkili ilə bağlı qanunverciliyin tələbləri”, “Yerli özünüidarənin hüquqi təminatları, bələdiyyə üzvünün hüquq və vəzifələri” və “Bələdiyyə əmlakının idarə olunması ilə bağlı qanunverciliyin tələbləri və yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət” mövzularında çıxışlar edilib.
Qeyd olunub ki, yerli özünüidarəetmə orqanları demokratik cəmiyyətin əsaslarından birini təşkil etməklə yerli idarəetmədə vətəndaşların iştirakını təmin edən mühüm vasitədir.
Seminar iştirakçılarına “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda nazirliyin əməkdaşları tərəfindən bələdiyyə üzvlərinə kargüzarlıq sahəsində metodik köməklik göstərilib.