Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, ötən il Culfa rayonunun Ərəzin bələdiyyəsinin mülkiyyətində 25 hektar, Ordubad rayonunun Aşağı Əylis bələdiyyəsinin mülkiyyətində 1,0 hektar, Dəstə bələdiyyəsinin mülkiyyətində 2,0 hektar olmaqla 28 hektar daşlıq, çınqıllıq ərazi abadlaşdırılaraq su ilə təmin edilib, həmin ərazilərdə yeni meyvə bağları salınıb. Həmçinin Babək rayon dövlət ehtiyat fondunda 72 hektar meyvə bağı, 135 hektar üzümlük, Naxçıvan şəhərində isə 69 hektar sahədə meyvə bağı salınıb. Nəticədə 2018-ci illə müqayisədə çoxillik əkmələrin sahəsi 304 hektar artırılaraq həyətyanı torpaq sahələrində salınmış meyvə bağları ilə birlikdə 6411 hektara çatdırılıb.
2019-cu ildə çoxillik əkmələrin 6027 hektarı meyvə bağları, 384 hektarı isə üzümlüklər olub. Əvvəlki illə müqayisədə meyvə əkinlərinin sahəsi 169 hektar, üzümlüklərin sahəsi isə 135 hektar artıb.
Qeyd edək ki, muxtar respublikada qəbul edilən dövlət proqramları, güzəştli kredit şərtləri bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olub.