Sudan içdik, torpağın hənirtisini hiss etdik. Beləcə, iki çərşənbəni yola saldıq, qarşıda isə küləkli yel çərşənbəsidir.
Xalqımızın ən geniş şəkildə qeyd olunan və ən istəkli bayramı Novruzdur. Novruz bayramı başqa bayramlardan fərqli olaraq rəngarəngliyi ilə seçilir. Gur tonqalları, noğullu-nabatlı xonçaları, yaşıl səmənisi, mübarək niyyət və diləkləri ilə tanınır və sevilir. Xalqımız, ellərimiz çillələrdən, Xıdır Nəbi, Boz aydan üzü bəri bu Novruzun gəlişini gözləyə-gözləyə çal-çağır qurur, şənlik edir.
Boz ay qışla yazın arasında durur. Özünün dörd mübarək çərşənbəsi ilə üzü Novruza yol alan Boz ayın hal-əhvalı da elə buna bənzəyir: gah hava qarışır, gün çıxır, gah külək əsir, hərdən də göydən qar-yağış ələnir.
Boz ayın əsas xüsusiyyətlərindən biri onun 4 mübarək çərşənbəni — Su, Torpaq, Yel və Od çərşənbələrini özündə birləşdirməsidir. Ulu Tanrının əsas ünsürlərinin adı ilə adlandırılan bu çərşənbələr təbiətin oyandığından xəbər verir.
Novruzla bağlı istər şifahi, istərsə də yazılı mənbələrdən aydın olur ki, Şərq ölkələrində insanlar çillədən çıxmaq üçün ocaq yandırar, əmək nəğmələri oxuyar, süfrəyə un məmulatları düzərdilər.
Boz ayın birinci çərşənbəsində yazın nəfəsi ilk əvvəl suya toxundu, payızdan bəri qurumuş çaylara su gəldi. Bu, o deməkdir ki, həmin gündən başlayaraq daha sular donmur, şaxtalar sınmağa, zəifləməyə başlayır. Xalq arasında ilk çərşənbənin «Sular Novruzu», yaxud «Su çərşənbəsi» adı ilə tanınması da elə bu inamla bağlıdır. İlk çərşənbədə insanlar tezdən durub axar çaydan su götürdü, həyət-bacanı, ev-eşiyi səliqəyə saldı, təmizlik işlərinə başladılar.
İkinci çərşənbə Torpaq çərşənbəsidir. Bu çərşənbənin də özünəməxsus inancları var. Əski inanclara görə, təbiətdə bütün mövcud olanlar üçün əsas torpağın oyanması ilə bağlıdır. Torpaq həyat mənbəyidir, yaradıcı olduğundan ona ana torpaq deyirik. Torpağa sədaqət, məhəbbət anaya, Vətənə məhəbbətlə bərabər tutulur. Torpaq təpərdir, torpaqda güc var, ondan yapışsan, ona əyilsən, zəhmət təri ilə suvarsan, səni qaldırar.
Beləcə, bahar nəfəsli sudan içdik, torpağın hənirtisini hiss etdik və iki çərşənbəni yola saldıq. Qarşıdan isə küləkli Yel çərşənbəsi gəlir.
Yel çərşənbəsinə «hava çərşənbəsi», «külək oyadan çərşənbə» də deyərlər. Bu çərşənbədə insanlar al-yaşıl geyinər, bulaqlara 7 yerdən göz açarlar. Həmin gün insanlar ağac altında oturub niyyət edər, yel babanı köməyə çağırarlar. Əgər həmin an meh hiss etsən, deməli, arzun yerinə yetəcək.
Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında «Külək oyadan çərşənbə», «Küləkli çərşənbə» kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrinin üçüncüsüdür. Üçüncü çərşənbə sayılan Yel digərlərindən insanların fəaliyyətlərinə və adət-ənənələrində əks olunan fərqliliklərə görə seçilir. Məhz bu çərşənbə günü bütün evlərdə təmizlik işlərinə başlanılır. Xüsusilə, qadınlar, qızlar evdə tam mənada təmizliyə riayət etməyə başlayırlar. Hər bir xanım evindəki yorğan-döşəyi havaya atır və onun təzə gələn Bahar nəfəsilə yenilənməsini, çıxan Günəşin təsiri altında daha da təmizlənməsini istəyirlər. Həmçinin, evlərdə hər tərəf, həmçinin pəncərə şüşələri silinib təmizlənir, palazlar, xalçalar çırpılır.
Ümumiyyətlə, insanlar yelin, yəni küləyin insanlara xoş və şirin təəssüratlar gətirəcəyinə inanırlar. Yel çərşənbəsində əsən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Küləklərin durmadan isti və soyuq olmasına da rast gəlmək mümkündür. Bu çərşənbədə də, digərlərində olduğu kimi, hamının həyətində tonqallar qalanır. Digər çərşənbələrdə olduğu kimi, yenə insanlar tonqalların üzərindən tullanırlar.
İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc və s. Yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
Yel çərşənbəsi haqqında inanclara görə:
Yel baba xırmana gəlməzdən əvvəl oradan buğda, dən götürməzlər; Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırarlar. Əgər Yel baba səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər; Yel çərşənbəsi günü evlərdə südlü plov və ya buğda aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər, uşaqlar üçün təzə paltar biçib-tikərlər. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanar.
Beləcə, Boz ayın iki çərşənbəsi artıq arxada qaldı. Ata-babalarımızın dediyi kimi, bu ayda soyuq olsa da, nə qədər qar düşsə də ömrü az olar. Çünki üzü bahara gedir.
Qoy, bütün çərşənbələrimiz elimizə xeyir-bərəkət gətirsin. Vətənimizin, vətəndaşlarımızın ağrı-acıları köhnə ildə qalsın, sülh, əmin-amanlıq ili olsun bu ilimiz. Bütün arzular yerinə yetirilsin.
Çərşənbələriniz mübarək. Tanrı muradınıza çatdırsın!
İbrahim YUSİFOĞLU
“Şərurun səsi”qəzeti