Dünyanı gözəlləşdirən, həyatı mənalandıran qadınların günüdür bu gün. Qadın həkim, müəllim, alim, politoloq, hərbiçi , idmançı, qadın Anadır.
Ana! Cəmi üç hərfdən ibarət olan bu söz nə qədər mənalı, nə qədər hikmətlidir. Onda nə qədər məhəbbət, nə qədər sevgi, qayğı cəmləşib.
Kimdir ana?! Dünyada varlığımız üçün ona borclu olduğumuz, nəğməsi ilə sirin yuxuya daldığımız, nağılları ilə böyüdüyümüz zərif bir varlıq. Elə bir varlıq ki, böyük dahilər, cəngavərlər, qarşısında diz çöküb, həyat eşqi ilə coşan yeniyetmə də , dünyanın hər üzünü görmüş ağ saçlı qoca da bu ada səcdə qılıb.
Ana! Ana!..O adın qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
Ana müqəddəsdir! Bu müqəddəslik onun ruhunda, nəfəsində, baxışında, təbəssümündə, çöhrəsində, zəhmətində, alicənablığında, ailəcanlılığında, evdarlığındadır. Anadan əziz, anadan müqəddəs, ana qədər yanımlı, ana qədər zəhmətkeş, ana qədər cəfakeş ikinci varlıq varmı görən? Anadan əziz yenə də anadır. Övladının rahat yatması üçün yuxusunun ən şirin vaxtında oyanan, bizi böyüdən, tərbiyə edən, məktəbə yola salan, kədərimizə, sevincimizə şərik olan ana...
İsti ana qucağı deyilən bir ünvan var …. O ünvan ki, onun həm ad kimi mənası , həm varlıq kimi mahiyyəti dünyanın bütün nöqtələrində, hamı üçün eynidir. Yaşa dolsaq da, hər zaman onun əllərinin şəfqətinə ehtiyac duyuruq. Bir problemimiz, bir qayğımız olanda köksünə qısılır, nəsihətinə ehtiyac duyuruq, ağrıyanda başımızı dizinin üstünə qoyub rahatlanmaq istəyirik. Ana qucağı! O ən müqəddəs, ən pak və ən təhlükəsiz bir isti yuvadır. Orada insan qəmdən, qüssədən uzaqdır. Bütün gücümüzü, qüdrətimizi oradan alırıq. Nə qədər böyüsək, hətta ata, ana olsaq da ana üçün həmişə uşağıq, anamız qocalsa da, ona olan sevgimiz heç zaman qocalmır. Övladları üçün narahat olan, ürəyi yarpaq kimi əsən, bütün çəkdiyi əzab-əziyyətə baxmayaraq, daim gülümsər çöhrəsi, mehriban nəvazişi, şirin laylası ilə narahat qəlbimizi ovunduran, ömrümüzü işıqlandıran Ana .. İnsanlıq həmişə sənin işığına möhtacdır.
Analıq, övladlıq duyğularını dərk edəndən ana sözü, ana varlığı ülviyyətimiz olub. Ən ülvi hislərə, ən doğma sözlərə, ən böyük məhəbbət və sevgiyə layiq olan ana və onun qüdrəti zaman zaman qələm sahiblərinin, şairlərin şeirlərində vəsf olunub. Ana sevgisi, anaya olan sonsuz məhəbbətdən söhbət açılır bu misralarda. XII əsrin qüdrətli şairi Əfzələddin Xəqani ana haqqını belə qiymətləndirib:
Əgər olmasaydı ana zəhməti,
Qazana bilməzdim bu məhəbbəti.
Onun ruzisi ilə xoş olar halım,
Onun duası ilə gülər iqbalım.
Onun hər sözündən alaram qüvvət,
Qəlbimi mum etdi , verdi nəsihət.
Düşmən tənəsilə, kəsilsə yolum,
O, zərif qarıdan güc alır qolum…..
Bu gün həm də anaların günüdür. O analar ki, hər birimiz onun isti nəfəsi, qayğısı ilə böyüyüb həyata atılırıq.
Başımızın tacı, ömrümüzün bəzəyi olan analar həm də ona görə əzizdirlər ki, həyatda bizim qiymətli olan nə varsa onları anaya bənzədirik: “ Ana təbiət ”, “Ana dili” “ ana torpaq ”, “Anavətən” deyirik. Əlifbamızdakı ilk hərf “A” hərfi ilə başlayır "Ana dilim” deyib ruhumuzun ifadəsi, varlığımızın təsdiqi olan doğma dilimizə bərabər tuturuq ananı. Çünki bizə ilk dəfə doğma dilimizi öyrədən anadır.
"Ana Vətən” deyib ananı havasını udduğumuz, çörəyini yediyimiz, üstündə gəzdiyimiz Vətənə bərabər tuturuq ananı . Ana vətəndir, doğma torpaqdır,
Bir də ana uca Tanrı ilə müqayisə olunur. "Ana haqqı – Tanrı haqqı” deyib müdriklər. Tanrı yeri-göyü yoxdan xəlq edib, bəşər övladı isə ana bətnində dünyaya göz açdığı üçün. Böyük söz abidəmiz olan “Kitabi -Dədə Qorqud” dastanında da oğuz igidlərindən Uruz Ana haqqını tanrı haqqı adlandırır.
Anadan söz düşəndə Məhəmməd peyğəmbərin ən gözəl kəlamlarından biri yada düşür: “Cənnət anaların ayaqları altındadır.
Beşiyimiz başında keşik çəkib, səhəri gözlərində açan , biz çətinliyə düşəndə şam kimi əriyən , böyüdükcə boyumuza baxıb qürrələnən ana.
Təbiətcə zərif məxluq olsa da, o öz balası yolunda göstərdiyi fədakarlıqlara görə qartala bənzəyir O. Həmişə məğrur, qorxmaz, həmişə yüksəklikdə uçan qartala.
Zaman dönüşü olmayan qatardır, ama zaman qatarının keçdiyi yollar enişli - yoxuşlu , sərt döngəli olur. Bu zaman yolunda həyat bizə bəxş edilən ən şirin nemətdir.
Zaman qatarında daim yanımızda olan, qatarın keçdiyi dolanbac yollarda bizi tək qoymayan ana. İsti nəfəsi ilə qəlbimizi isidən, kölgəsi ilə sərinlədən, məlahətli səsi ilə ürəyimizin tellərini oxşayan ulu bir qüvvə….
Bəzən dərin düşüncələrə dalırıq. Zamanın tez keçməsini arzulayır, tez yaşa dolmaq istəyirik. Qəfil bu düşüncələrdən ayılıb fikirləşirik, “Bəs anam?!”. Biz böyüdükcə o da yaşlanmayacaqmı? Alnında zaman qırışlar açmayacaqmı? O ipək saçlara dən düşməyəcəkmi? Bu zaman sanki qəflət yuxusundan ayılırıq.
İstəmədiyimiz bir anda bəs illər niyə belə tez keçir? Niyə hər gun külək əsir, niyə tez -tez yağış yağır? Sanki əsən külək onun ipək saçlarının gül qoxusunu aparmaq üçün əsir, yağan yağış qara saçlarına dən salmağa tələsir. Kaş ki, əsməyəydi bu küləklər. Axı, hər əsən külək ömür ağacından bir yarpaq salır.Kaş elə bir sehirli qüvvə olaydı ki, anaları ölümsüz edəydi, saçları günəşin al qırmızı şəfəqləri altında parıldadaydı, üzlərindən təbəssüm heç zaman əskik olmayaydı anaların…
Təqvimin səhifələrində əlamətdar günlər, tarixi bayramlar çoxdur. Lakin həmin günlər, bayramlar içərisində eləsi də var ki, həmin gün analar üçün də ən gözəl hədiyyələr hazırlanır. Məhəbbəti ümman olan analar üçün ən gözəl hədiyyə isə , isti ocaq, övlad sevgisi və onları xoşbəxt görmək arzusudur.
Türkanə Əmoyeva
"NUHÇIXAN"