Havalar istiləşdikcə istirahət üçün dənizə üz tutanlar çoxalır. Lakin mavi suların qoynu və onun qumlu sahilləri təkcə istirahət həvəskarlarının deyil, sağlamlığına biganə qalmayanların da sevimli məkanıdır.
NUHÇIXAN-ın məlumatına görə, dəniz təkcə havası, qızmar günəşi və isti qumu ilə deyil, həm də suyunun müalicəvi təsiri ilə çimərliyə üz tutanlara xoş duyğular bəxş edir. Su səsi ürəyin ritmini sakitləşdirir, beyni dincəldir və belə olanda orqanizmdə oksigenə tələbat artdığından dərindən nəfəs almaq ehtiyacı yaranır.
Dəniz sahilində təmiz hava zehnin və bədənin gəncləşməsinə səbəb olur. Dəniz suyunun tərkibində insan orqanizmi üçün faydalı olan maddələr var. Dermatoloqların fikrincə, dəri sağlamdırsa və patoloji problem yoxdursa, dəniz suyu heç bir problem yarada bilməz və suda olan yod, duz və minerallar dəriyə müsbət təsir göstərir. Dəniz suyu dəridən toksinlərin xaric edilməsinə və ölü hüceyrələrin təmizlənməsinə də kömək edir. Tərkibindəki minerallar orqanizmi möhkəmləndirir. Bununla yanaşı, onun ən faydalı cəhətlərindən biri də səpgili dəriyə göstərdiyi sağlamlaşdırıcı təsirdir.
Hər dəfə dəniz suyuna girmək orqanizmin enerjisini artırır. Eyni zamanda, dəniz sahilindəki hava qan və toxumaların təmizlənməsinə kömək edən neqativ ionlarla zəngindir. Dənizdəki dalğa axıntısı və dalğaların ritmik rəqsi masaj kimi faydalı təsir göstərir. Dəniz suyu ayaq qoxusu və tər qoxusunun qarşısını alır. Ağızda olan yaraların tez sağalmasına kömək edir. Dəniz suyunda olan yod immuniteti gücləndirir.
Lakin normalara cavab verməyən dəniz suyu insan orqanizminə mənfi təsir edə bilər. Dəridə patologiyalar olanda çirklənmiş dəniz suyunun problemlər yaratması mümkündür, yəni, dəridə müxtəlif yara və dermatozlar əmələ gətirir.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.