İcbari tibbi sığortanın Xidmətlər Zərfi nədir?

A- A A+

Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur.

Xidmətlər Zərfi əhalinin sağlamlıq vəziyyəti və səhiyyə göstəricilərinin yaxşılaşdırılmasına, tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, tibbi xidmətlərə əlçatanlığının, ilkin səhiyyə xidmətinin gücləndirilməsi hesabına xəstəliklərin erkən aşkarlanması (evlərdə baxış, sağlam həyat tərzinə dair maarifləndirmə, əhalinin sağlamlıq göstəricilərinin toplanması və mütəmadi yoxlanması və s.)  məqsədilə əhalinin tibb müəssisələrinə müraciət tezliyinin artırılmasına və vaxtında müvafiq tibbi yardımla təmin olunmasına xidmət edir.

Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) yalnız tibbi göstəriş olduğu hallarda “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və ya həmin müəssisələrin göndərişi əsasında göstəriləcək.

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə hansı xidmətlər daxildir?

Xidmətlər Zərfinə 1) təcili və təxirəsalınmaz tibbi yardım, 2) ilkin səhiyyə xidməti, 3) ixtisaslaşdırılmış ambulator yardım, 4) stasionar tibbi yardım üzrə cəmi 2 550 sayda müxtəlif tibbi xidmət daxildir.

Bunlardan 1) təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6 xidmət, 2) ilkin səhiyyə xidməti üzrə 35 xidmət, 3) ixtisaslaşdırılmış ambulator yardım üzrə 1 265 xidmət, 4) stasionar tibbi yardım üzrə 1 244 xidmət təminata alınıb. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Təminata alınmış əməliyyatlar sırasında sayı 150 xidmətdən çox olan həyatı vacib dəyəri yüksək olan əməliyyatlar da daxildir.

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar hansı xidmətlərdən yararlana bilər?

 Vətəndaşlar icbari tibbi sığortanın təminat verdiyi və xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edir.

Tibbi xidmətlərə:

Təcili və təxirəsalınmaz tibbi yardım;

İlkin səhiyyə (qəbul(sahə) həkimi) xidməti;

Ambulator şəraitdə müayinə və müalicə;

Stasionar müalicə;

Funksional-diaqnostik müayinələr (istisna olaraq  KT və MRT müayinəsində 1 aprel 2020-dən müştərərk maliyyələşmə tətbiq edilir);

Fizioterapevtik xidmətlər;

Laborator müayinələr;

Hamiləlik və doğuş xidməti;

Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.);

Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;

Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.);

Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə aiddir.

Vətəndaşa bütün tibbi xidmətlər həkimin (qəbul həkimi, sahə-terapevti, sahə-pediatrı, ixtisaslı həkim) göndərişi əsasında həyata keçirilir. Həkim müayinəsindən keçmədən göstərilən bütün laborator və diaqnostik xidmətlər icbari tibbi sığorta təminatı çərçivəsində qarşılanmır və vətəndaşın vəsaiti hesabına ödənilir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: