10 Mart Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin yarandığı gündür

Xeyirxahlıq və humanizmin carçısı

A- A A+

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2008-ci il 7 aprel tarixli Sərəncamına əsasən hər il martın 10-u Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.

Azərbaycanda Humanitar və xeyriyyəçilik dəyərlərini özündə təcəssüm etdirən Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri, general-leytenant Əliağa Şıxlınskinin təşəbbüsü ilə təsis edilmişdir. Yarandığı vaxtdan başlıca məqsədi də xeyirxah ideyalar olub. Kimsəsizlərə, fəlakətlə üz-üzə dayananlara, ehtiyacı olanlara kömək edib. Lakin 1920-ci ilin aprelində Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Qızıl Aypara Cəmiyyətinin də fəaliyyəti dayandırılmışdır. 1923-cü ildə yenidən yaradılan qurum 1991-ci ilə kimi özünəməxsus tarixi yol keçən cəmiyyət ölkəmizdə xeyirxah ideyaların reallaşmasına mühüm töhfələr vermişdir.

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə ikinci qayıdışından sonra Qızıl Aypara Cəmiyyəti yeni inkişaf dövrünə qədəm qoydu və qurumun fəaliyyətində yeni mərhələ başlandı. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə cəmiyyət ölkəmizdə rəsmi humanitar təşkilat kimi tanınmış, 1995-ci il noyabrın 27-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının tam bərabərhüquqlu və daimi, 169-cu üzvü qəbul edilmişdir.

Qeyri-hökumət təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti dövlətin qayğısı əhatəsində fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 31 yanvar tarixli “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında”, 2007-ci il 22 may tarixli “Azərbaycan Qızıl Aypara Cəmiyyətində çalışan işçilərin əməkhaqlarının dövlət büdcəsindən maliyyələşdirilməsi haqqında”, 2008-ci il 7 aprel tarixli “Qızıl Aypara Gününün təsis edilməsi haqqında” Sərəncamları cəmiyyətin fəaliyyətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsidir. Sərəncamlara əsasən cəmiyyətin maddi-texniki bazası yaxşılaşdırılmış, icra hakimiyyəti və özünüidarəetmə orqanlarının cəmiyyətin yerli təşkilatlarının sosial, tibbi sağlamlıq və xeyriyyəçilik proqramlarının həyata keçirilməsinə köməklik göstərməsi təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi də dövlətin qayğısından lazımınca bəhrələnir. 2008-ci il yanvarın 10-da komitə yeni inzibati bina ilə təmin olunmuş, maddi-texniki baza yaxşılaşdırılmış, xidməti və yük avtomobilləri verilmiş, əməkdaşların səmərəli fəaliyyətinə hərtərəfli şərait yaradılmışdır. Son illər kollektivin sosial təminatının gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər görülmüş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 1 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin işçilərinin əməkhaqqıları 25 faiz, 2010-cu il 1 sentyabr və 2011-ci il 1 dekabr tarixli sərəncamlara əsasən isə 10 faiz artırılmışdır. Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi Sədrinin  diqqət və qayğısının nəticəsidir ki, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi işçilərinin  əməkhaqları 10 faiz , 2016- cı ilin fevral ayında  isə əlavə 10 faiz artırılmışdır. 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinə yeni xidməti minik avtomobili verilmişdir. 2019-cı ilin sentyabr ayında komitə işçilərinin əmək haqqları əlavə olaraq artırılmışdır.

Tərkibində 1 şəhər, 7 rayon bölməsi fəaliyyət göstərən komitənin 580 ilk təşkilatı və 37000-dən artıq üzvü vardır. Hazırda Komitə Muxtar Respublikamızda öz işini 4 şöbə əsasında qurur. Belə ki, axtarış xidməti söbəsi Stalin repressiyası, İkinci Dünya müharibəsi və miqrasiya zamanı itkin düşənləri axtarır, həmçinin qaçqın və məcburi köçkünlər üçün lazımi sənədləri bərpa edir. Komitənin ən əhəmiyyətli şöbələrindən biri Gənclər və Könüllülərlə iş şöbəsidir ki, bu şöbə gələcəyimiz olan gənclər arasında sağlamlığın təmin edilməsi məqsədilə idman tədbirlərinin və gigiyena, təmizlik, təbiətin mühafizəsi kimi tədbirlərin təşkili ilə məşğul olur. Eyni zamanda, yeniyetmə və gənclərə fövqəladə hallarada ilk tibbi yardımın göstərilməsinə dair məlumatlar verilir. XX əsrin vəbası adlandırılan QİÇS xəstəliyinə yoluxmamaq üçün onlar arasında maarifləndirici söhbətlər aparılır. Təşkilati iş şöbəsi muxtar respublikamızda fəaliyyət göstərən idarə və müəsisələrdə komitənin ilk təşkilatlarını yaradır və Qızıl  Aypara  hərakatı haqqında seminar və treninqlər təşkil edir. Bununla yanaşı, komitənin şəhər və rayon bölmələrinin işinə nəzarəti də həyata keçirir. Digər şöbə isə daha çox fövqəladə hallarla bağlı əhali arasında bilikləri artırmaqla və bu sahədə müvafiq tədbirlər görməklə məşğul olur. Bunun nəticəsi olaraq, 5 yanvar 2017-ci il tarixdə, fövqəladə hallara hazırlıq çərçivəsində Bakı şəhərindən hər biri beş nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş 30 çadır komitəyə gətirilmişdir.

Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin kollektivi bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, humanizm və xeyirxahlıq ideyalarının qoruyucusu və təşkilatçısı kimi fəaliyyətini artıracaqdır.

 

Naxçıvan Muxtar Respublikası

Qızıl Aypara Komitəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: