Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə qanunvericiliyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 624.1-ci maddəsinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə aşağıdakılardan birini tələb edə bilər: keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini, alış qiymətinin mütənasib surətdə azaldılmasını, malın qüsurlarının təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını və malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsini.
Bu tələblərdən hər hansı birini irəli sürə bilmək üçün ilk növbədə, alıcıya lazımi keyfiyyətli olmayan mal satılmalı və malın qüsurları satıcı tərəfindən əvvəlcədən bildirilməmiş olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 624.3-cü maddəsinə görə malın xassələri onun aşkar edilmiş qüsurları aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. Göründüyü kimi, bu maddənin tələbləri elə mallara şamil edilir ki, onların xassələri aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermir. Maddənin özündə belə malların adları çəkilsə də, nəzərə almaq lazımdır ki, bu, qəti siyahı deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 624.4-cü maddəsi alıcı üçün alternativ davranış imkanı müəyyən edir. Belə ki, həmin maddəyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.