Naxçıvan şəhər prokurorluğunun təşkilatçılığı ilə Hacıniyyət kəndində, kənd sakinlərinin iştirakı ilə hüquqi-maarifləndirici tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, “Tikintidə təhlükəsizlik haqqında və tikinti qaydalarının pozulmasına görə məsuliyyət” mövzusunda çıxış edən Naxçıvan şəhər prokurorluğunun böyük müstəntiqi, II dərəcəli hüquqşünas Abdulla Quliyev bildirib ki, muxtar respublikada elə bir sahə yoxdur ki, orada tikinti-quruculuq işləri həyata keçirilməsin. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, yerli icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir.
Qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda cinayət məsuliyyəti yaranır.
Sonda kənd sakinlərinin tikintiyə dair sualları cavablandırılıb.