Aqrar sığorta: etibarlı zəmanət, bol qazanc - FOTOLAR

A- A A+

Ərzaq təhlükəsizliyi tarixboyu dünyada ən mühüm həyat təminatı sistemlərindən biri kimi aktuallığını saxlamışdır. Bu gün də gündəlik istehlak səbətimizdə ərzaq məhsulları xüsusi çəkiyə malikdir. Ərzaq məhsullarının əsasını isə, heç şübhəsiz ki, kənd təsərrüfatı məhsulları təşkil edir. Bu baxımdan kənd təsərrüfatının inkişaf etdirilməsi zərurətdir.

Ölkəmizdə həyata keçirilən aqrar siyasətin əsasında da ərzaq təhlükəsizliyinin təminatı dayanır. Bu səbəbdən də kənd təsərrüfatının inkişafı, əhalinin təbii, ekoloji təmiz məhsullara olan tələbatının yerli istehsal hesabına ödənilməsi, idxaldan asılılığın azaldılması ilə bağlı ardıcıl proqramlar qəbul edilir, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar, lizinq yolu ilə güzəştli şərtlərlə kənd təsərrüfatı texnika və avadanlıqları verilir, vergi güzəştləri tətbiq edilir. Hazırda ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalçıları 2024-cü ilədək torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddır. Yəni mövcud qanunvericiliyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları mənfəət, gəlir, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad ediliblər.

Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafı ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərin əsas istiqamətidir. Son illər ardıcıl şəkildə qəbul olunmuş dövlət proqramları, xüsusilə də 2015-ci ilin muxtar respublikada “Kənd təsərrüfatı ili”, 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması, aidiyyəti orqanların bu istiqamətlərdə imkanlarını səfərbər etməsi kənd təsərrüfatının kompleks inkişafını təmin etmiş, yeni-yeni ailə təsərrüfatlarının, xüsusilə də kəndli təsərrüfatlarının yaranmasına gətirib çıxarmışdır. 2020-ci ilin “İxrac ili” elan olunması isə yerli kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması, xüsusilə də aqrar sənayenin inkişafının dəstəklənməsi istiqamətində atılan mühüm addımdır.

Muxtar respublikada aqrar sığortanın tətbiqindən danışarkən kənd təsərrüfatında mövcud vəziyyəti diqqətə çatdırmaq, əldə olunan nailiyyətləri bir daha oxuculara xatırlatmaq istərdim. İlk növbədə, bundan başlayım ki, 2019-cu ildə muxtar respublikada kənd təsərrüfatı məhsulunun ümumi həcmi 507 milyon 641 min manatdan çox olmuş, onun ümumi daxili məhsulda çəkisi 12 faiz təşkil etmişdir. Bu isə son 8 ilin ən yüksək göstəricisidir.

Muxtar respublikada toxumçuluq təsərrüfatlarının yaradılması və genişləndirilməsi, əkinəyararlı torpaqların aqrokimyəvi analizlərinin aparılması, əkin atlaslarına uyğun əkinlərin həyata keçirilməsi, məhdud kənd təsərrüfatına yararlı torpaq sahələrindən səmərəli istifadə olunması muxtar respublikada əkinçilik üzrə məhsuldarlıq göstərici­lərində öz əksini tapmışdır.
1 yanvar 2020-ci il tarixə muxtar respublikada suvarılan torpaq sahəsi ötən illə müqayisədə 799 hektar çox olmaqla, 62 min 231 hektar təşkil etmişdir. Bu artım isə Kəngərli və Şahbuz rayonlarında yeni qurulmuş qapalı suvarma şəbəkələrinin, həmçinin Babək, Culfa, Ordubad rayonlarında və Naxçıvan şəhərində meyvə bağlarının salınması və həmin sahələrin su ilə təmin edilməsi hesabına mümkün olmuşdur. Son dövrlər həyata keçirilmiş islahatlar nəticəsində 2019-cu ildə muxtar respublikada 33 min 308 hektar sahədə taxıl əkini aparılmış, əkin sahələrindən 102 min 984 ton taxıl məhsulu yığılmışdır ki, bu göstəricilər son 4 ilin ən yüksək göstəriciləridir. Məhsuldarlıq isə orta hesabla hər hektara 30,9 sentner təşkil etmişdir ki, bu da son 12 ilin ən yüksək göstəricisi kimi qeydə alınmışdır.

Kartof əkini üzrə də ötən il muxtar respublikada bu dövrədək mövcud olan ən yüksək göstəricilər müşahidə edilmişdir. Belə ki, 3228 hektar sahədə kartof əkini aparılmış, 50 min 92 ton məhsul əldə edilmiş, hər hektar üçün orta məhsuldarlıq 155,2 sentner təşkil etmişdir. Kartof istehsalının 33,7 faizi Şərur rayonunun payına düşmüşdür.

Muxtar respublikada son dövrlər tütünçülüyün inkişafı istiqamətində atılmış addımlar da artıq öz bəhrəsini verməkdədir. Ötən il 50,5 hektar sahədə tütün əkini aparılmış, 97,2 ton məhsul əldə edilmişdir ki, bunun da 72,7 faizi Kəngərli rayonunun payına düşmüşdür.

Yeni yaradılmış Şərur Sənaye Məhəlləsində yaxın gələcəkdə qarğıdalı yağı istehsalı sahəsinin fəaliyyətə başlaması isə bu məhsulun əkininə marağı daha da artıracaq. Xatırladaq ki, 2019-cu ildə tədarük məntəqələri tərəfindən məhsul istehsalçılarından qarğıdalının hər kiloqramı 40 qəpikdən qəbul edilmişdir.

Heyvandarlıq sahəsində də ötən il yüksək nəticələr əldə olunmuş, ümumilikdə, 15 min 517 ton ət (kəsilmiş çəkidə), 85 min 637 ton süd, 89 milyon 629 min 800 ədəd yumurta istehsal edilmişdir ki, bunlar da müvafiq olaraq bu dövrədək qeydə alınmış ən yüksək göstəricilərdir.

Kənd təsərrüfatının inkişafında, bu sahədə yüksək məhsuldarlıq əldə edilməsində muxtar respublikada fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının rolu da danılmazdır. 2019-cu il ərzində kredit təşkilatları tərəfindən verilmiş kənd təsərrüfatı yönümlü kreditlərin həcmi 12 milyon 434 min 300 manat təşkil etmişdir ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 2 dəfədən çox artım deməkdir.

Təbii ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı, eyni zamanda yuxarıda sadaladığım uğurlar həyata keçirilən aqrar siyasətin birbaşa nəticəsidir. Ancaq bu sahədə həyata keçirilən mühüm dövlət tədbirlərinə baxmayaraq, nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı iqtisadiyyatın digər sahələrindən özünəməxsus xüsusiyyətləri, o cümlədən təbii-iqlim şəraitindən asılılığı baxımından fərqlənir. Eyni zamanda aqrar sahədə risk faktorunun yüksək olması, bütövlükdə, iqtisadiyyatın stabil inkişafına mənfi təsir göstərən amillərdən birinə çevrilir.

Kənd təsərrüfatı istehsalına xas olan risklər aqrar sahənin səmərəli kreditləşməsinə də mane olur. Belə ki, təbii-iqlim şəraitinin əlverişsizliyi səbəbindən yaranan itkilərin sığortalanmaması, nəticə etibarilə, maliyyə fəaliyyətinə də ciddi zərər vurur. Nəticədə, bu məqsədlə götürülmüş kreditlərin qaytarılma imkanları məhdudlaşır, bank sektorunun isə bu sahəni kreditləşdirmə marağı azalır.

Bu və digər faktorlar nəzərə alınaraq aqrar sahədə risklərin aşağı salınmasının mühüm vasitələrindən ən başlıcası məhz kənd təsərrüfatı məhsullarının sığortalanmasıdır. Sığorta­lanma nəticəsində zərərvericilər, xəstəliklər, həmçinin quraqlıq, dolu və digər bu kimi təbii hadisələr səbəbindən yaranacaq risklərin minimuma endirilməsi, cüzi sığortahaqqı qarşılığında baş verə biləcək sığorta hadisələrindən minimum zərərlə çıxılması imkanı təsərrüfatçılarda bu sahəyə marağı daha da artırır.

Kənd təsərrüfatı istehsalının sığortalanması prosesində dövlətin aktiv müdaxiləsi isə baş verə biləcək problemlərin həllinin ən effektiv yollarından biri sayılır ki, bu da inkişaf etmiş ölkələrin təcrübəsində geniş tətbiq olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 8 yanvar tarixli Fərmanı ilə yaradılmış Aqrar Sığorta Fondu bu sahədə muxtar respublikamızda kənd təsərrüfatının inkişafı istiqamətində aparılan tədbirlərin davamı olaraq böyük əhəmiyyət kəsb edir. Fondun yaradılmasında məqsəd kənd təsərrüfatı məhsulları istehsalçılarının təbii fəlakət və ya digər sığorta hadisələrindən sığortalanmasında dövlətin iştirakını təmin etməklə aqrar sahədə sığortanın inkişafını stimullaşdırmaq və sığorta­olunan təsərrüfat subyektlərinə dəyən zərərin ödənilməsinə verilən zəmanətin iqtisadi əsaslarını gücləndirməkdən ibarətdir. Fond tərəfindən sığorta şərtləri müəyyən edilərkən xarici təcrübə əsas götürülmüşdür.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş sığorta predmetləri üzrə müəyyənləşdirilmiş sığortahaqqının 50 faizinin dövlət vəsaiti hesabına, qalan 50 faizinin isə istehsalçının öz şəxsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Aqrar sığortanın predmetinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, tütün, üzüm, limon, badam daxil edilmişdir. Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə isə 1 yaşdan 7 yaşa qədər südlük inək və camışlar, akvakultura məhsulu üzrə isə balıqlar sığorta predmeti kimi müəyyən edilmişdir. Sığorta predmetləri üzrə risklərin tərkibinə təbii fəlakətlər qismində zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, həmçinin yanğınlar, bitki xəstəlikləri və zərərvericiləri, yoluxucu heyvan xəstəlikləri və zəhərlənmələr, o cümlədən ilan və ya həşərat sancması nəticəsində ölüm, zəhərli otlar və yemlərdən zəhərlənmə nəticəsində ölüm, kütləvi zəhərlənmələr nəticəsində ölüm, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləri nəticəsində ölüm halları daxil edilmişdir.

Bitkiçilik məhsulları üzrə sığorta məbləği 1 hektardan əldə edilmiş məhsulun dəyərinin 70 faizi həcmində hesablanmışdır. 1 hektardan alınan məhsulun dəyərinin hesablanması zamanı isə 1 hektar əkinə görə məhsuldarlıq göstəricisi əsas götürüldüyündən və bu göstərici şəhər və rayonlar üzrə fərqli olduğundan sığorta məbləği də buna uyğun olaraq diferensiallaşdırılmışdır. Sığortahaqqı isə bütün hallarda sığorta məbləğinin 5 faizi həcmində müəyyən edilmişdir. Müəyyən edilmiş sığortahaqqının 50 faizinin istehsalçı, 50 faizinin isə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Məsələn, Naxçıvan şəhərində 1 hektar buğda əkini sahəsində orta məhsuldarlıq 30 sentner, 1 sentner buğdanın qiyməti isə 35 manat olduğundan 1 hektar sahədən əldə edilmiş buğda məhsulunun dəyəri 1050 manat (30*35) təşkil edir. Bu halda sığorta məbləği 735 manat (1050*70%) olacaq. Sığorta məbləğinin 5 faizi həcmində sığortahaqqı müəyyən edildiyindən cəmi sığortahaqqı 36,75 manat (735*5%) təşkil edəcək. Sığortahaqqının 50 faizi dövlət büdcəsi vəsaiti hesabına ödənildiyindən təsərrüfatçı tərəfindən ödənilən sığortahaqqı 18,37 manat (36,75*50%) olacaq. Bu isə o deməkdir ki, əvvəlcədən əkilmiş 1 hektar buğda sahəsi üçün ödənilmiş 18,37 manat kiçik sığortahaqqı qarşılığında baş vermiş hər hansı sığorta hadisəsi zamanı müvafiq komissiyanın rəyinə uyğun olaraq 1 hektar buğda sahəsinə dəymiş zərərə görə Aqrar Sığorta Fondu tərəfindən zərərçəkən sığortalıya 735 manat məbləğində vəsait ödəniləcəkdir.

Onu da qeyd etmək lazımdır ki, bitkiçilik məhsullarına görə sığorta məbləği və sığortahaqqı gələcəkdə məhsuldarlıqda və qiymətlərdə baş vermiş dəyişikliklər nəzərə alınmaqla hesablanır.

Südlük inək və camışlara görə sığorta məbləği heyvanın yaşına uyğun olaraq qiymətinin 100 faizi həcmində, sığortahaqqı isə sığorta məbləğinin 6 faizi həcmində müəyyən edilmişdir. 1 baş heyvana görə hesablanan sığortahaqqının da 50 faizinin mal sahibi, 50 faizinin isə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Məsələn, 2 yaşdan 4 yaşa qədər olan bir baş südlük inəyin orta bazar qiyməti 1400 manat olduğundan sığorta məbləği 1400 manat (1400*100%), sığortahaqqı isə 84 manat (1400*6%) olacaq. Sığortahaqqının 50 faizi dövlət büdcəsi vəsaiti hesabına ödənildiyindən mal sahibi tərəfindən ödəniləcək məbləğ 42 manat (84*50%) təşkil edəcək. Sığorta hadisəsi zamanı dəymiş zərərə görə fond tərəfindən sığortalıya müvafiq komissiyanın rəyi əsasında nəzərdə tutulmuş sığorta məbləğinin ödənilməsi təmin ediləcəkdir.

Akvakultura məhsullarına (balığa) görə sığorta məbləği hesablanarkən 1 kiloqram balığın qiyməti nəzərə alınır. Sığorta məbləği və sığortahaqqı isə müvafiq olaraq 100 faiz və 6 faiz təşkil edir.

Ümumilikdə, kənd təsərrüfatı məhsullarının sığortalanması könüllü şəkildə tərəflərin qarşılıqlı inam və etibarlılıq prinsipi əsasında həyata keçirilir. Bu məqsədlə sığortalı tərəfindən sığorta hadisəsi baş verən zaman problemlərlə üzləşməmək üçün təsərrüfatlar standartlara uyğun şəkildə qurulmalı, bitkiçilikdə dər­manlama, alaq otlarının təmizlənməsi, mütərəqqi əkin üsullarından istifadə edilməsi, vaxtında və düzgün suvarılma, kənd təsərrüfatı heyvanlarının saxlanma şəraiti, peyvəndləmə tədbirlərinin vaxtında aparılması və digər zoobaytar tədbirlərin həyata keçirilməsi təmin edilməlidir.

Aqrar sığorta sisteminin tətbiqi kənd təsərrüfatının dinamik inkişafına böyük təkan verəcək. Düzdür, bu gün bu sığorta növü könüllü şəkildə həyata keçirilir. Ancaq min bir zəhmətlə məhsul yetişdirib son məhsulu əldə edəbilmə qayğısı olan hər bir təsərrüfatçı özünü baş verə biləcək bütün risklərdən qorumağı bacarmalıdır. Yalnız bu halda təsərrüfatdan gəlir əldə etmək haqqında düşünmək olar. Baş verə biləcək risklər isə bir çox hallarda böyük xərclərlə nəticələnir. Ödəyəcəyimiz kiçik sığorta haqları isə bizləri bu böyük xərclərdən azad edəcək. Bu baxımdan aqrar sığorta sistemi təsərrüfatçının sabit gəlirləri üçün zəmanət rolunda çıxış edir.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Ali Məclis Sədrinin bu sahədə müəyyən etdiyi vəzifələr, o cümlədən sessiyada qəbul olunmuş fəaliyyət proqramında muxtar respublikada sığorta işinin təkmilləşdirilməsi, aqrar sığorta bazarının formalaşmasına və inkişafına köməklik göstərilməsi, Aqrar Sığorta Fondunun fəaliyyətinin gücləndirilməsi istiqamətində aidiyyəti təşkilatlar qarşısında qoyulmuş tapşırıqlar bu sahənin dövlətin daim diqqət mərkəzində olduğunu bir daha təsdiq edir.

Elçin ƏLİYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının
İqtisadiyyat şöbəsinin müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: