Azərbaycanın mədəniyyətlərarası dialoqda dünyaya çağırış etdiyi sülh və həmrəyliyin, İslam əxlaqı və mədəniyyətinin, tolerant fikir və düşüncənin, qədimlik və müasirliyin harmoniyası, Azərbaycanın İslam aləmində yeri və İslam sivilizasiyasına töhfələrini biz bu gün bir daha gördük. İyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən "İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan" tədbirinin Naxçıvan Dövlət Televiziyası və NUHÇIXAN İnformasiya Agentliyi vasitəsilə internet üzərindən bütün planetə canlı yayımlanan təntənəli açılış mərasimində yenidən İslam həmrəyliyinə şahidlik etdik.
Açılış tədbirində “Mənim Naxçıvanım” foto-sərgisinə və “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” televiziya filminə baxış oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış etdilər. Rəsmi çıxışların ardından isə Naxçıvan Dövlət Filarmoniyasının tədbir üçün hazırladığı konsert proqramı açılış tədbirinin iştirakçılarına təqdim edildi.
Tədbirdə TÜRKSOY-un baş katibi, eləcə də dünyanın dörd bir yanından İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri və digər ölkələrin rəsmi şəxslərindən ibarət nümayəndə heyətləri iştirak edirdilər.
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” tədbirləri çərçivəsində tədbir iştirakçıları və qonaqların proqramında Naxçıvanın tarix və mədəniyyət abidələri, muzeyləri, dini-turizm imkanları ilə tanışlıq da vardı.
Məlumat üçün qeyd edək ki, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” mədəniyyət ili çərçivəsində İSESKO-nun 2018-ci il üçün Fəaliyyət Planına uyğun olaraq iyunun 20-21-də Bakıda “Mədəniyyət sənayesində investisiyanın vacibliyi və onun gənclər arasında işsizliyin azaldılmasında rolu” üzrə milli seminar təşkil olunacaq. Həmçinin iyunun 21-22-də Naxçıvan şəhərində “Üzv ölkələrdə İSESKO-nun Yaşıl Şəhərlər Strategiyasının həyata keçirilməsi” üzrə ekspertlərin görüşü keçiriləcək.
İslam tolerantlığı
Dünyanın nəhəng fikir adamları İslam dininin gözəlliyi, ali dəyərləri haqqında həmişə heyranlıqla danışıblar, bu dinə yüksək ehtiram göstəriblər. Zamanın sərt küləkləri yüzillər boyu nəinki İslam dininin dəyərini azaltmış, əksinə, onun əbədiyaşarlığını təsdiq etmişdir. Bəşəriyyəti haqqa, ədalətə, dostluğa, sülhə, insanpərvərliyə çağıran İslam dininin inkişafı sivilizasiyalararası dialoqa və mədəniyyətlərin harmoniyasına daim öz töhfəsini verir.
İslam mədəniyyəti və onun sivilizasiyalararası dialoqa verdiyi töhfələr daim bəşəriyyətin tərəqqisi, tolerantlığın formalaşması və inkişafı istiqamətində aparıcı rol oynamışdır. Elm sahəsində məşhur bir kəlam var. Deyirlər ki, ən dahi kəşflər, ən böyük mədəniyyətlər müxtəlif sivilizasiyaların qovşağında yaranır. Bu baxımdan coğrafi mövqeyinə görə mühüm bir bölgədə yerləşən, Orta Asiya ilə Türkiyəni, İranla Rusiyanı, geniş anlamda Şərqlə Qərbi, Şimalla Cənubu bir-birinə bağlayan Azərbaycan və onun ayrılmaz parçası Naxçıvan mədəniyyətlərin təmas xətti kimi dünya üçün çox əhəmiyyətlidir. Dünya Azərbaycanı bu gün modern bir dövlət olaraq, eyni zamanda İslam dininə etiqad edən insanların vətəni, Avropa dəyərlərini əxz etmiş, Qərbə inteqrasiya edən unikal bir məkan olaraq qəbul edir.
Tolerantlıq mühiti olmayan ölkədə sivilizasiyaların, mədəniyyətlərin dialoqundan danışmaq olmaz. Azərbaycan tarixən mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu yer olub. İslam dünyasını Azərbaycansız təsəvvür etmək olmaz. Azərbaycan İslam dünyasına həmişə böyük abidələr bəxş edib. İslam mədəniyyətinə aid bir çox abidələri qoruyub saxlayıb, yaşadıb.
Azərbaycan mədəniyyəti, hüquqi, sivil, demokratik dövlət quruculuğu amili məhz İslam mədəniyyəti ilə türk mədəniyyətinin, Avropa dəyərlərinin çox uğurlu sintezindən yaranıb. Azərbaycan coğrafi mövqeyinə görə qədimlərdən insan məskəni olduğundan hələ İslamdan öncə Azərbaycan ərazisində zəngin bir mədəniyyət, dövlətçilik ənənələri mövcud olub. Biz malik olduğumuz mədəniyyətin zənginliyindən, çoxşaxəliliyindən qürur duyuruq. İslam mədəniyyəti bizim mədəniyyətin çox ciddi və mühüm tərkib komponentidir. Məhz buna görədir ki, bir onillikdə iki Azərbaycan şəhəri–Bakı və Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı kimi şərəfli bir ada layiq görülüb.
İslam Mədəniyyətinin Paytaxtı - Naxçıvan
“İslam Mədəniyyətinin Paytaxtı” adına layiq görülən şəhər öz ölkəsi, regionu və İslam dünyası səviyyəsində zəngin tarixə malik olmalı, elmin, incəsənətin, ədəbiyyatın inkişafına, həm İslam mədəniyyətinə, həm də bütövlükdə dünya mədəniyyətinə xüsusi töhfə verməlidir.
Naxçıvan şəhəri öz tarixiliyi, zəngin mədəniyyəti və uğurla həyata keçirilən quruculuq xəritəsi, dini abidələrin, ibadətgahların, məscidlərin yenidən bərpası, yeni məscidlərin tikilməsi ilə daim fərqlənmişdir. Bu sahədə görülən işlər nəticəsində qeyd olunan meyarlara cavab vermiş və “İslam Mədəniyyətinin Paytaxtı” statusuna layiq görülmüşdür. Muxtar respublikanın türk-islam mədəniyyət nümunələri, dini abidələrlə zəngin olması və bəşər sivilizasiyasına dəyərli töhfələr verməsi onun “İslam Mədəniyyətinin Paytaxtı” seçilməsi amilini şərtləndirmişdir.
2018-ci ildə “İslam Mədəniyyətinin Paytaxtı” kimi şərəfli bir adı daşıyan, möhtəşəm tədbirlərə ev sahibliyi edən Naxçıvanda ta keçmişdən üzü bəri İslam dəyərləri, İslam əxlaqı yüksək səviyyədə qorunub saxlanılmışdır. Müsəlman şərqində məscid, mədrəsə, kitabxana, xəstəxana və s. bu kimi ictimai müəssisələrin təsisi ənənəsi Azərbaycan Atabəylər dövləti tərəfindən məhz Naxçıvanda yaşadılmışdır.
Mədəniyyət paytaxtı statusunu daşımaq isə ilk növbədə şəhərin mövcud potensialından asılıdır. Məhz Qafqazın, eləcə də Şərqin ən qədim şəhərlərindən biri olan Naxçıvanın 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” seçilməsi də bu potensiala malik olmağından irəli gəlir. “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2016-cı il tarixli Sərəncamında deyilir: "Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır."
2018-ci ildə Asiya regionu üzrə İslam Mədəniyyətinin Paytaxtı rolunu oynayan Naxçıvanda islami dəyərlərin qorunması, yaşadılması və düzgün şəkildə təbliğ edilməsi üçün hər zaman məqsədyönlü işlər görülmüşdür.
Naxçıvanın türk-islam mədəniyyət abidələri
Qloballaşan dünyamızda mədəniyyət amili mühüm rol oynayır. Mədəniyyətlərarası dialoq, mədəni inteqrasiya ölkələrin və xalqların bir-birini daha yaxından tanımasına imkan verir.
Naxçıvan 5 min illik qədim tarixi, mədəni zənginliyi və coğrafi mövqeyinə görə hər zaman strateji əhəmiyyət kəsb etmişdir. Dünyanın yenidən məskunlaşması tarixini simvolizə edən Nuh Peyğəmbərin məzarının, adı müqəddəs “Qurani-Kərim”də çəkilən Əshabi-Kəhf mağarasının, unikal Duz dağlarının burada mövcudluğu Naxçıvanın ilk insan məskəni kimi dünya tarixində öncül yerlərdən birini tutduğunu sübut edir. Saysız-hesabsız qədim yaşayış məskənləri – Gəmiqaya, Qazma, Oğlanqala, Gilançay, Kültəpə kimi abidələrlə yanaşı, çoxsaylı türk və İslam abidələrinin də varlığı Naxçıvan torpağının nə qədər böyük bir potensiala malik olduğunun göstəricisidir.
Naxçıvanın tarixi və mədəniyyətinin araşdırılması, öyrənilməsi və təbliğ edilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin də əsas məqsədi bu potensialı tanıtmaq, təbliğ etməkdən ibarətdir. Bu mənada, Naxçıvanın “İslam Mədəniyyətinin Paytaxtı” kimi qarşısında geniş imkanlar açılır.
Tarixən Naxçıvan memarları İslam memarlıq ənənələrindən bəhrələnərək bir-birindən dəyərli türk-islam mədəniyyəti nümunələri ilə tarix və mədəniyyətimizi daha da zənginləşdirmişlər. Memar Əcəmi Əbubəkir oğlu Naxçıvaninin sənəti nəinki Azərbaycanda, ümumilikdə Yaxın Şərq və İslam memarlığında yeni bir məktəbin əsasını qoymuşdur.
Türk-İslam mədəniyyəti tarixində mühüm yerə sahib olan Naxçıvanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun birbaşa diqqət və qayğısı ilə tarixi dəyərlərin, milli mədəniyyət nümunələrinin qorunması, yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində hər zaman mühüm işlər görülür. Qədim diyarımızda mövcud olan məscid və imamzadələr, çoxsaylı pir və ziyarətgahlar, o cümlədən tarixi abidələr – türbələr, körpülər, hamamlar və digər bu kimi obyektlər əsaslı şəkildə təmir və bərpa olunaraq istifadəyə verilmişdir.
Möminə xatın və Gülüstan türbələrinin, Xanəgah Memarlıq Kompleksinin, Ordubad Qeysəriyyəsinin, Came məscidinin, Şərq hamamının, Zaviyyə-Mədrəsə binasının, Xan sarayının, Qarabağlar Türbə Kompleksinin, Yengicə hamamının, imamzadələrin və buzxanaların tarixi görkəmi özünə qaytarılmışdır.
Mədəniyyət paytaxtına Naxçıvan töhfələri
Naxçıvan ötən dövrdə Ali Məclis Sədrinin rəhbərliyi ilə bu mədəniyyət ilinə kifayət qədər ciddi hazırlaşıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Komitənin 2016-cı il noyabrın 25-də və 2018-ci il iyunun 7-də Naxçıvanda keçirilən iclaslarında Tədbirlər Planının təsdiqi və görülən işlər müzakirə olunub, onların icrasına başlanılıb.
2017-ci il yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması haqqında” Sərəncamına uyğun olaraq loqotipin hazırlanması məqsədilə yaradıcılıq müsabiqəsi elan edilib. 2017-ci ilin mart ayında isə “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin təqdimatı olub.
Üzərində loqotip əks olunmuş döş nişanları, zərflər, poçt markaları, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransının materialları, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslamda müdrik kəlamlar”, “Naxçıvan türbələri”, “Naxçıvan hamamları”, “Naxçıvan buzxanaları”, “Qədim və müasir Naxçıvan” kitabları, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin tanıtım videoçarxı, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri” televiziya filmi, Naxçıvandakı türk-islam mədəniyyəti abidələrinin əks olunduğu suvenirlər, həmçinin üzərində loqo olan xalça, duzdan, muncuqdan, gipsdən, misdən və dəridən hazırlanmış əl işləri, müxtəlif aksesuarlar, eləcə də “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqosunun əks olunduğu yerli məhsullar hazırlanıb.
Bundan əlavə, nəfis şəkildə qablaşdırılmış yerli məhsullar, muxtar respublika ərazisindəki İslam mədəniyyəti abidələri haqqında dəqiq məlumatların toplanıldığı, Azərbaycan və ingilis dillərində nəşr olunan kitab və bukletlər də Naxçıvanın hərtərəfli təbliğatında mühüm rol oynayacaqdır.
Paytaxt statusunun Naxçıvana töhfələri
Şərq-Qərb sivilizasiya dəhlizinin kəsişməsində yerləşən bu qədim Azərbaycan şəhəri İslam ölkələrinin kütləvi informasiya vasitələrində təbliğ ediləcək, uzaq-yaxın ölkələrdə tanıdılacaq, Azərbaycan tolerantlığı, dini dəyərlərə hörmət Naxçıvan nümunəsi timsalında İslam aləminə, dünyaya təqdim ediləcəkdir.
Beş min il bundan əvvəl Naxçıvan şəhər mədəniyyətinin formalaşması, Azərbaycanın bu qədim torpağında sivilizasiyanın inkişafının müasir mərhələsi, Naxçıvanın dini-mədəni abidələri, zəngin, özünəxas təbiəti müasir dövrdə muxtar respublikanın turizm potensialının artmasına xidmət edir. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər üzrə səyahət turizminin ən ideal məkanlarındandır.
Eyni zamanda Naxçıvandakı türk-islam mədəniyyəti abidələrindən Möminə Xatın, Yusif Küseyroğlu, Gülüstan türbələrinin və Qarabağlar Türbə Kompleksinin İSESKO-nun siyahısına daxil edilməsi ilə bağlı müvafiq sənədlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Bütün bu proseslər isə Naxçıvan Muxtar Respublikası ərazisindəki türk-islam mədəniyyəti abidələrinin öyrənilməsi və təbliğində, muxtar diyarın turizm potensialının daha geniş arenada tanıdılmasında yeni mərhələnin əsasını qoymuşdur.
***
Həyat 4 ünsürün harmoniyasından qaynaqlanır. İslam aləmində 4 ünsürdən birinin-suyun xüsusi yeri var. Su ünsürü-paklığın, gücün, özünəməxsusluğun, inancın, təravətin harmoniyasıdır.
Qoynuna almaq, qəbul etmək onun mahiyyətindədir. Onun qüvvəsi isə sakitdir. Su təmkin və inadla ən möhkəm daşı belə əridər. Deməli, gücümüz həmrəyliyimizdədir.
Biz hamımız fərqliyik, lakin adət-ənənələrimiz və biliklərimiz bizi bir-birimizə bağlayır. Gəldiyimiz və ya getdiyimiz yerdən, irqimizdən və ya cinsimizdən, yaşımızdan asılı olmayaraq həmrəylik bizi birləşdirən universal vasitədir. O, böyük məsafələri qət edərək, müxtəlifliyimizdən keçərək bizə xatırladır ki, öz inancımız və insanlığımızda biz vahidik.
İslam dəyərləri ümumbəşəri dəyərlərin bir hissəsidir. Buna görə də İslam dəyərləri ilə bu gün Qərb modeli adlandırılan sistem arasında bir vəhdət mövcuddur. Həm İslam mədəniyyətini, həm də Avropa mədəniyyəti deyilən məfhumun ən müsbət məqamlarını əxz etməklə demokratik, sivil və davamlı inkişaf edən bir cəmiyyət qurmaq mümkündür. Azərbaycan məhz bu cür cəmiyyəti qurmağa nail olmuş nadir ölkələrdəndir.
Açıq düşüncəli və biliklərə can atan insanlar üçün İslam sivilizasiyası görünməmiş əqli ixtiralar fürsətidir.
Məmməd Babayev
Naxçıvan televiziyasının baş redaktoru