XX əsr Naxçıvan ədəbi mühitinin istedadlı yetirmələrindən olan Əli Səbri Qasımov (1892-1983) nəsr, publisistika, ədəbi tənqid, bədii tərcümə sahələrində çoxşaxəli fəaliyyəti ilə tanınıb. Uzunmüddətli yaradıcılığı boyunca Əli Səbri dörd yüzdən artıq məqalə yazıb ki, onların böyük bir qismi ədəbiyyat və mədəniyyət məsələlərinə, ayrı-ayrı görkəmli sənətkarlara həsr olunub. Bu baxımdan onun satirik şair-publisist Əliqulu Qəmküsarın vəfatı ilə əlaqədar yazdığı iki məqalə də maraq doğurur. Ə. Qəmküsarın 1919-cu ilin martın 14 –də Tiflisdə faciəli şəkildə qətlə yetirilməsi Azərbaycan ziyalılarını dərindən kədərləndirib. Ədibin bir sıra müasirləri mətbuatda bu barədə kədər dolu məqalələr dərc etdiriblər. Həmin yazarlardan biri də Əli Səbri idi.
Tiflisdə çıxan “Al bayraq” qəzetinin 22 mart 1919-cu il tarixli 10-cu nömrəsində Əli Səbrinin indiyədək araşdırılmayan “Təəssüf” adlı məqaləsi dərc olunub. Əliqulu Qəmküsarın faciəli şəkildə qətlini müstəqilliyinə yenicə qovuşan Azərbaycanın ziyalı mühiti üçün böyük itki sayan Ə.Səbri onun kimi ədiblərə böyük ehtiyac olduğunu nəzərə çatdırır, dünyadan nakam köçən qələm dostunun ömür və yaradıcılıq yolunun yarımçıq qalmasına təəssüflənirdi: “Əliqulu vəfat edib. Nasıl və nə vaxt vəfat edib? Bu gün müstəqil, kəndi müqəddəratını kəndi əlinə almış Azərbaycan ürəfa yoxsunundan kəndisini bankrot elan etməyə qədər vardığını hiss edən zaman Əliqulunu qeyb etdi. Baxtı sərnigün ədib və şüəraya əşəd ehtiyacı olan vətənin şüəra və ziyalılarının zümrəsindən Əliqulu Qəmküsar da əlindən çıxdı. Çıxdı da, çox şeirlərin demədi. Bütün qabiliyyət və istedadını göstərəmədi. Vəfat eylədi. Fəcianə şəkildə Tiflisdə qətl edildi”.
Məqalə göstərir ki, Əli Səbri Ə.Qəmküsarın bioqrafiyasına və yaradıcılıq fəaliyyətinə yaxından bələd olub. Ə.Səbri onun geniş mütaliə sayəsində türk, fars və ərəb ədiblərinin diqqətəlayiq əsərlərinə bələdliyini vurğulayıb: “Üdəba arasında başqa bir mövqe tutub. Bütün fars, türk və ərəb şüərasının bərgüzidələrinin asarına aşina idi”. Məqalə müəllifi onu da obyektiv şəkildə nəzərə çatdırırdı ki, Ə.Qəmküsarın şeirləri, əlbəttə ki, Məhəmməd Füzulinin, yaxud Nabinin əsərləri qədər yüksək səviyyədə deyil, lakin onun özünəməxsus istedadı və yaradıcılıq məharəti danılmazdır: “Məlumati-aliyəyə malik Əliqulunun şeirləri Füzuli, Nabinin şeirləri qədər də vala bilinməz idisə də, lakin o məziyyəti verməyə qadir idi. Onda tam mənası ilə yaradıcı qabiliyyəti var idi”.
Ə.Səbri mərhum sənətkarın nəsrlə yazdığı nümunələrə, yəni felyetonlara da dəyər verərək onun əksər əsərlərində həyatın sərt həqiqətlərinin bədii təqdimini tapdığını diqqətə çatdırıb. Ə.Qəmküsarın tənqidi mündəricəli, oxucuları güldürən əsərlərindən boy verən gülüşün arxasında xalqının, Vətəninin dərdlərinə həzin-həzin ağlayan şair ürəyinin dayandığını da Əli Səbri dəqiq və obrazlı şəkildə ifadə edib: “Bu gün şeirdən nəsrə keçiriksə, Əliqulunun “Molla Nəsrəddin” jurnalından başlamış açdığı bir cığır da var idi ki, bu günkü pərdəsi altında ağır və acı həqiqətləri qareinə təqdim edib, qareini güldürür. Fəqət kəndi ürəyini həzin-həzin ağladırdı”. Ə.Səbrinin müşahidəsinə görə, “Zahiri ağlamağı, göz yaşını Əliqulu görmək istəməz. “Ağlamaqla kişi biqeyrət olur”,- deyirdi”. Buradan anlaşılır ki, Ə.Qəmküsar böyük satirik M.Ə.Sabirin: “Ağladıqca kişi biqeyrət olur” misrasını misal çəkərmiş.
Əli Səbri yazırdı ki, Əliqulu Qəmküsar xalqı ağlayıb-sızlamaqdan uzaqlaşmağa, böyük amallar, xoşbəxt gələcək naminə çalışmağa çağırırdı: “Bunun bu şüarından məqsədi milləti fəallığa və çalışmağa dəvət etmək idi. Zira ki, nicat çalışmaqda, ruhun yüksəkliyindədir. Nəinki ağlamaqdadır”. Məqalə müəllifi şairin əsərlərinə istinadən yazırdı ki, “Əliquluda gözün deyil, ürəyin-könülün ağlamağı müşahidə olunurdu. Buna da yazdıqlarını təqib edənlər şahiddirlər”.
Ə.Səbri dostunun ailə mühiti barədə də yığcam məlumat verib. Maddi cəhətdən imkanlı ailədən olan Əliqulu atasının vəfatından bir müddət sonra ticarətdən uzaqlaşıb, maddi cəhətdən çətinlik çəksə də, mənəvi xoşbəxtliyini ədəbiyyatda, yazıb-yaratmaqda axtarıb: “Varlı-iqtidarlı bir tacir oğlu olub, mərhum pədərinin dari-üqbaya rihlətindən sonra ticarətinə davam etməyib, səadətini ədəbiyyatda görüb, bu uğurda çalışdı və sonralar maddi cəhətdən təmin olmadığına baxmayıb, ağlı və qəlbi sevdiyi karvanı irəli sürməyində davam ediyordu”. Vətənin və xalqın ağır vəziyyətindən, aldığı zərbələrdən kədərlənən Əliqulu məmləkətin ağrı-acılarını gah şeir, gah da nəsr (mənsur felyeton) şəklində qələmə alır, bu yolla həm yurddaşlarını sosial-mədəni tərəqqiyə səsləyir, həm də təsəli tapırdı: “Hissiyyatdan, bəzən mühitdən, əksər övqat millət və vətəninə vurulan zərbələrin ağırlığından hasil olan acılığı şifahi deyil, qələm vasitəsi ilə, şeir və nəsrlər ilə yoğurur və oxucularına təqdim edir və bundan istirahət bulurdu. Bundan təskinlik alırdı”.
Ə.Qəmküsarın bioqrafiyasına, dünyagörüşünə və fəaliyyətinə yaxından bələd olan müasiri Əli Səbri nakam taleli şairi istiqlal uğrunda mübarizlərdən biri kimi dəyərləndirib, həmçinin onun İran inqilabında, Səttarxan hərəkatındakı xidmətlərini də xatırladıb “Bu gün hürriyyət və istiqlaliyyətə malik olmaq iqtidarına varmağımıza zəmin hazırlayanlardan biri də Əliquludur ki, İran inqilabında da xidməti görünmüş və İran inqilabçılarının sevdiyi və tanıdığı bir vücud olub”.
Otuz doqquz yaşında, yaradıcılığının qaynar bir dövründə qatil gülləsi ilə həyata vida edən nakam Qəmküsarın ölümündən doğan kədərli təəssüratların təsirli ifadələrlə təqdimi məqalənin son bölümündə lirik-emosional çalarları daha da dərinləşdirib: “Əliqulu cavan ikən vəfat etdi. Gözləri qapandı. Daha görməyəcək. Daha yazmayacaq. Dili susdu. Əcəl hər gün gəlir. Az qüvvəmizdən birini aparır”.
Ə.Səbri fikrini obrazlı şəkildə davam etdirərək yazırdı ki, Ə.Qəmküsar kimi ziyalılar dünyasını dəyişdikcə “geridə sariban azalır. Baxtı sərnigun vətəni qorxum budur, qafiləmiz çıxarmasın”. Yəni müəllif demək istəyirdi ki, xalqın tərəqqisi naminə çalışan bu cür ziyalılar azaldıqca vətənin bəlalardan xilas olub xoş günlərə çıxması da çətinləşir.
Məqalə istiqlal yolunda yenicə addımlayan Azərbaycanın ziyalı oğlu, azadlıq mücahidi Əliqulu Qəmküsarın faciəli ölümündən doğan nəhayətsiz kədərin ifadəsi ilə yanaşı, onun əsərləri və fəaliyyəti ilə həmişə xatırlanacağına inamın ifadəsi ilə tamamlanır: “Ox! Bədbəxt ədibimiz! Vətənin tam azadlığını görmədinsə, zəif ümid şölələrini gördün. Acı həyatının şirin dəqiqələri, kəndin deyirdin, gəldi. Heç kəsi görmədin. Əfsus! Bu gün vəfatının xəbəri könül evini bərbad edən zaman bir həftə əvvəl Sədi əleyh ür-rəhmənin söylədiyin şeiri yadıma düşdü. Doğrudur:
Dövləti-cavid yaft hər ke niku nam zist,
Ke əz əğəbəş zekre-xeyr zende konəd nam ra”.
Məqalənin sonunda Sədi Şirazinin bu beytinin xatırladılması təsadüfi deyil. Anlaşılır ki, həmin misraları Ə.Qəmküsar ölümündən bir müddət əvvəl misal çəkibmiş. Beytdə deyilir ki, həyatında yaxşı ad qazanan şəxs əslində əbədi dövlət qazanır, çünki dünyasını dəyişəndən sonra onu yaxşı adam kimi yad edəcəklər. Bununla Ə.Səbri qələm dostunun mənəvi ölümsüzlüyünə inamını bir daha nəzərə çatdırıb.
Ə.Qəmküsarın faciəli ölümü ilə əlaqədar Əli Səbrinin digər bir məqaləsi isə Bakıda çıxan “Azərbaycan” qəzetinin (rusca) 29 mart 1919-cu il tarixli sayında “Əliqulu Qəmküsarın ölümünə (nekroloq yerinə)” adı ilə oxuculara çatdırılıb. Məqalənin əvvəlində Ə.Səbri yazırdı: “O məhv edildi və artıq aramızda yoxdur. Tiflisdə bir təsadüf nəticəsində öldürülən Əliqulu Nəcəfovun (“Cüvəllağı bəy”in) faciəli sonluğu barədə kədərli xəbər gəldi. Bunu eşitmək ağırdır, narahat olmamaq asan deyil”. Ə.Qəmküsarı ədəbiyyat ənginliklərində parlayıb vaxtsız sönmüş ulduza bənzədən məqalə müəllifi əsl ziyalıların az olduğu vaxtda belə itkilərin daha ağır mahiyyət daşıdığını vurğulayırdı.
Satirik sənətkarı jurnalistikamızın, poeziyasmızın ən parlaq ulduzlarından biri kimi sayan Əli Səbri onun həm şairlik istedadına, həm satirik-yumorist məharətinə, həm jurnalist bacarığına, həm də aktyorluq qabiliyyətinə yüksək qiymət verib. Mirzə Cəlilin məşhur “Ölülər” trgikomediyasında Əliqulunun böyük məharətlə oynadığı Şeyx Nəsrullah rolunu da ehtiramla xatırlayan Əli Səbri yazırdı: “O, bu tipi yaratdı və yetim qoydu”.
Ə.Qəmküsarın xalq tərəfindən sevildiyini vurğulayan Əli Səbri yazırdı: “Xalq içərisinə gedin və deyin ki, “Molla Nəsrəddin”dəki “Cüvəllağı bəy” artıq yoxdur. Siz xalqın ümidsizliyindən, sarsıntısından görəcəksiniz ki, bu itki yanından ötüb keçilən və sükutla qarşılanan itkilərdən deyil”. Varlı ailədən olan şairin atası öləndən sonra maddi qazanc dalınca getməyib bədii yaradıcılıq yolunu tutmasını xatırladan Əli Səbri yazırdı: “O, ən yaxşı illərini ədəbiyyata həsr etdi, onunla yaşadı, ədəbiyyatı sevərək getdi”.
Ə.Qəmküsarın milli müstəqillik, azadlıq, demokratiya yolunda mübarizələrdə fəal iştirakı barədə də məqalədə müfəssəl məlumatlar vardır: “Əliqulu bizim inqilab binasının azsaylı texniklərindən və qurucularından idi, bizim müstəqilliyimizi, azad varlığımızı yetişdirən azsaylı şəxslərdən idi. O öz xalqının sevinci və kədəri ilə yaşadı, bizim türk (Azərbaycan – H.H.) demokratiyasının intibahı ideyasını təcəssüm etdirdi. O, köhnə inqilabçı idi. İran inqilabı üçün çox işlər gördü. İranda elə bir inqilabçı yox idi ki, adı ona məlum olmasın. O, bizim sıralarımızdan getsə də, onun həyatı və vəsiyyətləri xalqımız üçün dəyərlidir”.
Haqqında danışılan məqalələr həm Əli Səbrinin, həm də Əliqulu Qəmküsarın ömür və sənət yolu ilə bağlı bəzi məsələlərin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Hüseyn Həşimli
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini,
Əməkdar elm xadimi, professor