“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” tədbirində iştirak edən Yaxın Şərqdən və Orta Asiyadan olan qonaqlar Naxçıvanla tanış olublar. Naxçıvan şəhərindəki muzeylər, tarixi abidələr və turizm obyektlərini gəzən qonaqlara burada ətraflı məlumat verilib. Naxçıvanın 5 min illik şəhərsalma mədəniyyəti, tarixən dini dəyərlərə verilən qiymət və vətəndaşların müasir Naxçıvana xüsusi qayğı ilə yanaşması qonaqların marağına səbəb olub. İki ölkə arasında tarixi əlaqələrin və mədəniyyətlərin yaxınlığını bildirən qonaqlar öz təəssüratlarını NUHÇIXAN-la bölüşüblər. Özbəkistandan gələn Farrux Sattarov qədim mədəniyyətimizin vurğunu olub. Qonaq fikirlərini belə ifadə edib: “İlk dəfədir Azərbaycandayam. Mədəniyyətinizə heyran qaldım. O, Özbəkistan və Orta Asiya dövlətlərinin mədəniyyətinə çox yaxındır. Türk mədəniyyətinin məhz bu mənada dünyaya yayılması hiss edilir. Memarlıq, insanların məişəti özbəklərin memarlıq və məişətinə çox bənzəyir. Bundan savayı dilimiz də yaxındır. Bir-birimizi yaxşı anlayırıq. Burada başqa yardımçı dilə ehtiyac qalmır. Məni tarixi abidələr valeh etdi. Dövlət və xalqın bu abidələri necə qoruduğunu da hiss etdik. Bu nəyi göstərir? Azərbaycanda varislik ardıcıl olaraq davam etdirilir. Yaşlı nəsil gənc nəslə öyrədir: əlimizdə olanı qoruyaq, tariximizi unutmayaq”.
Qazaxıstan Mədəniyyət və İdman nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Manurə Mirzəddiyeva bu tədbiri müsəlman aləmi üçün mühüm hadisə hesab edir. Burada tarixi abidələrə göstərilən diqqəti isə qazaxıstanlı qonaq bütün dünyaya yayılası nümunə hesab edir. Manurə Mirzəddiyeva öz təəsüratları ilə bağlı bunları vurğulayıb: “Azərbaycana ilk gəlişimdir. Bununla fəxr edirəm. Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan edilib. Burada keçirilən rəsmi tədbirdə iştirak etməyim mənə xüsusi şərəf verir. Müsəlman aləmi üçün bu böyük nailiyyətdir. Bu gün tarixi abidələrlə tanış olduq. Tarixinizin nə qədər zəngin olduğunun şahidiyik. Naxçıvan şəhəri xalqın tarix və mədəniyyətinin bir hissəsidir. Məlumat verildi ki, burada 1200-dən çox tarixi abidə vardır. Onların hamısı qeydiyyatdan keçib. 700 abidə Ümumdünya Tarixi Abidələr siyahısına daxil edilibdir. Mən qazaxıstanlı olaraq deyə bilərəm ki, ölkələrimiz arasında həmişə qardaşlıq, isti münasibət olub və bu gün də davam edir. Qarşılıqlı əlaqələrimizin möhkəm və zəngin tarixi var. İqtisadiyyat və siyasət artıq yaxşı mənada qarışıb. Bu mənada turizm nümayəndəsi olaraq bildirmək istəyirəm ki, ölkənizdə, şəhərinizdə turizmin inkişafı üçün bütün şərait yaradılıb. Ən maraqlısı Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət etmək oldu. İnanıram ki, gələn turistlər bura ilə bağlı rəvayəti eşidib maraq göstərəcəklər, daha çox məlumat əldə etmək istəyəcəklər. Təəssüratlarımız əladır. Mən Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi münasibətilə qardaş Azərbaycan xalqını təbrik etmək istəyirəm. Sizə uğur, nailiyyətlər, gözəl əhval-ruhiyyə arzulayıram” .
Misir Ərəb Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanındakı daimi nümayəndəsi Mohamed Yehia Mohamed Negm Naxçıvanda keçirilən bu tarixi məqamda Misiri təmsil etdiyindən qürur duyduğunu diqqətə çatdırıb və bunları deyib: “Naxçıvana daha öncə gəlmədiyim üçün məyusluq hissi keçirirəm. Səfər çərçivəsində sizin bu gözəl, təmiz və səliqəli şəhəriniz haqda çox maraqlı məlumatlar əldə etdim. Mən Naxçıvandakı bu tarixi anı bir misirli olaraq burada təmsil edirəm. Etiraf edirəm ki, bura çox gözəldir”.
Digər rəsmi qonaq olan Əlcəzairin Mədəniyyət naziri Əzzəddin Mihobi tədbirin çox yüksək səviyyədə keçirildiyini qeyd edib. İnsanların qədim şəhərsalma mədəniyyətinə sadiqliyi və qədim abidələrin hələ də qorunub saxlanmasını xüsusi vurğulayıb: “Bu tədbirə dəvət aldığıma görə Azərbaycanın Mədəniyyət nazirinə öz minnətdarlığımı bildirirəm. Tədbirin bu cür yüksək səviyyədə təşkil olmasına görə hər kəsə təşəkkür edirəm. Naxçıvanın 5 min illik şəhər mədəniyyətinin olmasını nəzərə alaraq qeyd edə bilərəm ki, bu diyarın insanları şəhərin qayğısına qalır və buradakı tarixi mədəni irsi qoruyub yaşadırlar. Burada abidələrin çoxu yenidən qurulur. Buna görə də mədəniyyət və tarix qorunur. Beləliklə də bugünkü tarixi-mədəni irs gələcək nəsillərə saxlanılır. Mən hələ Əshabi- Kəhf kimi ikinci bir yer görməmişəm. Mən bu tarixi diyarın mədəniyyət abidələrini görərkən çox təəccübələndim. Fikirlərimi ifadə etməyə söz tapa bilmirəm”.
Səməd Canbaxşiyev