Nargisin “Metakədər” kitabının təqdimatı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, martın 12-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda gənc yazar Nargisin (Nərgiz İsmayılova) “Metakədər” kitabı təqdim olunub.

Tədbiri açan yazıçı-jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bildirib ki, gənc yazarın yaradıcılığı ilə yaxından tanışdır. Nargis daim mətbuatda maraqlı və yaddaqalan yazılarla da çıxış edir.

Tədbiri davam etdirən şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi Nargisin yaradıcılığında elm və bədiiliyin vəhdətindən genişsəpkili söhbət açaraq qeyd edib ki, gənc yazarın ədəbi nümunələri mütəmadi olaraq “Ədəbiyyat” qəzeti vasitəsilə cəmiyyətə təqdim edilir. Və o artıq imzasını təsdiqləyən gənclərdəndir.

Tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru  Azər Turan  qeyd edib ki, kitaba Nargisin 2016-2020-ci illərdə “Ədəbiyyat qəzeti”ndə çap olunmuş silsilə yazıları daxil edilib. Ədəbiyyatşünas bildirib ki, gənc yazar daha öncə esselərinə görə “Əli bəy Hüseynzadə” mükafatına layiq görülüb.

Tədbirdə yazarlardan, Varis Yolçuyev, İntiqam Yaşar, İbrahim Yusifoğlu, Qəşəm Nəcəfzadə, Zaur Ustac, Esmira Günəş, Aləm Kəngərli, Nuranə Nur çıxış edərək kitab barəsində fikilərini bildiriblər. Yazarın yaradıcılığından nümunələr səsləndiriblər.

Sonda Nərgiz İsmayılova çıxış edərək göstərilən diqqətə görə minnətdarlıq edib.

Yazara “Ziyadar” mükafatı təqdim olunub.

“Mücrü” nəşriyyatının “Proza” seriyasında nəşr edilmiş kitabın redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, ön sözün müəllifi «Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, naşiri Müşfiq Xandır.

Hazırda AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsində böyük elmi işçi vəzifəsində çalışan Nərgiz İsmayılova filologiya üzrə fəlsəfə doktorudur. 60 elmi, 400-dən çox qəzet məqaləsinin müəllifidir. Nemətullah Naxçıvani irsinin tədqiqatçısı və onun əsərlərinin tərcüməçisidir. O,  Azərbaycan Yazıçılar, Jurnalistlər və Dünya Gənc Türk Yazarlar birliklərinin üzvü, Prezident mükafatçısıdır. 7 bədii nəsr, 6 tərcümə əsərinin müəllifidir. “İçimdəki Merilin”, “Beklenen dolunay”, “Qardələn” romanları geniş oxucu kütləsinin rəğbətini qazana bilib.  “Müqəddəs məkan – Naxçıvan” kitabı isə qədim diyara həsr edilib.  

“Metakədər” müəllifin sayca 8-ci kitabıdır.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: