Dünya Səhiyyə Təşkilatının (DST) saytında qurumun ekspertlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri barədə məlumat yerləşdirilib. NUHÇIXAN xəbər verir ki, məlumatda ölkəmizin koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər, eləcə də DST ilə əməkdaşlığı təqdir olunur.
Missiyanın məlumatında bildirilir ki, Azərbaycan COVID-19 infeksiyasının geniş yayıldığı İranla həmsərhəd olsa da, öz ərazisini virusun yayılmasından etibarlı qorumağı bacarır.
Məlumatda Azərbaycanın DST-nin yeni koronavirusun yayılmasının qarşısını almaq üçün ən qabaqcıl laboratoriya dəstlərini alan 17 ölkədən biri olduğu da bildirilir.
Dünya Səhiyyə Təşkilatının nümayəndə heyətinin Azərbaycana martın 9-dan 13-dək davam edən 5 günlük səfəri çərçivəsində ekspertlər Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təmsilçiləri ilə respublika və regional səviyyəli xəstəxanalara, həmçinin Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarına, Azərbaycan Tibb Universitetinə və sərhəd keçid məntəqələrinə baş çəkib, ölkədə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlərlə tanış olublar.
Məlumatda, həmçinin Azərbaycan hökumətinin qonşu ölkələrlə əlaqəli şəkildə COVID-19 virusunun dünyada yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə DST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul etdiyi də bildirilir və bu qərar DST tərəfindən təqdir edilir.
Azərbaycan Respublikası və Dünya Səhiyyə Təşkilatı (DST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Respublikası DST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. DST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.