Qida Təhlükəsizliyi Agentliyindən NUHÇIXAN-a bildiriblər ki, kalsium çatışmazlığının hiss edilməyən, yüngül, şiddətli, hətta həyatı təhdid edəcək ölçüdə məlum olan simptomları var. Erkən diaqnoz qoyularsa, orqanizmdə kalsium çatışmazlığından yaranan problemlərin baş verməsinin qarşısı alına bilər. Kalsium çatışmazlığı zamanı əzələ spazmları, ürək ritminin pozulması, üz, əl və ayaqlarda uyuşma, hafizə zəifləməsi, depressiya, əzələ ağrıları, dəridə quruma, dırnaq qırılmaları kimi əlamətlər ortaya çıxır. Həmin elementin orqanizmdə kəskin defisiti zamanı ürək çatışmazlığı, udmada çətinlik, səsin dəyişməsi, sümüklərdə kövrəklik, dəmrov xəstəliyi, katarakt, əzələ gücsüzlüyü kimi simptomlar yaranır. Orqanizmdə kalsium elementinin artıq miqdarı ürək və nəfəs çatışmazlığına səbəb olur. Uşaqlarda raxit xəstəliyi də kalsium və D vitamini çatışmazlığının əlamətlərindəndir.
Nəinki kalsiumun, ümumiyyətlə bütün mineral və vitaminlərin orqanizmdə çatışmazlığının qarşısını almaq üçün balanslaşdırılmış qidalanmaya üstünlük vermək lazımdır. Gün ərzində tərkibində kalsiumla zəngin qidalar qəbul etməklə orqanizmin kalsiuma olan tələbatını ödəmək olar. Bunun üçün qida rasionuna mütləq süd, qatıq, kəsmik, pendir, brokkoli, kahı, kələm, paxla, mərcimək, lobya, yaşıl noxud, badam, fındıq, çia və balqabaq toxumu, küncüt kimi qidaları daxil etmək lazımdır.
Kalsiumun orqanizmdə normal mənimsənilməsi üçün müəyyən şərait lazımdır. Belə ki, D vitamini çatışmazlığı olan şəxslərin orqanizmi tərəfindən kalsium səmərəli şəkildə mənimsənilmir. Buna görə kalsiumla bərabər D vitamininin də qandakı səviyyəsi nəzarətdə saxlanılmalıdır. Bundan başqa qida rasionunda normadan artıq liflə zəngin qidalara üstünlük verildikdə həzm sistemi pozğunluqları, artıq sink və alüminium qəbulu kalsiumun orqanizmdə sovrulmasına mane olur. Yaşıl yarpaqlı tərəvəzlər və taxılın tərkibindəki oksalat və fitin turşuları kalsiumun sovrulmasına mane olduğundan, adətən vegeterianlarda da həmin elementin mənimsənilməsinə mənfi təsir edir.
Qeyd edək ki, həkim məsləhəti olmadan qida əlavəsi kimi kalsium preparatının qəbulu rasional üsul deyildir. Çünki bu məhsulların tərkibindəki kalsium duzlarının hamısı insan orqanizmi üçün eyni dərəcədə faydalı deyildir. Belə ki, kalsiumun sitrat və qlisinat duzları daha faydalıdır, həm də gündəlik normanın təyin edilməsi zamanı qida rasionu da nəzərə alınmalıdır.