AMEA-nın müxbir üzvü, dilçi-türkoloq alim Əbülfəz Quliyevin 70 illik yubileyi ərəfəsində biblioqrafik göstəricisi işıq üzü görüb.
Bölmənin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇXAN-a verilən xəbərə görə, nəşrdə Azərbaycan dilçilik elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alimin elmi və pedaqoji fəaliyyətinin 1972-ci ildən bugünədək olan dövrü əks olunur.
Elmi redaktoru akademik İsmayıl Hacıyev olan kitabda alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri, monoqrafiyaları, tərtib və tərcümə etdiyi kitabları, elmi kütləvi məqalələri, dərslik və redaktə etdiyi əsərləri yer alır. Filologiya üzrə fəlsəfə doktoru Aliyə Əbülfəzqızının tərtib etdiyi vəsaitdə həmçinin alimin ictimai və elmi pedaqoji fəaliyyəti ilə bağlı qısa oçerk də verilib.