Qədim Naxçıvan müstəqillik illərində, xüsusilə son iyirmi beş il ərzində hərtərəfli inkişaf yolu keçərək ədəbi-mədəni mühitin yeni yüksəlişinə nail olub. Naxçıvanda milli-mədəni ənənələr sədaqətlə qorunur, eyni zamanda müasir dünya mədəniyyətinə inteqrasiya da sağlam əsaslar zəminində həyata keçirilir.
Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvan bölgəsində təbiət elmləri ilə yanaşı, humanitar elmlərin inkişafına da dövlət qayğısı daha da genişləndi. Belə ki, 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan” simpoziumunun keçirilməsi bu sahədə atılan ilk addımlardan biri oldu. Sonralar Ali Məclis Sədrinin təşəbbüsü, ulu öndərin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılan AMEA-nın Naxçıvan Bölməsi regionun elmi inkişafında mühüm rol oynadı.
Regionun maddi və mənəvi sərvətlərini daha effektli şəkildə öyrənmək akademiyanın Naxçıvan bölməsinin 6 elmi-tədqiqat müəssisəsi qarşısında bir vəzifə olaraq qoyulub. Bu elmi-tədqiqat institutlarından biri də İncəsənət, Dil və Ədəbiyyat İnstitutudur. 7 şöbəsi olan institutda bölgənin ədəbi və folklor mühitinin,onomastik mənzərəsinin, dialekt və şivələrinin, teatr və musiqi həyatının, incəsənət aləminin öyrənilməsi əsas istiqamətlər kimi fəaliyyət göstərir. 2003-cü ilin əvvəllərində bu institut ikisi elmlər namizədi olmaqla 4 elmi işçi ilə fəaliyyətə başlasa da sonrakı dövrlərdə bu sayı 20-yə qədər artıb. Keçən dövr ərzində Naxçıvan Bölməsində humanitar elm sahələri əhəmiyyətli dərəcədə inkişaf edib,müvafiq sahələrin araşdırılması istiqamətində xeyli iş görülüb.
İnstitutun aparıcı tədqiqat sahələrindən biri olan Naxçıvan ədəbi mühiti çox zəngin ədəbi ənənələrə malikdir. Bu mühitdə Əziz Şərif, Məmmədcəfər Cəfərov,Abbas Zamanov, İsa Həbibbəyli kimi görkəmli elm adamları yetişib. Qeyd edək ki, muxtar respublikamızda bölmənin də hər il mütəmadi şəkildə fəal iştirak etdiyi Cəlil Məmmədquluzadə və Hüseyn Cavid günləri keçirilməkdədir. Həmin istiqamətdə bu böyük mütəfəkkirlərin ədəbi irsi geniş şəkildə araşdırılıb və “Cəlil Məmmədquluzadə:taleyi və sənəti”, “Hüseyn Cavid: taleyi və sənəti”, ”Ərtoğrol Cavid:taleyi və sənəti” kitabları ərsəyə gəlib. Bundan əlavə, Ali Məclis Sədrinin sərəncamları əsasında bu torpağın görkəmli yetirmələri olan Nemətullah Naxçıvani, Məhəmməd ağa Şahtaxtlı, Məhəmmədtağı Sidqi, Eynəli bəy Sultanov, Məmməd Araz, İslam Səfərli, Hüseyn İbrahimov yaradıcılığı milli ideologiyamızın tələbləri səviyyəsində tədqiq olunub, bir sıra klassiklərin əsərləri toplanılaraq nəşrə hazırlanıb, ilk dəfə müasir ədəbi ictimaiyyətə çatdırılıb. Mövlana Cəlaləddin Ruminin 3 cildlik “Məsnəvi” kitabı, Nemətullah Naxçıvaninin yenə 3 cildlik “Əl-fəvatih-ül ilahiyyə vəl- məfatihül-qeybiyyə” əsərləri dilimizə tərcümə edilərək nəşr edilib. Eyni zamanda akademik İsa Həbibbəylinin C.Məmmmədquluzadəyə və naxçıvanlı müasirlərinə həsr olunan fundamental tədqiqatları ədəbiyyatşünaslığımızı zənginləşdirən qiymətli əsərlər, muxtar respublikada humanitar elmlərin inkişafına göstərilən diqqət və qayğının bariz təzahürü kimi diqqəti cəlb edir.
Ali Məclis Sədrinin iştirakı ilə Məhəmməd ağa Şahtaxtlının yubileyi ilə əlaqədar Kəngərli rayonunun Şahtaxtı kəndində Şahtaxtinskilər muzeyi,M.Sidqinin yubileyi ilə əlaqədar Ordubad şəhərindəM.Sidqinin ev-muzeyi, M.Arazın yubieyi ilə əlaqədar Şahbuz rayonunun Nursu kəndində M.Arazın ev-muzeyi açılıb. Son illərdə ərsəyə gələn “Nuhçıxandan Naxçıvana”,“Şərq qapısı” və Naxçıvanda ədəbi mühit”, ”Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri”, “Naxçıvanlı yazıçılar və “Məktəb” jurnalı”, “Naxçıvan aşıq ədəbi mühiti”, “Naxçıvan ədəbi mühitinin yetirməsi:Seyid Səbri” və s. monoqrafiya və kitablar Naxçıvan ədəbi mühitinin daha geniş şəkildə öyrənilməsi işinə böyük xidmət nümunəsidir. Həmçinin Naxçıvanlı elm adamlarımızın Nizami adına Ədəbiyyat İnstitutu ilə birlikdə “Naxçıvan ədəbi mühiti” adlı irihəcmli
Azərbaycan Elmlər Akademiyası təşkil olunduqdan az sonra, keçən əsrin 50-ci illərində akademiyanın Dil və Ədəbiyyat İnstititu bir neçə il muxtar respublikanın yaşayış məntəqələrinə çoxsaylı ekspedisiya göndərib, bölgənin dialekt və şivələrinə aid xeyli material toplanıb. Amma təəssüf ki,bir müddət bu işdə fasilə yaranıb. Lakin Naxçıvan Bölməsi yaradıldıqdan sonra bu sahə canlandırılıb, institutun Dilçilik şöbəsi qarşısında Naxçıvan dialekt və şivələrini əsaslı surətdə yenidən elmi şəkildə tədqiq etmək vəzifəsi qoyuldu. Keçən müddət ərzində şöbənin əməkdaşları vaxtaşırı əraziyə elmi ekspedisiya təşkil edərək xeyli miqdarda dialekt materialı toplayıb və bu materialları əsaslı şəkildə öyrəniblər. Artıq bu tədqiqatın bəzi nəticələri kitab və monoqrafiya şəklində nəşr edilib. Belə ki, “Naxçıvan dialekt və şivələrinin lüğəti”, “Naxçıvan dialekt və şivələrinin etnoqrafik leksikası”, “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri”,“Culfa şivələrinin fonetikası”, “Azərbaycan dilinin Naxçıvan dialektolji atlası” kimi dəyərli tədqiqat işləri işıq üzü görüb. Eyni zamanda alimlərin Türkiyə və Almaniya nəşriyyatlarında işıq üzü görən "Naxçıvan dialekt və şivələri” adlı türkcə monoqrafiya (Nahçıvan ağzı), “Nahçıvan ağızlarının söz varlığı”, ”Ortak türk kültüründə Naxçıvan ağızları” kimi əsərləri beynəlxalq miqyasda elmi ictimaiyyətə təqdim edilib.
5 min illik şəhər mədəniyyətinə malik olan Naxçıvanın qədim toponimləri də bir tarixdir. İnstitutun Onomastika şöbəsinin əməkdaşları həm elmi, həm siyasi cəhətdən böyük əhəmiyyətə malik olan araşdırmalar həyata keçirib və bu sahədə nəşr olunan “Qədim Şərur oykonimlərinin mənşəyi”, ”Naxçıvan əhalisinin etnogenezi tarixindən”, “Naxçıvan makrotoponimlərinin linqvistik xüsusiyyətləri”, “Naxçıvan oronimləri”, “Naxçıvan hidronimlərinin linqvistik xüsusiyyətləri” kimi monoqrafiyalar Azərbaycan toponomika elmini nəzəri-təcrübi cəhətdən zənginləşdirməkdə özünəməxsus rol oynayır.
İnstitumuzda sənətşünaslıq məsələləri də geniş şəkildə tədqiq olunur. Bu baxımdan teatrşünaslıq məsələlərinin tədqiqi xüsusi yer tutur. Qədim tarixi olan Naxçıvan teatrının 2008-ci ildə 125 illiyinin qeyd olunması ,“Naxçıvan teatr salnaməsi”, “Naxçıvan teatrının intibah dövrü”, ”Naxçıvan teatrı müstəqillik illərində”,”Cavid poeziya teatrı” adlı fundamental kitabların nəşri teatrşünaslığın inkişafına mühüm töhfə olub.
Sənətşünaslığın diğər bir istiqaməti, kadr problemi olmasına baxmayaraq -rəssamlıq sahəsində də digər qurumların, eləcə də İncəsənət,Dil və Ədəbiyyat İnstitutunun apardığı işlər diqqəti cəlb edir. Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərlinin 110 və 120 illiyi haqqında Ali Məclis Sədrinin imzaladığı sərəncamlar əsasında görkəmli rəssamın yaradıcılığı dərindən araşdırılaraq Naxçıvanda Bəhruz Kəngərli muzeyi yaradılıb və böyük fırça ustasının adını daşıyan rəssamlar parkında tunc heykəli ucaldılıb, ”Bəhruz Kəngərli:taleyi və sənəti”, ”Bəhruz bəy Kəngərlinin taleyi” kitabları nəşr edilib. Eyni zamanda bu torpağın yetirmələri Şamil Qazıyev və İbrahim Səfiyev kimi görkəmli fırça ustalarının muxtar respublikada yubileyləri qeyd edilib,onların mədəni irsi tədqiq olunub, ”İbrahim Səfi:albom-kataloq” kitabı nəfis şəkildə nəşr edilib.
Yeri gəlmişkən onu da qeyd edək ki, hazırda görkəmli musiqişünas,bəstəkar, ”Əlvan çiçəklər” ansamblının bədii rəhbəri Məmməd Məmmədovun anadan olmasının 100 illiyi muxtar respublikada geniş şəkildə qeyd edilir. Bu münasibətlə instititumuzda məqalələr nəşr edilib və yaxın zamanda konfrans keçirilməsi nəzərdə tutulub.
Naxçıvandakı humanitar elmlərin nümayəndələri artıq respublikada tanınmış mütəxəssis kimi qəbul edilir. Bu elm adamlarının bir neçəsi Bakıda dissertasiya şurasının,əlaqələndirmə şuralarının ,sanballı elmi jurnalların redaksiya heyətlərinin üzvü olaraq fəaliyyət göstərir, opponent olaraq gənc kadrların hazırlanmasında iştirak edirlər.
Kadr hazırlığı da bölmənin, institutun qarşısında duran gündəlik işlərdən biridir. Ali Məclis Sədrinin yaxından köməyi ilə 1997-ci ildə Naxçıvanda humanitar elmləri əhatə edən ilk dissertasiya şurası fəaliyyətə başlaması kadr hazırlığı sahəsində böyük rol oynuyub. Belə ki, indiyə qədər bu dissertasiya şurasında 160-dan artıq dissertasiya işi müdafiə edilib,filologiyaya aid onlarla gənc kadr hazırlanıb.
Naxçıvan diyarında elmin inkişafı həmişə dövlət qayğısı ilə əhatə olunub.Təsadüfi deyildir ki, Naxçıvan Muxtar Respublika Ali Məclisinin VI çağırış I sessiyasında Ali Məclisin Sədri cənab Vasif Talıbov deyib: “Bundan sonra da muxtar respublikada elm və təhsilin inkişafı əsas istiqamət kimi götürüləcəkdir. Tədqiqatların əhatə dairəsi genişləndirilməli, Naxçıvan elmi mühitinin beynəlxalq aləmə inteqrasiyası sürətləndirilməlidir”.(VI çağırış I sessiya)
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, AMEA Naxçıvan Bölməsində,eləcə də əməkdaşı olduğum elmi qurumda xarici ölkələrdə elmi məqalə nəşr etdirmək,beynəlxalq əlaqələri daha da genişləndirmək üçün bütün qüvvələri səfərbər etməyə səy göstərilir. Son dövrlərdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ilə Türkiyə Respublikasındakı Türk Dil Qurumu təşkilatı və Şimali Makedoniya Respublikasındakı “Vizion” Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanması beynəlxalq elmi əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyinə böyük ümid bəsləyirik.
Beləliklə, AMEA-nın 75 illiyi çərçivəsində muxtar respublikada humanitar elmlər dövlətin diqqət və qayğısı ilə yüksək templə inkişaf etməkdə və irəliləməkdədir.
Əbülfəz Quliyev
AMEA-nın müxbir üzvü