Xalqımıza sevinc gətirən İlaxır çərşənbəsi

A- A A+

Azərbaycan etnoqrafiyasında müxtəlif bayramlara rast gəlirik. Bu bayramların hər biri özünəməxsus adətləri, tamaşaları, müxtəlif folklor nümunələri ilə zəngindir. Novruz bayramından əvvəl keçirilən çərşənbələr də özünəxas adət-ənənələri və rəngarəng tədbirləri olan el mərasimləridir.

Qeyd edək ki, bu il ilin axır çərşənbəsi olan Od çərşənbəsi mart ayının 17-nə təsadüf edir. Od çərşənbəsi əski görüşlərlə bağlı olub, Günəşə, oda,odu qoruyub saxlamaq inamına tapınma, od kultu ilə əlaqəli yaranıb. Hələ çox-çox əvvəllər insanlar odu təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki rəmzi kimi müqəddəsləşdiriblər. Əski zamanlarda insanlarda belə bir inam yaranıb ki, onlar odu nə qədər əzizləsələr, oxşasalar təbiət də bir o qədər tez qızınar, isinər, adamlara xoşbəxtlik gətirər. Bu çərşənbədə təsərrüfat sahələrində müəyyən işlərə başlanar. İlk olaraq, aran bölgələrində ağaclara qulluq edilir, birillik heyvanlar örüş sahələrinə çıxarılır. Bir sözlə, istiliyin qorunması, istiliyin yenidən qayıdıb torpağa hopması, əmək mövsümünün başlanması üçün torpağı məhsul əkininə hazırlamaq ənənəsi bu çərşənbədə əksini tapır. Od çərşənbəsi, ümumilikdə, Günəş, od, atəş inamı ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim və rəvayətlərin mənbəyidir. Od üzərindən atlanmaq təmizlik və arınma anlamı daşıyır. Bir çoxları “ağırlığım-uğurluğum tökül, qal, bu odda”,– deyib odun üstündən adlamağı düzgün hesab etmirlər. Bunu bir növü odun təhqir edilməsi kimi qələmə verirlər. Lakin əski inanclarımızda od paklayıcı,günahlardan təmizləyici bir vasitə kimi qəbul edilib.

İnanclara görə, İlaxır çərşənbədə ocaq yandırmaq soy artımına da işarədir. Hətta elindən, yurdundan köç etmiş ailələr belə, bu müqəddəs gündə ona məxsus evdə işıq yandırar, ocaq çatarlar. Çərşənbə ocağı öz-özünə sönməlidir. Səhər isə qadınlar ocağın külünü torpağa, ağacların üzərinə tökərək yüksək səslə “ağaclarım bar gətir, ağaclarım bar gətir”, – deyərlər. Burada ocaq inamının və yurd anlayışının izləri aydın görünməkdədir. İnama görə, ocağı su ilə söndürməzlər, yoxsa ocaq yiyəsi adama zərər toxundurar. Od xalqımızın and yeri, inanc yeri olub. Babalarımız, ağbirçək nənələrimiz “od haqqı”, “ocaq haqqı”, “ocağa and olsun”, “ocağın nurlu olsun”,–deyiblər. Düşməni qarğıyanda da ilk öncə ocağına üz tutmuş, “ocağın sönsün”, “ocağın dağılsın”, “içinə od düşsün”,– deyə qarğıyıblar. İndi də evə, ailəyə bədbəxtlik üz verəndə “ocağı qaraldı”, “ocağı söndü”, eləcə də naxələf adama “baba ocağını kor qoydu”,– deyirlər. Elimizdə-obamızda qədim ibadət yerlərini, pirləri də “ocaq” sayıbar. Od Azərbaycanımızın döyünən ürəyi olub, yanan qəlbinə çevrilib. Yurdumuzun adı da “Odlar yurdu” kimi adlandırılıb.

İlaxır çərşənbədə olan adətlərdən biri də budur ki, il ərzində yası olan ailələrin qonşuları həmin həyətə gələr və özləri ilə gətirdiyi samandan, çır-çırpıdan ocaq qalayar və ailənin uşaqlarını çağıraraq odun üstündən adladar, ailəni yasdan çıxararlar. Yalnız bundan sonra qonşular öz həyətlərində ocaq çatarlar. Qonşu yaslıikən özünə bayram etməyi rəva bilməməsi və ona görə də ilk növbədə qonşunu yasdan çıxarmaq üçün müqəddəs oddan istifadə etməsi xalqımızın ən gözəl adətlərindən, milli dəyərlərindən biridir.

Axır çərşənbədən qabaq “ev tökülər”, yəni xalça-palazı, yorğan döşəyi havaya çıxarıb sərər, çırpar, lazım olanları təmiz suya tutar, ev-eşiyi təmizləyərək qonaq qəbul edəcək formada döşəyərlər. Çərşənbə plovu bişirilən zaman vəfat etmiş yaxın adamların adını tutaraq onların da adına düyü əlavə edərlər. Deyərlər ki, axır çərşənbədə qeybət etməz, qohum-qardaşa, tanış-bilişə mehribanlıq edərlər. Həmin günü başqası barədə pis danışmaz, dalaşmazlar. Axır çərşənbədə qapıya atılan papağı, torbanı boş qaytarmaz, xəstə yatanlara pay göndərərlər. Həmin günü küsülülər də barışarlar. Çünki el arasında deyərlər ki,yeni ilə küsülü girmək qəbahət sayılır.

İnsanlar axır çərşənbədən öncə qəbiristanlığa gedərək öz əzizlərinin qəbirlərini yad edərlər. Məhz bu adətin nəticəsidir ki, ilaxır çərşənbədən qabaq qəbiristanlıqlarda kütləvi təmzilik işləri aparılır. Çünki qəbirləri ziyarət edən zaman əzizlərinin qəbirlərinin ətrafını təmizləməyən adamlar el qınağına məruz qalardılar.

Axır çərşənbədən sonra elimizə yaz gəlir, torpaq oyanır və xalqımız bunu “Novruz bayramı” adı ilə qeyd edir.  Tarixi qədim olan Novruz bayramının əkinçilik mədəniyyətinin yaranması ilə əlaqədar yarandığı, 8-9 min il tarixə malik olduğu güman edilir. Bütün türk xalqları kimi, Azərbaycanda da bu bayram özünəməxsus formada həyata keçirilib, hər bir elimizdə müxtəlif çalarlarla zənginləşdirilib. Novruz bayramı çoxmərhələli bir bayramdır. Kiçik Çillə qurtardıqdan sonra yaz girənə qədər “boz ay” adlanan bir aylıq dövrdə Novruz bayramına hazırlıq məşqi kimi çərşənbələr həyata keçirilir, səməni göyərdilir. Novruz bayramının əsas atributlarından olan yumurta döyüşdürmə də Kiçik Çillədən başlayaraq bayramdan bir neçə gün keçənə qədər davam edərdi. Novruz bayramı gecəsi evlərdə rəngli yumurtalar bişirilər. Yumurtanı boyamaq üçün əsasən,soğan qabığından, bəzən isə boyaqotu kökü və ya samandan (sarı rəng) istifadə edilir.Hər kəs yaxın qonşu və qohumlarında olan oğlan uşaqlarının sayına uyğun yumurta boyayır. Bayramın birinci günü uşaqlar qapı-qapı gəzərək yumurta paylarını toplayardılar.

Sovet hakimiyyəti illərində bu bayram dini gerilik, keçmişin qalığı kimi qələmə verildi və qeyd olunması qadağan edildi. Lakin bütün qadağalara baxmayaraq, ölkəmizdə, o cümlədən, Naxçıvanda bu bayram daim təntənə ilə keçirilib. Müstəqillik illərində isə Novruz el bayramı kimi daha təmtəraqlı və sərbəst şəkildə qeyd edilir. Adət-ənənələrimizi,milli dəyərlərimizi qoruyub saxlamaq baxımından Naxçıvan həmişə seçilib, fərqlənib. Qədim diyarın sakinləri milli kökə və adət-ənənələrə qırılmaz tellərlə bağlı olduğu üçün bundan sonra da el bayramımız olan Novruzu böyük sevinclə, təntənəli şəkildə qeyd edəcək, onu qoruyub gələcək nəsillərə ən dəyərli milli bayram kimi çatdıracaqlar. Min illərdir olduğu kimi, Novruz ənənələri bundan sonra da yaşadılacaqdır.

                                                              Zaleh Novruzov

                                                          “Şərqin səhəri”qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: