Sədərək rayonu muxtar respublikamızda meyvə tinglərinin yetişdirildiyi məkan kimi tanınır. Rayon əhalisinin əsas məşğuliyyət növlərindən biri də bağçılıq təsərrüfatıdır.
Hazırda rayon ərazisindəki təsərrüfatlarda tinglərin yaz calağına başlanılıb. Ağacların calanması 10-dan artıq üsulda həyata keçirilir. Bağbanlar əsasən göz calağından istifadə edirlər. Çünki bu üsulla calaqların tutma faizi yüksəkdir. Bu üsuldan istifadə olunduğu zaman calaq komponentləri yaxşı qovuşur, calaqvurma zamanı az qələm tələb olunur. Bağbanlar bu materialları əsasən toxumları səpib yetişdirməklə əldə edirlər. Calaqüstü material kimi məhsuldar, sağlam, yerli şəraitə davamlı ağaclardan istifadə olunur.
Şəxsi təsərrüfatında tingçiliklə məşğul olan sakinlər deyir ki, calaq vurmaq çox incə və ustalıq tələb edən işdir. Yay mövsümündə meyvəsi bəyənilən mədəni ağaclara nişanələr qoyulur. Calaq vaxtı həmin ağacların birillik zoğundan göz kimi istifadə olunur. Calanmış gözlər - oyanmazdan çox əvvəl hər toxmacarın gözdən yuxarı hissəsi kəsib atılır. Calaq iki ilə başa gəlir.
Xatırladaq ki, rayonda “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində yeni meyvə bağları salınır, mövcud meyvə bağlarında bərpa işləri aparılır, bağların ərazisi genişləndirilir.
“Oğuz yurdu” qəzeti