Şəhərimizin Sabir küçəsini hər gün səhərin erkən saatlarında xoş bir ətir bürüyür. Uşaqlıqdan burnumuzda qalan bu xoş ətir isti lavaş ətridir. Elə mən də səhərin erkən saatlarında həm çörək almaq, həm də burada çalışanların iş prosesi ilə tanış olmaq üçün həmin lavaş sexinə yol aldım. Ətrafı bürüyən çörəyin ətri məni bir qədər acdırır, həm də bir vaxtlar anamın təndirdə çörək bişirdiyi günləri yadıma salırdı. Qışın soyuğu, yayın istisində əli xəmirli qadınlarımızın təndir başında çəkdikləri əziyyət yadıma düşür. Hadisələrin ardıcılığı elə gözümün qarşısından lent kimi süzülüb keçir:
Külü çıxarılan təndir, yanacaq tədarükü, yeraltı təndirlərin qalanma prosesi... Bu da həqiqətdir ki, o çörəyin ətri, dadı ayrı cür olsa da vaxt itkisinə səbəb olurdu.
Bu gün isə tamam başqadır. Hər gün istifadə etdiyimiz çörək sexlərdə bişirilərək hazır, əziyyətsiz bir şəkildə süfrələrimizə gəlir. Məhz elə bu gün tanıyacağımız həmsöhbətlərim sayəsində...
Söhbət çörəyi hasilə gətirən sadə peşə adamlarından gedir. Elə “Sadə qəhrəman” layihəsinin bugünkü qəhrəmanları da çörək bişirənlərdir, necə deyərlər “çörəkçilər”...
Hazırda Muxtar Respublikamızda müasir avadanlıqlarla təmin olunan onlarla lavaş sexləri əhalinin çörəyə olan tələbatını ödəməklə yanaşı sahibkarlığın inkişafına böyük təkan verir, həm də əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır.
Xoş bir ətrin məni ağuşuna apardığı xatirələrimi yaddaşımın bir küncünə “dəstələyib” qapını açıb içəri daxil oluram. Gördüyüm mənzərə mənə mehriban bir ailəni xatırladır. Bu ailənin bütün üzvləri ağ xalatlı, ağ papaqlı qadınlardır.
“Bərəkətli olsun” deyirəm .
“Xoş gəlmisiniz”- deyərək mənə isti çörəkdən bir tikə yeməyi təklif edirlər. Analarımızın bir vaxtlar sacda, təndirdə bişirdikləri lavaş bu gün burada müasir texnologiyalarla hazırlanır. Lavaş sexinin bir tərəfində un çuvalları, bir tərəfində dəstə -dəstə yığılan hazır çörəklər, bir tərəfində isə uzun masa ətrafına toplaşan xanımlar və təndir var .
Çörəkçilərə həmişə ehtiramla yanaşmışıq, çünki onlar bizi keyfiyyətli çörəklə təmin edirlər. “Çörəyi ver çörəkçiyə birini də üstəlik” deyimi də əbəs yerə yaranmayıb. Çörəkçi qadınlardan biri ilə söhbətə başlayıram. Səkinə Quliyeva deyir ki, 10 ildir bu lavaş sexində çalışır. İşi vərdənə edilmiş kündələri rəfətəyə yayıb bişirməkdir.
Niyə çörəkçi?
-Bibim də çörəkçi olub, çörək bişirməyi, bu peşəni o mənə sevdirib. Bacılarım ali təhsil alıb, amma mən çörəkçi peşəsini seçdim. Səməd Vurğun demişkən “çörək bol olarsa basılmaz vətən”. Təki elə çörək bol olsun, ya mən ya başqası, mütləq bişirən tapılacaq. Çörəyin olmaması, bu çox çətindi, hamılıqla yaşadığımız çətin günlər.....
Səkinə xanım yəqin ki , Naxçıvalıların çörək növbələrinə durduğu günləri də xatırlayırsınız?
Çörək növbəsində çox durmuşam, saatlarla gözləyirdik ki, bir tikə çörək alıb evə aparaq. O dövrlər çətin günlər idi, lakin hər çətin günün də bir işıqlı səhəri var ...
Bir qədər də iş prosesinizdən danışın?
Səhər saat 6-dan dururam, saat 7-də işimiz başlayır, axşamüstü saat 5-ə dək çalışırıq. Avadanlıqlar işə düşəndən sonra ilk işimiz xəmir hazırlamaqdır. Keyfiyyətli xəmirin unu, duzu və suyu qaydasında vurulmalıdır. Hazırladığımız xəmirin tərkibinə az miqdarda kəpək da vururuq ki, bu da çörəyi kövrək edir, həm də faydalıdır. Hər gün on kisə undan çörək bişiririk.
Yüksək dərəcədə istidə çörək bişirmək çətindirmi?
Öyrənirik, zamanla ...
Yayda bir qədər çətin olsa da, bizə fərq etmir yayın istisində də, qışın soyuğunda da iş gedir.
Sexdəki xanımlardan biri xəmiri 150 qramlıq kündələrə ayırır, başqa biri isə həmin kündələri maşından keçirib vərdənə edir. Daha sonra xəmiri rəfətənin üstünə səririk. İki qadın – mən və Süsən xanım (yanındakı qadını göstərir) əlimizlə xəmiri rəfətənin ölçüsünə salır və taxtanı tərs çevirməklə yayılmış xəmiri təndirə qoyuruq.
Müasir üsulla hazırlanan bu təndirdə sac əvəzinə gördüyünüz böyük dairəvi dəmirin üstündə bişir çörəklərimiz. Rəfətə ilə vurduğumuz çiy xəmir təndirin üstündə fırlanmaqla bişir. Tam dövrə vurub əvvəlki yerinə çatanda lavaş hazır olur. Əsli xanım isə bişmiş lavaşları götürməklə məşğul olur. Bir anlıq gecikmə olarsa, lavaş fırlanan sacın üstündə təkrar sobaya qayıdar və yanar.
Sexdəki bişmiş çörəkləri təndirdən isti-isti götürüb dəstələyən Əsli İsmayılova isə Ordubad rayonundandır. "Bir ildən artıqdır ki, bu sexdə çalışıram"-deyir.
İşlərin ən çətini sizə qalıb, həm təndir isti, həm çörək isti ?
"Alışmışam"- deyib 1 stəkan sərin su içir və alnının tərini silir.
Gördüyünüz kimi alın təri ilə pul qazanırıq. İşimdən narazı deyiləm. Allah canımızı sağ eləsin, əlimiz, ayağımız həmişə işləsin ki, biz də belə gözəl, ətirli çörəklər bişirək, təki təknələr dolu olsun.
Əlinizdəki rəfətə sizə nəyi xatırladır?
Uşaqlığımı, nənələrimizin təndirdə çörək, südlü qalın bişirdiyi günləri. İndi isə biz o işləri müasir təndirlərdə sevə-sevə davam etdiririk.
“Bura bizim ikinci evimizdir. Çünki vaxtımızın çox hissəsini burada keçiririk”- deyir.
Söhbətin arasında “peraşki" yeyib, yemədiyimi soruşur.
Qeyri-ixtiyari əlimi uzadıram.
Tələsirlər... görüləcək çox iş var, təndir dayanmamalıdır.
Söhbət əsnasında işlərinə kömək etmək istəyirəm. Müasir qaydalarla lavaş bişirmək çətin olsa da hər halda maraqlıydı. Müdriklər əbəs yerə “ Hər işin öz ustadı var” deməyiblər.
Söhbətin sonunda çörəkçi qadınlar bişirdiyim 3 ədəd lavaşı da özümə hədiyyə etdilər.
Dedilər, "Adətdir, gələni əliboş qaytarmırıq. Lavaş bərəkətdir”
Bərəkətimiz bol olsun...
Türkanə Əmoyeva