XX əsr Azərbaycan dövlətçiliyi və təhsili tarixində onun böyük xidmətləri olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri - Həmid bəy Şahtaxtinski vətəni, milləti yolunda yalnız biliyi və bacarığı ilə çalışmayıb. O, öz ömrünü Azərbaycanın dövlət müstəqilliyinə, həmvətənlərinin azadlığına, tərəqqisinə həsr edib...
Həmid bəy Şahtaxtinski 1880-ci il martın 12-də Naxçıvan qəzasının Şahtaxtı kəndində dünyaya gəlib. Atası Xəlil bəy babasının, əmilərinin, qardaşlarının yolu ilə gedib, hərbçi olub. Bu maarifpərvər, müasir fikirli ziyalı övladlarının təhsilinə xüsusi diqqət yetirib. Həmid bəy Şahtaxtinski ömrünün sonunadək oxuyub öyrənməyə, öyrətməyə böyük maraq göstərib.
O, öz tərcümeyi-halında beş yaşında ibtidai məktəbə getdiyini, ana dili ilə bərabər fars dilini də öyrəndiyini yazıb. İki il sonra isə beşillik rus məktəbinə daxil olub. Həmin məktəbi - Naxçıvan üçüncü dərəcəli şəhər məktəbini bitirdikdən sonra o, İrəvan Müəllimlər Seminariyasında təhsilini davam etdirib. 1899-cu il iyunun 5-də seminariyanın tam kursunu bitirib. Gənc müəllim kimi İrəvan rus-tatar məktəbinə təyinat alıb. Ancaq Qafqaz Tədris Dairəsinin (Popeçitel) 1901-ci il 27 oktyabr tarixli təklifi ilə Həmid bəyə İrəvan Müəllimlər Seminariyasında türk dili (Azərbaycan) dərslərini tədris etməyə icazə verilib. 1902-ci il aprelin 9-da vəzifəyə təsdiq olunub. Təyinatla beş ildən çox İrəvan Müəllimlər Seminariyasında pedaqoji fəaliyyət göstərib.
Həmin ilin sonları ali təhsil almaq arzusu onu Odessaya aparıb. Novorossiysk İmperator Universitetinin hüquq fakültəsinə daxil olub. Universitetdə azərbaycanlı tələbələrin yaratdığı "Azərbaycan Həmyerliləri” təşkilatının rəhbərlərindən biri olub. 1912-ci ildə universiteti bitirib.
1917-ci ildə baş verən fevral inqilabından sonra Azərbaycanın vətənsevər övladlarının siyasi fəallığı yüksəlib. Həmid bəy Şahtaxtinski həmin ildən "İttihad” partiyasının üzvü olub. İnqilabdan sonra Tiflisdə keçirilən Müəllimlər Qurultayında Müvəqqəti Zaqafqaziya Hökuməti tərəfindən Qafqaz Təhsil Dairəsi Komissarlığının üzvlüyünə seçilib. 1918-ci ildə Zaqafqaziya Seymi formalaşdıqdan sonra Zaqafqaziya Hökumətinin Xalq təhsil naziri vəzifəsində çalışıb.
1918-ci ilin 28 mayı... Azərbaycanın qabaqcıl ziyalıları Tiflis şəhərində Qafqaz canişininin əzəmətli sarayına toplaşırlar. Milli Şuranın iclasını keçirirlər. Onlar vətənin, millətin taleyinə günəş kimi şəfəq saçan bir qərara - Azərbaycanın dövlət müstəqilliyi barədə qərara imza atırlar. O möhtəşəm, tarixi iclasın iştirakçılarından biri də Həmid bəy Şahtaxtinski olub...
1918-ci il iyunun 6-da Fətəli xan Xoyskinin Gəncədə formalaşdırdığı ikinci Hökumət kabinetində ona da məsul vəzifə tapşırılıb. Həmid bəy Şahtaxtinski Xalq Maarifi və Dini Etiqad naziri Nəsib bəy Yusifbəylinin müavini olub. 1918-ci ilin oktyabrınadək orada xalq müəllimlərinin təkmilləşdirilməsi üzrə kurslara rəhbərlik edib. Bu işləri yekunlaşdırdıqdan sonra, 1918-ci ilin noyabrında Bakıya gəlib. 1918-ci il dekabrın 26-da Xoyskinin formalaşdırdığı üçüncü Hökumət kabinetində də Həmid bəy Şahtaxtinski Maarif və Dini Etiqad nazirinin müavini vəzifəsində çalışıb.
O, 1919-cu il martın 14-də Nəsib bəy Yusifbəylinin yaratdığı Hökumət kabinetində Maarif və Dini Etiqad nazirliyinin idarəedicisi kimi fəaliyyət göstərib. Araşdırıcılar qeyd edirlər ki, sonradan Həmid bəy Şahtaxtinskinin Baş Nazir Nəsib bəy Yusifbəyli ilə münasibətlərində fikir ayrılığı yaranıb. Vəzifəsindən uzaqlaşıb və yeddi ay yarım işsiz qalıb. 1919-cu il dekabrın 24-də Nəsib bəy Yusifbəylinin formalaşdırdığı ikinci (sayca 5-ci) Hökumət kabinetində Həmid bəy Maarif və Dini Etiqad naziri təyin edilib. 1920-ci il martın 5-də o, bu vəzifədən istefa verib. Parlament və universitet fəaliyyətini davam etdirib. Həmid bəy 1919-cu ilin iyulundan "İttihad” partiyasının rəsmi üzvü kimi Azərbaycan parlamentində təmsil olunub. "İttihad” parlamentdə "Müsavat”dan sonra ikinci güclü partiya idi.
Həmid bəy Şahtaxtinski təhsilin inkişafında misilsiz xidmətlər göstərib. Cümhuriyyət hökumətində maarif sisteminə rəhbərlik edənlərdən biri kimi ölkədə təhsil müəssisələrinin milliləşdirilməsində, şəhər və kəndlərdə ana dilində məktəb və seminariyaların, Bakı Dövlət Universitetinin açılmasında böyük əmək sərf edib. O, Nazirlər Şurasının qərarı ilə 1919-cu il avqustun 20-dən sentyabrın 1-dək Bakıda keçirilən Azərbaycan müəllimlərinin III qurultayına rəhbərlik edib.
Bakı Dövlət Universitetində çalışdığı zaman Cümhuriyyət hökuməti Ali Pedaqoji İnstitutun yaradılması layihəsini tərtib etməyi ona həvalə edib. Həmid bəy Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bu işi başa çatdırıb və Xalq Komissarları Sovetinin Sədri Nəriman Nərimanova təhvil verib.
1920-ci ilin aprel işğalından sonra bolşevik hökuməti onun təhsil sahəsində yüksək mütəxəssis olduğunu nəzərə alıb. Həmid bəy Bakı Dövlət Universitetində işləməyə dəvət edilib. 1923-1925-ci illərdə universitetin prorektoru olub.
Həmid bəy Şahtaxtinski 1928-ci ildə Tiflisdəki Zaqafqaziya Universitetinin tibb fakültəsini bitirib. Bakıya dönən Həmid bəy Şahtaxtinskiyə 1929-cu ildə universitetin yaradılmasının onilliyi münasibətilə professor fəxri adı verilib. 1930-cu ilin sonlarından Azərbaycan Tibb İnstitutunda çalışıb. Repressiya bəlası başının üstünü kəsdirənədək o, dərsliklərin hazırlanmasında, elmi terminlərin Azərbaycan dilinə tərcüməsində fəal iştirak edib.
Əslində, bolşevizm bəlası ondan heç zaman uzaqda olmayıb. Sovet hökuməti Həmid bəyin maarifçilik işini dərindən bildiyini nəzərə almalı olsa da, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qurucularından biri və "İttihad” partiyasının üzvü olduğunu da yaddan çıxarmayıb.
Altmış yaşına çatmış Həmid bəy Şahtaxtinski 1940-cı il yanvarın 5-də Azərbaycan SSR XDİK-in əməkdaşı, Dövlət Təhlükəsizlik İdarəsinin mayoru Markaryanın təsdiq etdiyi qərara və Zaqafqaziya dairəsi hərbi prokurorunun sanksiyasına əsasən yanvarın 6-da həbs edilib. O, dəhşətli işgəncələrə məruz qalıb. Həmid bəyin işinə SSRİ XDİK yanında xüsusi müşavirə 1940-cı ilin 11 iyununda baxıb. Antisovet millətçi təşkilatda fəaliyyətinə görə islah-əmək düşərgəsində saxlanılmaqla səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Vətənindən, ailəsindən uzaqlarda, Arxangelsk vilayətindəki həbsxanada ağır şərait, verilən işgəncələr onun həyatına son qoyub. Həmid bəy Şahtaxtinski 1944-cü il fevralın 3-də sürgündə həlak olub. Repressiya qurbanlarının əksəriyyəti kimi, onun da faciəli ölümü barədə ailəsinə xəbər verilməyib. Uzun illər dörd qızı ata həsrəti, intizarı ilə yaşayıblar...
Zöhrə Fərəcova
"Azərbaycan” qəzeti