Hər bahar gələndə… Təbiətin ilıq nəfəsini duyan kimi anası torpağın qoynundan sıyrılıb çıxan yaşıl çəmən tarlaları, düzləri bu rəngə boyayanda, əlvan güllər-çiçəklərsə bu yaşıla öz çalarları ilə başqa bir gözəllik qatanda, ağacların budaqlarında düyməciklər bir andaca partlayıb başına ağappaq kəlağayı salanda Bahar xanım xatırlanır. Şərur rayonunun Aralıq kəndində 1927-ci il martın 17-də – baharın astanasındaca doğulan, baharı sevən, həyatı baharla bağlı olan, bahar çiçəklərindən rəng alan ağ kəlağayısı ilə həmişə xatirələrimizdə canlanan, Azərbaycan qadınına məxsus qüruru ilə seçilən Bahar xanım. Ömrünün 33-cü baharında SSRİ Ali Soveti Rəyasət Heyətinin 1960-cı il 7 mart tarixli Fərmanı ilə SSRİ-nin ən yüksək fəxri adına – Sosialist Əməyi Qəhrəmanı adına, Lenin ordeni və “Oraq və çəkic” qızıl medalına layiq görülən ilk naxçıvanlı qadın olan Bahar xanım.
Atasının İkinci Cahan müharibəsində həlakından sonra ailəyə kömək məqsədilə anası Xədicə xanımla kolxozda çalışan, orta məktəbi bitirdiyi 1943-cü ildən isə “Zəhmət” kolxozunda əmək fəaliyyətinə başlayan Bahar xanımın həyatını alın yazısı birdəfəlik zəhmətə, əməyə yönləndirdi. Bir də ki fədakarlığa. Fədakarlıq deyirəm, nə üçün? Bəli, bu fədakarlıq idi, yüzdən bir qadının həyatında rast gəlinən fədakarlıq. Bu fədakarlığı mən Bahar xanımın həyat yolunda görürəm. Yuxarıda sadaladıqlarımdan əlavə, gənc bir qızın müharibə dövründə və müharibədən sonrakı illərdə əməyinə görə ilk dəfə 1941-1945-ci illərdə arxa cəbhədə “Rəşadətli əməyə görə” medalı ilə təltif olunmasında, 1959-cu ildə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Naxçıvan MSSR-in “Pambıq ustası” fəxri adına layiq görülməsində görürəm. Bu fədakarlığı anasına bir rəfiqə kimi kömək etməsində, əl uzatmasında görürəm. Anası, qonşuları, bir sözlə, Bahar xanımın ətrafındakı qadınlar kolxozda bir bölük külfətlərini dolandırmaq, müharibənin acılarını onlara yaşatmamaq üçün çalışırdılar. Bəs Bahar xanım? O ki kolxozda işləməyi seçəndə, daha sonra bu yolda yolçuluğa başlayanda onu buna vadar edən səbəblər yox idi. L.N.Tolstoyun “Qəhrəmanlıq – həyatı daha dərindən duymağın nəticəsidir” sözləri necə də yerində deyilibmiş. Gələcəyin qəhrəmanı Bahar xanımın həyata fərqli baxışı başqalarından seçilirdi. Onun duyğu dolu, kövrək qəlbində anaya istəkdən doğan yanğı hissi var idi. Bu hiss Bahar xanımı anasına kömək etməyə, onun əməyini yüngülləşdirməyə vadah edirdi. Sən demə, anaya olan bu məhəbbət qarşıda yeni bir sevgiyə – Vətən sevgisinə çevriləcəkmiş… Bir ömürlük sevgiyə. Bu sevgi yolçuluğu pambıqçılıqla başlanıb qəhrəmanlıqla bitəcəkdi. Onun üzünü də ağ edən elə pambıqçılığa verdiyi məhəbbətin, zəhmətin əvəzində ondan alacağı bəyaz olacaqmış.
Başqa cür də ola bilərdi. O da digər qızlar kimi geyinib-kecinib, bəzənməyə üstünlük verə, “Mən müəllim olacağam”, “Mən həkim olacağam”, – deyib başqa yolu da seçə bilərdi. Sözsüz ki, hər bir sahə fədakarlıq tələb edir. Lakin bir qadın üçün tarla seçimindən böyük fədakarlıq ola bilməz. Bax bu, əsl fədakarlıqdır. Zərif çiyinləri ağır yükün altına vermək, sübh çağı yuxudan oyanıb tarlaya yollanmaq, günəşin qızmar şüaları altında saatlarla çalışmaq, gənc yaşda manqa başçısı olaraq özün kimi gəncləri işə cəlb etmək, həm onlara, həm də üzərinə götürdüyün işə cavabdehlik daşımaq, bu, həqiqətən yalnız fədakarlıq ola bilərdi.
Böyük təşkilatçılıq qabiliyyətinə malik olan Bahar xanım manqa başçısı kimi manqa üzvlərinin hər birinin öz bacarığını ortaya qoymasına nail ola bilirdi. Plan tapşırıqlarını ikiqat yerinə yetirdiyi üçün dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində iştirak edib, sərginin gümüş medalına layiq görülmüşdü. 1964-cü ildə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində Bahar Talıbovaya Azərbaycan SSR-in “Əməkdar pambıqçı”sı fəxri adının verilməsi haqqında qərar qəbul edilmişdi. 1966-cı ildə isə Bahar xanım “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdi.
Tarlanı, sahəni özünə iş yeri seçib, həyatını pambıqçılıq və tütünçülüyün inkişafına həsr edən, zəhmətilə ucalan bu qürurlu qadın öz manqa üzvləri ilə birlikdə hər il planda nəzərdə tutulan sentneri ikiqat dövlətə təhvil vermişdir. Belə nümunəviliyinə görə o, 1971-ci ildə Azərbaycan Kommunist Partiyasının XXVIII qurultayına nümayəndə seçilmişdi, elə həmin il SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə “Oktyabr inqilabı” ordeni ilə təltif olunmuşdu. V,VI, VII, VIII, IX, X və XI çağırış Naxçıvan MSSR-in Ali Sovetinin deputatı seçilmiş, 1970-ci ildə VIII çağırış SSRİ Ali Sovetinə Şərur rayonunun 618 nömrəli Yengicə dairəsindən namizədliyi verilmiş, 1972-ci ildə “Rəşadətli əməyə görə” medalı ilə təltif olunması haqqında qərar qəbul edilmişdi.
Elə ki 1973-cü ildən sonra Bahar xanımın çalışdığı kolxoz pambıq əvəzinə tütün becərməyə başladı, nailiyyətlər də onun həyatında əvvəlki illərdə olduğu kimi eynilə davam etdi. Belə də olacaqdı. Çünki uğurları bu qadının alnına əmək, zəhmət öz dəst xətt ilə yazmışdı. Tütünçülükdə əldə olunan nailiyyətlərlə Bahar xanım Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyətinin fəxri fərmanlarına layiq görüldü. Bundan sonra o, ayrı-ayrı vaxtlarda plenum, büro üzvü seçildi, Şərur Rayon Qadınlar Şurasının sədri oldu.
27 il fasiləsiz olaraq Ali hakimiyyət orqanlarında deputat mandatı daşımaq, xalqın elçisi olmaq, 40 ildən artıq tarlalarla sirdaş, sahələrlə yoldaşlıq etmək heç də asan deyildi. Bütöv bir ömrü, xüsusilə də gənclik çağının gözəl günlərini torpaqla bölüb, ailə səadətinin sevincini, analıq hissinin ülviliyini torpaqda tapmaq böyük fədakarlıq və cəsarət tələb edirdi. Torpağa tər verib əvəzində ondan zər-övlad almaq Bahar xanımın ömür yolu, alın yazısı, tale payı, bir də hər kəsə nəsib olmayan qəhrəmanlıq qismətindənmiş.
Şan-şöhrəti ellərə yayılan, həyat yolçuluğunda zəhmətlə qoşa addımlayan, adına şeirlər, poemalar, oçerklər yazılan, nəğmələr qoşulan, nəsillərə nümunə olan Bahar xanım 1982-ci ildə İttifaq əhəmiyyətli fərdi təqaüdə layiq görülmüşdür. Ölkəmizin ictimai həyatında əməyi olan hər bir şəxsiyyət kimi Bahar Talıbovanın da zəhməti müstəqillik illərində də dəyərləndirilmiş, o, ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 2 oktyabr tarixli Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür.
Qəhrəman, məğrur, zəhmətkeş qadın, qürur yerimiz, örnək ocağımız Bahar xanım, hələ yenicə torpağa bağlananda tək manqa başçısı deyildi. O, həmçinin qızların ən yaxın rəfiqəsi, oğlanların yolgöstərəni, ehtiyacı olan ailələrin himayədarı idi. Bütün bunlar isə onun gözəl fərdi keyfiyyətlərindən irəli gəlirdi. Zaman keçdikcə, Bahar xanım yaşa dolduqca, saçları ağ kəlağayısından bəyazları özünə hopdurduqca bütün bu keyfiyyətlər onu əsl el ağbirçəyinə çevirdi – neçə-neçə ailələri dağılmağa qoymayan, neçə-neçə gözəl ailələrin qurulmasında xeyir-duası olan, gənclərin mənəvi anası olan ağbirçəyə.
Bahar xanımın vəfatından danışmayacaq, onun ömür kitabının bu səhifəsini əsla çevirməyəcəyəm. Çünki qəhrəmanlar ölmürlər. Baxın 93 il əvvəl Bahar xanımın doğum günündə yüzlərlə insan dünyaya gəlmişdi, amma bu gün o yüzlərin içərisində biz Bahar xanımdan danışır, onu yada salır, anırıq. Onun həyat yolu dövründə olduğu kimi, bu gün də hər bir azərbaycanlı qadına nümunədir. Tək qadınlara deyil, torpağa mehr salan kişilərə də nümunədir. İllərdir, muxtar respublikamızda təsərrüfat işləri ilə məşğul olan ailələr var, onlarla ailə təsərrüfatları yetişib. “Necə edək ki, ailə təsərrüfatlarını, ümumilikdə, kənd təsərrüfatını daha da inkişaf etdirək?” sualına Bahar xanımın həyat yolu dolğun bir cavabdır. Qoy naxçıvanlı zəhmət adamları sizdən örnək götürsünlər, qəhrəman qadın. Zəhmətin sirlərini sizin ömür yolunuza işıq salmaqla əxz etsinlər. Qışboyu yuxuya gedib, ilk baharda oyanan kimi “Əz məni, əzizləyim səni!”, – deyərək hayqıran torpağın səsinə bu qəhrəman qadının qürurundan ilham alaraq səs versinlər. Məhz belə olarsa, ömrümüzdən-günümüzdən ötən illər hər zaman, xüsusilə də hər bahar gələndə xatırlanan Bahar xanımtək yeni Baharlar yetirər…
Mətanət Məmmədova