İlin son ayının 4 çərşənbəsi xalq təqviminə əsasən ilaxır çərşənbələr adlanır. Su, Torpaq, Yel ünsürünün ardınca Günəş, istilk simvolu olan Od çərşənbəsi torpağın tamamilə dirildir, canlandırır. Dünyanın yaranmasında iştirak edən təbiətin dörd ünsüründən biri olan Od əski çağlardan türkün dünyagörüşündə müqəddəs bilinən anlayışlardandır. Od çərşənbəsi Günəşə, oda, odu qoruyub saxlama inamına əsasən yaranıb. Qədim türk mifologiyasına görə, odu Göy Tanrı veribdir. Altay miflərinə əsasən, ilk odu böyük Ülgen – Bay Ülgen yaradıb. Türk xalqlarında Umay ruhu ilə bağlı təsəvvürlər mövcuddur ki, bunlar da Od ruhu ilə əlaqəlidir. Abakan tatarlarından toplanmış rəvayətə görə, Od vaxtilə qoca İldırımın kiçik oğlu olubdur. Qoca İldırımın böyük oğlu Günəş, ortancıl oğlu Ay, kiçik oğlu isə Oddur. Odun ildırım Tanrısı tərəfindən yaradıldığı haqqında qədim mənbələrdə fikirlər mövcuddur. Şamanizmdə odun saflaşdırıcı gücünə inanılıb, ona görə də bədxah ruhların vurduğu mənfi təsirdən qorunmaq üçün odun təmizləyici gücündən istifadə edilib.
Od çərşənbəsinə xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “addı çərşənbə” də deyirlər. Od qədim türklərdə müqəddəs hesab edilir. Naxçıvan Muxtar Respublikasının regionlarından toplanmış folklor örnəkləri arasında odla bağlı müxtəlif inanc nümunələri mövcuddur ki, onlardan bəziləri diqqətçəkəndir. Çox qədimdə təzə anadan olmuş uşağı odun, ocağın başına dolayar, sonra ananın qucağına verərdilər. Bununla uşağın paklandığına inanardılar. Əgər bu üsulla uşaq paklanmazsa, o, natəmiz hesab edilər, ana onu rahatlıqla qucağına ala bilməzdi. Bu mərasimin izləri elə ərazidə xalq yaddaşında yaşayan “Çevir ocağa, al qucağaa” məsəlində özünü qoruyub saxlayıb.
Odla bağlı müxtəlif folklor örnəkləri də məlumdur ki, bunlara kiçik janr nümunələri sırasında daha çox rast gəlmək mümkündür. “Od yanan yerdən tüstü də çıxar”, “Od qalar köz olar, qız qalar söz olar”, “Od qalayıb oda düşmüşük” kimi atalar sözləri; “Çərşənbədə ocağı boş qoymazlar”, “Ocaqda kül titrəyəndə od xeyrə oynayar” kimi inanclar; “Ocağın bərəkətli olsun”, “Ocağın sönməsin”, “Ocağına nur çilənsin” və ya “Oda düşəsən”, “Od-ocağa həsrət qalasan” kimi alqış və qarğış nümunələri qədim türk mədəniyyətində od-ocaq anlayışı ilə bağlı arxaik düşüncəni ifadə edir. Naxçıvan Muxtar Respublikasının bəzi regionlarından toplanılan xalq yaradıcılığı örnəklərinə əsasən söyləmək mümkündür ki, Od çərşənbəsinin xarakterik xüsusiyyətlərindən biri də həmin gün qalanmış tonqal ətrafında yallı rəqsinin icrasıdır. Məlum olduğu kimi, qədim türk ənənəsində müxtəlif ayin və mərasimlər zamanı yallı rəqsinin icrası mütləq sayılırdı. Məhz od çərşənbəsində tonqal ətrafında yallı rəqsinin icrası od hamisinə olan inancın qalıqlarını nümayiş etdirir. Qeyd edək ki, qədim türk mifoloji dünyaduyumunda od hamisi Tanrının kiçik oğlu kimi qəbul edilirdi. Tonqal ətrafında yallının icrası da od hamisinə olan ənənəvi təsəvvürdən irəli gələn hörmət və ehtiramı ifadə edir. Əvvəllər od üzərindən tullanarkən müxtəlif nəğmələr də ifa olunurdu. Bu nəğmələr indiki dövrümüzdə artıq arzu, istək, dilək şəklini alaraq təmizlənmə ilə bağlı alqış-dualara çevrilib: “Ağrım, acım səndə qalsın”, “Ağrım, dərdim-sərim, qıç ağrım, bel ağrım, qol ağrım sənə gəlsin, sənin sağlamlığın mənə gəlsin”, “Pislər sənə, yaxşılar mənə” və s.
Tonqal Günəşi simvolizə edir. O da öz növbəsində Tanq Tenrini ifadə edir. İnsanların Tonqal ətrafına toplaşması, onun üzərindən tullanması, hər hansı bir şəkildə onunla təmas yaratmağa çalışması diqqət çəkir. Arxaik ritual olan tonqal üzərində tullanmada əcdad dünyasına yola salma və tonqalda Tenqriyə qurban vermə hərəkətləri gerçəkləşir. Özünü oda atan, alovun içindən keçən insan özünü Tanq Tenqriyə qurban etmiş olur. Bu qurbanvermə simvolik xarakter daşıyır. Tonqal üstündən tullanan şəxs Tanq Tenqrini simvolizə edən Tonqalda onunla birləşir, bütövləşir, xaos məkanında, “o dünyada” olur, əcdad ruhları ilə təmas yaradır, orada sakrallaşır, yenidən “bu dünyaya”, kosmos məkanına qayıdır. Və bu ənənədən iki semantik anlamı özündə birləşdirən – “Ağırlığım, uğurluğum bu odda, tonqalda qalsın” ifadəsi yaranıbdır. Ağırlıq – fiziki, uğurluq – mənəvi anlamı ifadə edərək, qədim türkün fiziki və mənəvi baxımdan özünü Tanq Tenqriyə qurban verməsi istəyini daşıyır. Naxçıvan ərazisində bəzi yerlərdə bu mərasimi heyvanlar üçün də icra edirlər. Belə ki, mal-qaranı da iki tonqal arasından keçirərək od vasitəsilə təmizlənməsini təmin edirlər.
Qeyd edək ki, Naxçıvanda Novruz bayramı ərəfəsində təkcə Od çərşənbəsində deyil, bütün ilaxır çərşənbələr zamanı axşamlar evlərin həyətində tonqallar qalanır. Müxtəlif ayin və rituallar icra olunur. Bunlardan İlaxır çərşənbə - od çərşənbəsi isə mərasim, ayin, etiqad, müxtəlif oyun və şənliklərin daha çox icra olunduğu çərşənbədir. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Novruzun ən çox sevilən ərəfəsi – İlaxır çərşənbə, yəni Od çərşənbəsi “Yeddiləvin” adlanır. Yeddiləvin zamanı oğlan evi qız evinə şirni apararkən orada şirninin müxtəlif növlərindən olur. Buna görə də şirni növünün çoxluğunu göstərmək məqsədilə ona “yeddilövün”, “yeddiləvin” adı verilib. “Yeddiləvin” günü süfrələrə cürbəcür nemətlər düzülür. Bu nemətlər, əsasən, 7 adda olmalıdır. Belə ki, bu adət Azərbaycanın başqa regionlarında da özünü göstərməkdədir. Bəzi yerlərdə “7” ləvinə “7” sin də deyirlər. Yeddiləvin axşamı tonqallar qalanır. Əhalinin bayram uğurunu – sevincini ifadə edən ən möhtəşəm tonqal dağların uca nöqtəsində yandırılır. Hamının bir-birinə bu barədə ilk sualı belə olur: “Görəsən, Bəlkədə tonqal qalanıbmı?”. Bəlkə dağında tonqalın qalanması hamının bayram sevincini birə-beş artırır.
Bayrama hazırlıq hələ fevral ayından, yəni elə ilk çərşənbədən başlayır, ilin son çərşənbəsndə, yəni Od çərşənbəsində artıq hər şey nizamlı şəkildə hazır olur. Hər evdə hiss olunan bayram əhval-ruhiyyəsi Azərbaycanda xalq həyatının müxtəlif məqamlarında özünəməxsus şəkildə əks olunur. Ordubad rayonunda yaşlı nəslin nümayəndələrindən bəzisi ilaxır çərşənbəyə “ ilin ən bəd çərşənbəsi”, “ilin ən ağır çərşənbəsi” də deyirlər. Belə bir inam var ki, bu gün o qədər şən keçməlidir ki, ilboyu insanlar üçün uğurlu və sevincli olsun.
Naxçıvan inancları arasında İlaxır çərşənbənin ritual özəlliklərini daşıyan nümunələr olduqca çoxdur. İnanc, sınama, ovsun, falabaxma nümunələri isə bu baxımdan daha aktivdir:
Deyərlər ki, İlaxır çərşənbə gecəsi obaşa yaxın çayın suyu dayanar, söyüdlər başını əyib torpağa dəyər. Bu vaxt hər niyyət yerinə yetər.
İlaxır çərşənbədə qızlar əlində güzgü tutarlar. Ayın şəkli düşər güzgüyə. Şəklin içində oğlan əksi görünsə, sevdiyi oğlana gedər, deyərlər.
İlaxır çərşənbə Od çərşənbəsi olduğundan, həmin gün qalanmış ocağın külündən götürüb suya tökərlər. Naxçıvandan toplanmış digər inancda isə deyilir ki, ilaxırda od qalanır. Səhər külü yığıb yağış yağan novdanın altına tökmək lazımdır. Tökəndən sonra arxana baxmadan getməlisən. Ərazidən toplanmış inanc örnəklərinin hər iksində odla yanaşı, suyun da təmizləyici funksiya daşıması öz əksini tapmaqdadır.
İlaxır çərşənbənin əsas mərasimlərindən biri qulaq falıdır. Qız-gəlinlər bir yerə toplaşar, yavaş-yavaş qonşu evlərinə gedərlər. İçəriyə daxil olar, ürəklərində arzu tutarlar. Arzu tutmazdan öncə ayaq altına qıfıl qoyarlar. Təşrif buyurduqları ev sakinlərinin həyətində, ya da qapısının ağzında kiminsə olmasından xəbərləri olmaz. Ev əhalisinin dilindən səslənən hər bir sözlə mərasim iştirakçıları ürəklərində tutduğu arzularını yozarlar. Odur ki, ulularımızın tövsiyəsinə görə, ilaxır çərşənbədə evdə xeyir saçan, xeyirli sözlər danışmaq məqbul sayılar.
Qeyd edək ki, ilaxır çərşənbə - Od çərşənbəsi çərşənbələrin mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngin olanıdır.
İlaxır çərşənbələrlə bağlı mərasim və ayinlərin çoxu bu gün də xalq arasında yaşamaqdadır. Bu nümunələr qədim türkün arxaik düşüncəsinin məhsulu olmaqla xalqın əxlaqi, estetik dünyaduyumunu ifadə edərək öz mühafizəkarlığı ilə seçilir.
Rəngarəng ritualları ilə İlaxır çərşənbələrin bəzəyi olan Od çərşənbəmiz mübarək olsun! “Türkün alqışı alqışdır” deyən ulularımızın hikmətli söz xəzinəsindən aldığımız alqışlara qoşularaq deyirik ki, ocağımız sönməsin!, Ulu Tanrı ocağımızdan ruzi-bərəkəti əskik etməsin, tonqallarımız Vətən torpağında hər zaman gur yansın!
Aytən Cəfərova
AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru