Xalqımızın milli adət-ənənəsinə görə, İlaxır çərşənbəsində və Novruz bayramında yadda qalan atributlardan biri də tonqalların yandırılması, xonçaların şamla bəzədilməsidir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Novruz bayramı günlərində yarana biləcək yanğın və digər xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə vətəndaşlarımıza təhlükəsizlik qaydalarına əməl etmələrini tövsiyə edir.
NUHÇIXAN həmin qaydalarla oxucuları tanış edir.
- tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda qalanmalıdır;
- bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
- çalışmaq lazımdır ki, tonqallar çox böyük olmasın, alov 1,5-2 m-dən yuxarı qalxmasın,
tonqallar su ehtiyatları olan əraziyə yaxın yerlərdə qalansın;
- azyaşlı uşaqların tonqalın üstündən tullanması təhlükəlidir
- tonqalın ətrafına toplaşan insanlar sintetik materiallardan paltarlar geyməməlidirlər. Çünki bu materiallar istiliyin təsirindən tez əriyir, alovla təmasda isə dərhal alışırlar.
- tonqalın üstündən tullanandan sonra sonda onu közərmiş vəziyyətdə buraxıb getmək
olmaz, tam söndürülməsi təmin edilməlidir;
- bayramla əlaqədar fişənglərdən istifadə edərkən onlar hər hansı obyektə və ya kommunikasiya xətlərinə istiqamətləndirilməməlidir. Ümumiyyətlə, yaxşı olar ki, bunlardan istifadə olunmasın.
- Xonçaları bəzəyən şamlar daim nəzarət altında olmalı, pərdələrdən, tezalışan materiallardan uzaqda qoyulmalıdır;
- yandırılan şamlar nəzarətsiz qalmamalıdır;
- əgər pirotexniki vasitələrdən istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır.
Novruz bayramı günlərində hər birinizə xoş əhval-ruhiyyə arzulayır, hər hansı təhlükə zamanı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə zəng vurmağınız xahiş olunur.