Çində koronavirusa qarşı hazırlanan vaksinin klinik təcrübəsinin həyata keçirilməsi təsdiqlənib.
NUHÇIXAN Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumatı Çinin rəsmi dövlət televiziyası yayıb.
Bildirilib ki, Çin Hərbi Tibb Akademiyasında təhlükəsizliyi, təsiri və keyfiyyəti yoxlamaq, habelə kütləvi istehsalı həyata keçirmək üçün ilkin hazırlıqlar başlayıb. Akademiyanın bioloqu, general Çen Veinin başçılığı altında qrupun hazırladığı vaksində koronovirusa yoluxmayan antigen hissələrinin olduğu bildirilib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 187 400-ə çatıb. Bunların 81 000 nəfəri sağalıb, 7 500 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.