Prezidentin yeni hədəfləri - Azərbaycanın növbəti inkişaf kursu

Müstəqillik və tərəqqi yolu ilə irəli

A- A A+

Son aylarda Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan mövzu - Milli Məclisə VI çağırış növbədənkənar seçkilərin keçirilməsi söhbətləri artıq arxada qalmışdır. Buna birinci səbəb Azərbaycan Respublikasının müstəqillik tarixində ən çox namizədin iştirak etdiyi deputat seçkilərinin uğurla başa çatmasıdır. Azərbaycan beynəlxalq ictimaiyyətin gözü qarşısında ölkəmizdə çoxpartiyalı əsaslarla azad və demokratik seçkilərin keçirilməsinə nail olmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış üzrə birinci iclasının keçirilməsi, bu mühüm tarixi əhəmiyyətə malik olan iclasda ölkəmizin Prezidenti İlham Əliyevin proqram xarakterli nitqi və qəbul edilən qərarlar növbədənkənar seçkilərin səbəbləri və nəticələri haqqında tam və əsaslı qənaətlərin formalaşmasını müəyyən etmişdir.

İlk növbədə onu qeyd etməyi lazım bilirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisin VI çağırış birinci iclasındakı dərin məzmunlu nitqi ölkəmizin parlamentarizm tarixində siyasi sistemin islahatlarının proqramını müəyyən edən bəyanat kimi daxil olmuşdur. Bu tarixi nitq Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin fonunda ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi və daha da inkişaf etdirilməsi istiqamətində islahatların aparılmasının siyasi-ideoloji əsaslarından ibarət olan konseptual bir proqramdır.

Burada müstəqil Azərbaycan dövlətinin bütün sahələr üzrə daha da inkişaf etdirilməsinin, təkmilləşdirilib yeniləşdirilməsinin siyasi əsasları öz əksini tapmışdır.

Milli Məclisdəki tarixi nitqi bir daha sübut etmişdir ki, Prezident İlham Əliyev daim yeniləşən və inkişaf edən Azərbaycanın daha böyük hədəflərə çatması üçün ölkəmizdə islahatlardan-islahatlara ardıcıl olaraq həyata keçirilməsi zəruri olan vəzifələri, ictimai-siyasi proseslərdəki növbəti addımları qabaqcadan aydın şəkildə görür, ölkəni və xalqı inandırıcı şəkildə daha böyük inkişafa aparan yollara doğru bacarıqla səfərbər edir.

Fikrimcə, bu mənada dövlət müstəqilliyinin hazırkı mərhələsində siyasi sistemin təkmilləşdirilməsi üzrə həyata keçirilmiş islahatların daha da dərinləşdirilməsinin və əhatə dairəsinin genişləndirilməsi işinin başa çatdırılması zərurətinin əsaslandırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdəki nitqinin siyasi-nəzəri konsepsiyasını təşkil edir. Və həm də məsələnin bu cəhətinin, yəni ölkədə inkişafın yeni mərhələsində siyasi sistemin təkmilləşdirilməsi zərurətinin meydana qoyulması və başa çatdırılması növbədənkənar seçkilərin keçirilməsinin səbəblərinin aydınlaşdırılmasına xidmət edir.

Bu baxımdan ölkəmizdə ilk növbədə çoxpartiyalı demokratik cəmiyyət quruculuğunu daha da inkişaf etdirmək üçün partiyalararası münasibətləri tənzimləmək, iqtidar-müxalifət münasibətlərində siyasi dialoqa nail olmaq həlli vacib vəzifələrdən biri kimi meydana çıxmışdır. Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərdə azsaylı deputatlarla təmsil olunan siyasi partiyalarla əməkdaşlıq naminə atdığı addım nəticə etibarilə cəmiyyətdə siyasi dialoqdan, qarşılıqlı anlaşmanın və sabitliyin təmin edilməsində mühüm faktorlardan biri olmuşdur.

Möhtərəm Prezident İlham Əliyevin nitqində səsləndirilmiş aşağıdakı fikirlər Azərbaycan cəmiyyətinin müasir inkişafından doğan bu reallığı çox dolğun şəkildə ifadə edir: "Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bizim partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır. ...Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.

Bundan başqa, 2018-ci ilin Prezident seçkilərindən sonra ölkədə bütün səviyyələrdə struktur və kadr islahatları sahəsində aparılan islahatların təbii olaraq Milli Məclisi də əhatə etməsinə nail olmaq vəzifəsi Azərbaycan cəmiyyətinin inkişaf dialektikasının harmoniyası baxımından həlli zəruri olan problemlərdən biridir. Çünki həqiqətən də hakimiyyətin bütün qollarında aparılan islahatların bir-birini tamamlamasına nail olmadan bütövlükdə cəmiyyətin tam şəkildə inkişafını təmin etmək mümkün deyildir.

Ölkənin siyasi sistemində və idarəetmə strukturlarındakı mənzərəni aydın şəkildə görən Prezident İlham Əliyevin Milli Məclisə növbədənkənar seçkilərə getmək haqqında qərar qəbul etməsinin ən mühüm səbəblərindən biri də siyasi sistemin real islahatları naminə struktur və kadr islahatlarını da tamamlamaqdan ibarət olmuşdur. Dövlət başçısının Milli Məclisdəki nitqində ifadə olunmuş aşağıdakı mətləblər ölkədəki islahatların məntiqi davamını dərindən başa düşməyə əsas verir: "Son müddət ərzində Prezident Administrasiyası demək olar ki, tam yeni tərkibdə formalaşmışdır və yeni şöbələr yaradılmışdır. Nazirlər Kabineti yeni tərkibdə formalaşmışdır. Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Nazirliklərdə də kadr islahatları aparılmışdır, yerli icra orqanlarında da bu islahatlar aparılır və aparılacaq... Ona görə də islahatların dərinləşməsi əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir”.

Azərbaycan Respublikasının VI çağırış Milli Məclisinin rəhbər heyətinin seçilmiş yeni tərkibi Prezident İlham Əliyevin bütövlükdə ölkədə modern cəmiyyət quruculuğuna nail olmaq və siyasi sistemi təkmilləşdirib inkişaf etdirmək konsepsiyasının reallıqlarını əks etdirir.

Əvvəla, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq qadın deputatın parlamentin sədri vəzifəsinə seçilməsi ölkəmizdə demokratik dövlət quruculuğunun əməli göstəricilərindən biridir. Bundan əvvəl iki çağırış Milli Məclisin deputatı kimi səmərəli fəaliyyət göstərmiş, beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını ləyaqətlə təmsil etmiş filologiya elmləri doktoru, professor Sahibə Qafarovanın parlamentin sədri vəzifəsinə namizədliyinin yekdilliklə dəstəklənməsi siyasi etimada ehtiramın ifadəsi olmaqla bərabər, həm də demokratik dövlət quruculuğu prosesinin inkişaf etdirilib möhkəmləndirilməsinin bütün siyasi qüvvələr tərəfindən müdafiə olunması deməkdir.

İkincisi, Milli Məclisin sədarətində yenə də ilk dəfə olaraq hakim Yeni Azərbaycan Partiyasının və bitərəflərin nümayəndələri ilə yanaşı, müxalifət partiyasını təmsil edən deputatın seçilməsi respublikamızda siyasi dialoqun inkişaf etdirilməsi istiqamətində atılmış real addımdır.

Üçüncüsü, Milli Məclisin Komitəsinin rəhbər heyətinin, komitə sədrlərinin və onların müavinlərinin tərkibində ciddi yeniliklərin baş verməsi, bu mühüm sferada iqtidardan olan təcrübəli millət vəkilləri ilə bir sırada bitərəflərin və müxalifətin nümayəndələrinin təmsil olunması da siyasi sistemin inkişaf etdirilməsi, dialoq mühitinin genişləndirilməsi baxımından əhəmiyyətli hadisədir. İndiki halda Milli Məclisdə aparılan kadr islahatları ölkə miqyasında bu sahədə həyata keçirilən məqsədyönlü siyasəti tamamlayır.

Yeni tərkibdə formalaşdırılmış Prezident Administrasiyası, daha operativ və çevik fəaliyyət göstərən Nazirlər Kabineti, yeniləşməkdə olan digər icra strukturları ilə Milli Məclis-də baş vermiş dəyişikliklərin bir-birini tamamlaması ölkəmizdə siyasi sistemin bütövlüyünün, ahəngdarlığının təminatına uğurla xidmət edir.

İndi artıq Azərbaycan Respublikasının çoxpartiyalı əsaslarla seçilmiş rəhbər heyətə malik olan parlamenti var. Bu, müstəqillik dövrü Azərbaycan parlamentarizmində ciddi dönüşdür. Bu isə öz növbəsində Azərbaycan Respublikasında ölkə Prezidentinin genişmiqyaslı islahatlarının həyata keçirilməsinə, daha böyük hədəflərə doğru inamlı addımların atılmasına doğru yeniləşmiş vahid komanda ilə getməsinə tam təminat verir.

Bütün bunlar ölkəmizdə daha güclü Azərbaycan naminə növbədənkənar parlament seçkilərinin keçirilməsinin mahiyyətini, fəlsəfəsini aydın surətdə ifadə edir. Heç şübhə yoxdur ki, atılmış addımlar siyasi sistemin dayaqlarının daha da möhkəmləndirilməsinə, siyasi dialoqun genişləndirilməsinə, böyük hədəflərə hesablanmış köklü və məqsədyönlü islahatların həyata keçirilməsinə imkan yaradacaq, təkan verəcəkdir. Bu isə öz növbəsində müstəqil Azərbaycan Respublikasının dövlətçilik maraqlarına və xalqımızın milli mənafelərinə tamamilə cavab verən hadisədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VI çağırış Milli Məclisin birinci iclasındakı proqram xarakterli nitqi dövlət başçımızın dünyada və ölkəmizdə baş verən hadisələrə dərin analitik təfəkkür əsasında və azərbaycançılıq mövqeyindən yanaşdığını, hər addımda ölkə maraqlarını əsas kimi qəbul etdiyini təsdiqləyir. Məsələnin bu cəhətini önə çəkməsi möhtərəm Prezidentin nitqində əhatə edilən məsələlərin demək olar ki, hamısının şərhində özünü qabarıq şəkildə büruzə verir.

Prezident İlham Əliyev bütün fəaliyyəti boyu olduğu kimi, Milli Məclisdəki tarixi nitqində də miqyasından və məqamından asılı olmayaraq, bütün məsələlərdə birmənalı şəkildə əsl azərbaycançı mövqeyinə malik olmağın nümunəsini göstərmişdir. Diqqət etmək lazımdır ki, 9 fevral Parlament seçkilərinin yekunlarını təhlil edib dəyərləndirərkən ölkə Prezidenti beynəlxalq təşkilatların seçki proseslərinə reaksiyasını ifadə etməklə bərabər, ilk növbədə, məsələyə Azərbaycan xalqının münasibətini, baxışını ön mövqeyə çəkmişdir.

Avropa İttifaqının Azərbaycanda keçirilmiş parlament seçkilərinə obyektiv qiymət verməsinin təqdir edilməsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun "hansısa qüsurları qabardıb, onları böyük hadisə kimi təqdim etməyə çalışmasının” mahiyyətinin açıqlanması beynəlxalq təşkilatların fərqli mövqelərinə dair real münasibətin Azərbaycan ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir.

Lakin həm Prezident İlham Əliyev üçün, həm də xalqımızdan ötrü dövlət başçısının 9 fevral seçkilərinə ölkə vətəndaşlarının rəyinin qiymətləndirilməsi daha böyük əhəmiyyətə malik olan məsələdir. Bu mənada ölkəmizin rəhbərinin Milli Məclisdəki nitqində səsləndirilmiş aşağıdakı sözlər Azərbaycan xalqının mənafelərinin qiymətləndirilməsi baxımından son dərəcə önəmlidir: "Bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qalmışdır... Bizim üçün əsas məsələ bundan ibarətdir”.

Prezident İlham Əliyevin Milli Məclisdəki nitqində bəyan etdiyi "bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır” tezisi ölkəmizdəki möhkəm ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərən xarici və daxili qüvvələrə əsl azərbaycançı mövqeyindən verilmiş cavabın ifadəsidir. Çox təəssüf ki, xaricdəki ölkəmizin inkişafını istəməyən bəzi qüvvələrlə yanaşı, necə deyərlər, bəzi "sapı özümüzdən olan baltalar” da nadanlıq ucbatından düşmən dəyirmanına su tökməkdən bezmirlər. Müstəqillik dövründə bütün seçkilərdə - prezident, parlament, bələdiyyə seçkilərində həmişə uduzmuş, xalqdan ayrı düşmüş, ölkədə hər hansı bir mövqeyə çatmağa heç bir ümid yeri qalmamış belə başabəla müxalif qruplaşmalar xarici ölkələrdə dayaq axtarmaq, qrant almaq naminə hər cür xəyanətə əl atmaqla milli və dövlətçilik maraqlarımızı aşağı salmağa cəhd göstərirlər. Dövlət rəhbərimizin qəti mövqeyi radikal müxalifətə və onların havadarlarına tutarlı cavab olmaqla bərabər, həm də mövcud siyasi qüvvələrin fəaliyyəti üçün siyasi cəhətdən əhəmiyyətli olan mühüm bir çağırışdır.

Beynəlxalq təşkilatlarda əməkdaşlıq edən qurumların, millət vəkillərinin Azərbaycan həqiqətlərini real şəkildə dünya ictimaiyyətinə çatdırmaları üçün fəallıq, vətəndaşlıq mövqeyi və səviyyə nümayiş etdirmələrinə dair səslənən fikirlərin də qayəsi, "əzəl mübtədası” Azərbaycandır.

Azərbaycan gerçəkliyini beynəlxalq miqyasda hər dəfə obyektiv şəkildə meydana qoyan Prezident İlham Əliyevin bu istiqamətdəki ibrətamiz fəaliyyəti xarici siyasəti təmsil edən dövlət məmurlarımız, diplomatlarımız, millət vəkillərimiz üçün nümunədir. Belə məqamlarda cənab Prezidentin nümayiş etdirdiyi qəti və obyektiv mövqe, hazırcavablıq və geniş dünyagörüşü Azərbaycan xalqına və müstəqil dövlətimizə əlavə xal qazandırır, müsbət imicimizi daha da möhkəmləndirir.

Münxen Beynəlxalq Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri Nikol Paşinyanla dialoqu zamanı Prezident İlham Əliyevin aydın siyasi mövqeyini daha da möhkəmləndirən tarixi məlumatları, tutarlı elmi faktları yerli-yerində beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması dünya ictimaiyyəti qarşısında Azərbaycan həqiqətlərinin real mənzərəsinin canlandırılmasına şərait yaratmışdır. Bu cür obyektiv mövqe nümayiş etdirməyin reallıqlarına dərindən inam bəsləyən Prezident İlham Əliyevin Milli Məclisdəki nitqində deputatlara gələcək fəaliyyət üçün verdiyi tapşırıqlar və tövsiyələr ölkəmizi strateji məqsədlərə çatdırmaq üçün qarşıda duran məsul vəzifələri diqqət mərkəzinə çəkməyi diqtə edir: "Biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. XX əsrin əvvəllərində Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir görəsən ki, orada indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Bunu demək lazımdır, …işğal edilmiş indiki torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları, orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır. Eyni zamanda, müsəlman ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir… Deməliyik ki, təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı bu faşist rejim müharibə elan edib, bizim məscidlərimiz, tarixi abidələrimiz dağıdılıb... Bu, xüsusi bir istiqamət olmalıdır”.

Müstəqil Azərbaycan dövlətinin xarici siyasət istiqamətində fəaliyyətinin prioritet istiqamətlərini müəyyən edən bu çağırışlar nəinki Milli Məclisin deputatları və ya diplomatlar, eyni zamanda, ölkəmizin bütün ziyalı təbəqələri, xüsusən də elm cəbhəsini təmsil edən alimlər üçün də aktual bir tələbdir. Elmimiz Azərbaycanın tarixi coğrafiyasına, mədəniyyət tarixinə və toponimiyaya dair tədqiqatların miqyasını daha da genişləndirməli, Ermənistan tərəfinin saxta iddialarını və məlumatlarını elmi dəlil və sübutlar əsasında ifşa etməlidir. Xüsusən bu istiqamətdə aparılmış tədqiqatların mühüm elmi nəticələrinin xarici dillərdə, ən azı ingilis, rus, ərəb, fransız, alman dillərində çap edilib beynəlxalq aləmdə yayılmasına daha ciddi fikir verməyə borcluyuq.

Azərbaycan Milli Elmlər Akademiyasında, ali məktəblərimizdə aparılan tədqiqatlar, çap edilən kitablar Milli Məclisin deputatlarına, parlament kitabxanasına çatdırılmalıdır. Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun xalqımıza qarşı Ermənistan tərəfinin apardığı soyqırımı hadisələrinə, repressiya və deportasiya proseslərinə həsr edilmiş çoxsaylı kitabları Milli Məclisin kitabxanasına və millət vəkillərinə təqdim etməsi deputat korpusunun həmin istiqamətdə təbliğat işini daha arqumentli şəkildə aparmasına kömək etmişdir.

Fikrimizcə, bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasında yaradılmış "Azərbaycançılıq elmi-ideoloji Mərkəzi” ölkə elmi mühiti ilə parlamenti əlaqələndirmək üçün əhəmiyyətli bir platforma funksiyasını həyata keçirə bilər. Ümumiyyətlə, dövlət başçımızın ölkə parlamentinin vəzifələri kimi irəli sürdüyü mətləblər və ideyaların həyata keçirilməsi Azərbaycan elminin də borcu və vəzifəsidir.

Parlamentlə Elmlər Akademiyasının qarşılıqlı dialoqu elmin də, siyasətin də xeyrinə ola bilər.

Nəhayət, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar” tələbi də millət vəkillərinin fəaliyyətindəki müəyyən boşluqların aradan qaldırılmasına diqqəti ifadə edən əhəmiyyətli bir işarədir. Bu, xalqla hakimiyyət arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edən zəruri bir tələbdir. Etiraf edək ki, bu məqamda möhtərəm Prezident Milli Məclisin deputatlarına həm dövlətin tələbini, həm də xalqın sözünü çatdırmışdır. Xalqla, seçicilərlə ardıcıl təşkil olunan görüşlər yerlərdəki problemlərin öyrənilib aradan qaldırılmasına kömək olduğu kimi, müstəqil dövlətimizin nailiyyətlərinin, ölkəmizdə aparılan islahatların mahiyyətinin xalqa çatdırılması, siyasi maarifçilik işinin yenidən qurulması baxımından da faydalıdır.

Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin birinci iclasındakı tarixi nitqi ölkə həyatının yeni mərhələsinin siyasi-ideoloji proqramıdır.

Bu, müasir şəraitdə Azərbaycanda parlamentarizmin yenidən qurulmasının yol xəritəsidir.

Prezident İlham Əliyevin mühüm tarixi əhəmiyyətə malik olan nitqindəki siyasi sistemin təkmilləşdirilməsinə, siyasi dialoqun genişləndirilməsinə, azərbaycançılıq mövqeyinin möhkəmləndirilməsinə dair müddəalar nəticə etibarilə ölkəmizdə dövlət müstəqilliyinin daha da inkişaf etdirilməsinə, cəmiyyətin irəliyə doğru hərəkatına yeni bir güc və qüvvət verir.

Azərbaycan Respublikası Milli Məclisinin Prezident İlham Əliyevin düşündüyü siyasi konfiqurasiya əsasında yenidən qurulub inkişaf etdirilməsi geniş mənada müstəqil dövlətimizin bütün istiqamətlər üzrə müasir inkişafının təmin edilməsi mənasını ifadə edir. Ona görə də dövlət rəhbərinin çağırışlarını ürəkdən qəbul etmək və təqdim olunan islahatların həyata keçirilməsində yaxından və fəal iştirak etmək müstəqil dövlətimizin və xalqımızın qarşısında siyasi-mənəvi borcumuzu məsuliyyətlə yerinə yetirmək deməkdir.

 

İsa Həbibbəyli 

AMEA-nın Birinci vitse-prezidenti, akademik, Milli Məclisin deputatı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: