Elimizə bahar gəlir....

A- A A+

Uca dağların çəni, dumanı çəkilir, dağ çayları daha gur axır, çoban dağda tütək çalır, qoyun quzunun mələrtisi, bülbülün xoş avazı, yaz yağışlarının səsi insanı valeh edir. Təbiətin oyanışı, yeni həyatın başlanğıcıdır Bahar. Soyuq qışdan sonra  isti nəfəsi ilə bütün təbiətə can verdiyinə, ona min bir naxış vurduğuna, rəngbərəng çiçəkləri ilə yaşıl çəmənlərə bəzək verdiyinə, hər yerdə canlanma yaratmaqla təbiətlə insanı qovuşdurduğuna görə sevirik baharı...

Payızda köçən durnalar qayıdır. Səhərlər quşların səsi ilə oyanıb, yazın ətrini duyuruq. Baharın gəlişinə sevinən quşlar da  budaqdan budağa qonaraq elə bil bahara həsr olunmuş ən gözəl nəğməni oxuyurlar

Elimizə, obamıza  bahar gəlir. ...qaranquşların qanadında,  bənövşənin rayihəsində, arxların başını bəzəyən yarpızın ətrində, torpağın oyanışında duyulur baharın gəlişi... Ağaclar tumurcuqlayıb ,bəziləri-ərik, badam ağacları çiçək açıb. Çəmənləri bənövşələr bəzəyir. Nə gözəldir bahar, nə xoşdur çiçəklərin ətri ...heç bir fəsildə belə  gözəl ətir yoxdur.

Baharın gəlişi ilə elə bil cana gələn ağ köpüklü dağ çayları  təbiətə bir başqa gözəllik verir.Çayların şırıltısı, bulaqların zümzüməsi bir-birinə qarışıb.Təbiət hər gün bir az dəyişir donunu. Bir azdan, yaşıl, güllü  donunu geyəcək çəmənlər, düzlər...

Gəlişi ilə xalqımızın müqəddəs, əziz el bayramını-Novruzu gətirir Bahar. Novruz Bahar bayramıdır, baharın gəlişini sevinclə, el şənlikləri ilə qarşılayır elimiz.  Baharın gətirdiyi gözəllikləri, xoş əhval ruhiyyəni  gözəl və qədim adətləri ilə tamamlayır  Novruz. Evlərdə həyət bacalarda təmizlik işləri aparılır, yorğan döşək, xalça- palazlar günə verilib çırpılır, hər tərəf bahar hərarətinə boyanır, hər evdə bayrama hazırlıq görülür, nişanlı qızlara xonçalar bəzənir, süfrələrə səməni, şəkərbura, şorqoğal, paxlava yaraşıq verir. Tonqallar qalanır.

Bahar təbiətin  ən gözəl şeiridir.  Xalq şairi, təbiət vurğunu S. Vurğun nə gözəl deyib:

Yenə də yayaşıl geyinir dağlar ,

Göz kimi durulur  ayna bulaqlar .

Əriyir güneylər döşündəki qar,

Yağış da isladır o göy çəməni

Təbiət ilhama çağırır məni!

Ara sıra göy guruldayır, bir azdan sakit, aramla yağan yaz yağışları yağdıqca şiddətlənir, yağış da təzələyir təbiəti, torpağın ətrini  ciyər dolusu udmaq istəyir insan. İlk yaz yağışları  təbiəti cana gətirir, torpağa düşən toxumlara həyat verir, yağış damlaları isə yenicə göyərmiş otların üstünə payızda səhərlər düşən  şehi xatırladır.  İlin  bu fəslində yağan yağışlar  hamini sevindirir, xüsusilə əkinçini deməli əkilən, yonca, taxıl, kartof  sahələrində bol məhsul  yetişəcək. Yağışdan sonra  yaranan, göy üzünü bəzəyən qeyri adi bir təbiət mənzərəsinə də tamaşa edir insan. Yeddi rəngli göy qurşağına... bu mənzərə bir çoxlarına uşaqlığını da  xatırladır. Əl-ələ tutub göyqurşağına tamaşa etdiyimiz, üfüqə doğru qacdığımız günləri...

Yaz yağışdan sonra bir az da yaşıllaşan təbiətin qoynuna çıxan insanlar yenicə boy atan yoncalıqlardan yonca dərib yeyir, təbiətin ən gözəl neməti olan yarpız, quşəppəyi, əvəlik yığır.  Baharın gəlişi ilə süfrələrimizi təbiətin qoynunda  bitirdiyi  insan sağlamlığına  faydalı olan nemətlərdən  hazırlanan  yeməklər  daha çox  bəzəyir.

Baharın gəlişi ilə insanlar qalın geyimləri üstündən ataraq təbiətin qoynuna çıxıb, bağban budama  işlərinə  başlayır.  İnsan oğlu tələsir, qara torpağın sinəsin yarmağa...

Əkinçi tələsir ki, torpağı vaxtında şumlasın, toxum  əksin, bol məhsulun təməlini qoysun. İnsanlar  birlik nümayiş etdirərək  sahələrdə ənənəyə çevrilən iməcliklər də keçirir, ağac əkib yeni bağlar salırlar... Təbiət daha da gözəlləşsin, yeni əkilən ağaclar baharla birgə boy atsın deyə  .

Qış ilə yay arasında qərarlaşan, hamının sevimlisidir Bahar.  Dünən  axşam elimiz, obamız baharın sonuncu çərşənbəsini  bayram etdi, yumurtalar boyandı, tonqallar qalandı. Uşaqlar da sevindi, özlərinə bayram sovqatı yığdılar deyə... Sayılı saatlardan sonra ömrümüzə Novruzla birgə daha bir bahar gəlir. Bahar yenilik, yeni başlanğıcdır. Ürəklərdə yeni arzular , ümidlər çiçək açır, bu çiçəklər isə hər birimizin qəlbində bir bahar ovqatı yaradır. Təki həmişə bahar ovqatlı olasınız...

                                                                                      Türkanə Əmoyeva

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: