Muxtar respublikada Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyəti təkmilləşdirilib, maddi-texniki bazası möhkəmləndirilib, müasir kriminalistik avadanlıqlarla təchiz olunub.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə Məhkəmə Ekspertizası Mərkəzinə Avropa Məhkəmə Ekspertizaları Birliyinin yüksək standartlarına cavab verən 16 adda kimyəvi maddələr və tozlar olmaqla, ümumilikdə 62 adda müxtəlif təyinatlar üzrə müasir avadanlıqlar alınıb.
Yeni alınmış avadanlıqlara baxış zamanı bildirilib ki, alınan avadanlıqlar ən müasir texniki göstəricilərə malikdir. Bununla da mərkəzdə aparılan tədqiqatların hərtərəfliliyini və tamlığını təmin etmək, müxtəlif təyinatlı kimyəvi tozlarla əşyalar üzərində daktiloskopik ekspertizaların keçirmək, ekspertiza sahəsində rast gəlinən problemləri aradan qaldırmaq mümkün olacaq.
Sonda avadanlıqların qorunub saxlanılması, yeni avadanlıqların istifadə qaydalarının dərindən öyrənilməsi və ekspertlər tərəfindən rəylərin daha düzgün tərtib olunması barədə tapşırıqlar verilib.