Bu il sosial sahədə böyük işlərin görülməsi nəzərdə tutulur. İlin əvvəlindən üç böyük xəstəxana mənim iştirakımla açılmışdır - Goranboy, Şəmkir və Qazax şəhərlərində. Yenə də xəstəxanaların açılması nəzərdə tutulur və sosial infrastrukturun yaradılması istiqamətində işlər aparılacaqdır. Baxmayaraq ki, dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşdü, bizim bütün sosial öhdəliklərimiz təmin ediləcək. Baxmayaraq ki, keçən il görülmüş tədbirlər və qəbul edilmiş qərarlar nəticəsində bizim sosial sahəyə nəzərdə tutulan büdcə xərclərimiz kifayət qədər artmışdır, ancaq bütün sosial öhdəliklər yerinə yetiriləcək və bütün sosial infrastruktur layihələri tam icra ediləcək.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.
Prezident deyib ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş 7 min mənzil tikilib istifadəyə veriləcək. Şəhid ailələri üçün nəzərdə tutulan 1500 mənzil tikilib istifadəyə veriləcəkdir. Bu məsələ ilə bağlı heç bir şübhə olmamalıdır. “Əminəm ki, biz 2020-ci ili də uğurla başa vuracağıq. Halbuki bu gün bir çox ölkələr böyük çətinliklərlə üzləşiblər. Bu ölkələrdə həm siyasi sabitlik pozulur, həm iqtisadi böhran yaşanır və o cümlədən neft hasil edən ölkələrin bəziləri artıq neftin qiymətinin düşməsindən əziyyət çəkməyə başlayıblar. Koronavirus xəstəliyi əlbəttə ki, vəziyyəti çətinləşdirir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq. Buna nail olmaq üçün biz hamımız həmrəylik göstərməliyik, məsuliyyət göstərməliyik, birlik göstərməliyik. Dünya üçün bu çətin dövrdə həm xalqımızı, həm dövlətimizi qorumaq üçün xalqımızın ən ülvi xüsusiyyətlərini bir daha göstərməliyik və bunu dünyaya təqdim etməliyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.