Nazirlər Kabineti yanında Operativ Qərargahın və Baş Prokurorluğun məlumatı
Sosial şəbəkədə koronavirus infeksiyasının guya respublikamızda geniş yayılacağı barədə provokasiya xarakterli paylaşımlar edən paytaxt sakininə xəbərdarlıq olunub
Cəmiyyətdə təşvişə səbəb olan koronavirus infeksiyası ilə (COVID-19) ölkəmizdə qabaqlayıcı mübarizə tədbirlərinin gedişi, habelə xəstəliyə yoluxma ehtimalı olan şəxslərin tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumatlar verilməsinə, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmaması məqsədilə səlahiyyətli qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən ictimai rəyi çaşdırmaq və əhali arasında təşviş yaratmaq məqsədi güdən məlumatların yayılması hallarına rast gəlinməkdədir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın və Baş Prokurorluğun NUHÇIXAN-a daxil olan birgə məlumatında bildirilir ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla Bakı şəhər sakini Muradova Ülviyyə Niyaz qızının “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə koronavirus infeksiyasının (COVID-19) guya respublika ərazisində geniş miqyasda yayılacağı barədə həqiqətə uyğun olmayan, provokasiya xarakterli paylaşımlar etməsi, bundan başqa statuslarında pandemiyaya qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, ictimai rəyi çaşdırmaq və əhali arasında təşviş yaratmaq məqsədi güdən ifadələrə yol verməsi müəyyən edilib.
Qeyd edilənlərlə əlaqədar Ülviyyə Muradova Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ictimai rəyi çaşdırmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə qəsdən və qərəzli şəkildə konkret faktlara əsaslanmayan məlumatların qanunsuz olaraq yayılmasını davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunmaqla bir daha nəzərə çatdırılır ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək.