İki yüz mindən çox yoluxma halı və səkkiz min ölüm hadisəsi. Koronavirusla bağlı son məlumatlar belədir. Ölkələrin bəzilərində COVID-19 hələ də sürətlə yayılır, digərlərində isə azalmağa doğru gedir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru vaksin və müalicə üsulları tapılana qədər vaxt udmaqdan ötrü bütün dövlətləri epidemiya qarşı tədbirlər görməyə çağırıb.
“Yeni vaksinin ilk sınağına yeni koronovirusun genetik strukturu məlum olandan 60 gün sonra başlanıb. Bu, böyük nailiyyətdir”, - deyə Ümumdünya Səhiyyə Təşkilatının başçısı Tedros Adxanom Gebreyesus mətbuat konfransının gedişində bildirib. Bu barədə NUHÇIXAN BMT-nin saytına istinadla xəbər verir.
O, həmçinin də ÜST-ün və onun partnyorlarının COVID-19 virusunun müalicəsi sahəsində apardığı tədqiqatlar barədə danışıb. Bütün dünyadan toplanan məlumatlar bu və ya digər preparatın xeyrinə danılmaz sübutlar əldə etmək üçün vahid bazaya yığılır.
“Biz bu tədqiqatları “həmrəyliyin təzahürü” adlandırırıq”, -deyə Tedros qeyd edib. Bütün sınaqlar vahid sadələşdirilmiş sxem üzrə aparılır. Bu da həddindən artıq dolu xəstəxanaların da həmin sınaqlara qoşulmasına imkan verir.
ÜST vaksin və müalicə üsulları tapılanadək vaxt qazanmaqdan ötrü Çində və Cənubi Koreyada öz effektivliyini sübuta yetirmiş tədbirlərin bundan sonra da tətbiq olunmasını - yoluxmuş şəxsləri müəyyənləşdirməyi, həmçinin də onunla təmasda olanların hamısını izləməyi və təcrid etməyi tövsiyə edir, kütləvi tədbirləri ləğv etməklə infeksiyanın yayılma ehtimalını azaltmağı məsləhət görür. “Bu həm də səhiyyə sisteminin yüklənməsinin qarşısını alacaq”, - deyə Tedros vurğulayıb.
Əgər koronavirusa yoluxanlar aşkarlanıb təcrid olunmursa, onda ictimai xarakterli sərt tədbirlər aradan qalxan kimi infeksiya yenidən yayılmağa başlayacaq. ÜST-nin baş direktoru bu sahədə müsbət hal kimi Cənubi Koreyadakı vəziyyəti nümunə gətirərək deyib: “Bir ay əvvəl bu ölkədə infeksiya sürətlə yayılmışdı, amma Cənubi Koreya təslim olmadı. Orada innovasiyalı testləşdirilmə metodları işlənib hazırlanıb və laboratoriyaların imkanları genişləndirilib. Onlar əhaliyə maskalar payladı, yoluxanları və onlarla təmasda olanları müəyyənləşdirib təcrid etdilər. Cənubi Koreyada son həftələrdəki səylər nəticəsində ardıcıl olaraq yeni yoluxma hallarının sayı hər gün azalır. Epidemiyanın pik həddində hər gün 800 nəfər xəstəliyə tutulurdusa, bu gün orada yalnız 90 yeni yoluxma halı qeydə alınıb”, - deyə Tedros bildirib.