Etnik-mədəni dəyərlərimiz: ritualdan ənənəyə - FOTOLAR
Novruz türk xalqlarına məxsus qədim mədəni dəyər, arxaik rituallarla süslənmiş mədəniyyət hadisəsidir. Yeni həyat, yeni ruh Novruzun əsas mahiyyətini təşkil etdiyi üçün xalq yeni həyat bəxş edən təbiəti təqdir etmək, alqışlamaq məqsədilə müxtəlif ritualların icrasını vacib saymışdır. Əziz milli bayramımız olan Novruzda icra edilən ritualların çoxu qışın yola salınması, yazın qarşılanması istəyini əks etdirir. Qış xalq təsəvvüründə donan, yatan, hətta ölən təbiət kimi xarakterizə olunur. Onu oyatmaq üçün etnik mədəniyyətdə yardımçı xarakterli ayin-ritualların icrası mütləq sayılırdı. Bu ritualların çox hissəsi zaman-zaman unudulmuş, bəziləri isə inkişaf etdirilərək və müasir elementlərlə süslənərək dövrümüzə qədər gəlib çıxmışdır ki, onlardan biri də “Xanbəzəmə” mərasimidir.
“Xanbəzəmə” Azərbaycanın bəzi regionlarında da ara-sıra icra olunmasına baxmayaraq, bütünlüklə Naxçıvan Muxtar Respublikasının mərasim folkloruna aid mədəniyyət faktıdır. Əsas “məskəni” isə Ordubad rayonudur. Bu mərasim hazırda Ordubad şəhəri ilə yanaşı, Nüsnüs, Vənənd və Tivi kəndlərində də icra olunmaqdadır. Martın 21, 22, 23-də Ordubad şəhərinin Sərşəhər və Mingis meydanlarında “Xanbəzəmə” mərasimi kütləvi şəkildə keçirilir. Bu mərasimin Nüsnüsdə 3 gün, Vənənd və Tivi kəndlərində isə yalnız 1 gün icrası müşahidə olunur. Qeyd etdiyimiz kimi, Ordubad şəhərinin Sərşəhər deyilən meydanında “xan” bəzədilir. Bunun üçün Ordubad şəhər sakinlərindən xarici görünüşcə ciddi, qaraqabaq biri seçilir. “Xan” seçimində də müəyyən tələblərə əməl etmək mütləqdir. Belə ki, xalq arasında qəbul olunmuş ölçülər var ki, seçilən “xan” onlara uyğun gəlməli, hər sözə məhəl qoymayan, hər məqamda danışmayan, ölçülü hərəkətlərə malik olmalıdır. Heç olmazsa, ən azı bir dəfə gülmək həmin şəxsin “xanlıq” fəaliyyətindən kənara çıxması hesab edilirdi. Müxtəlif vaxtlarda “xan” seçilmiş belə şəxslər indi də tez-tez xatırlanır. Ordubadın Nüsnüs kəndində yaşamış Nəcəf Nəcəfov, Nurəddin Əliyev, Səttar Cabbarov, Əhməd Davudov, Məhəmməd Hüseynov öz missiyalarını hər Novruzda məsuliyyətlə icra edən “xan”lar olmuşlar. O cümlədən mərasimin daha təntənəli şəkildə keçirildiyi Ordubad şəhərində müxtəlif zamanların öz “xan”ları olmuşdur. Lakin ciddiliyi ilə daha çox yadda qalan, “ən ciddi xan” statusuna layiq Məhəmməd Baxşıyev adlı şəxs olub. Hətta onun ciddiliyi haqqında indi də xalq yaddaşında tez-tez xatırlanan rəvayət yaşayır: “Məhəmməd Baxşıyev olduqca ciddi və qaraqabaq, həm də çox təmkinli olduğundan bu “xan”ı güldürmək mümkün deyildi. Bir dəfə Novruz bayramının üçüncü günündə camaat gəlir Məhəmmədin evinə. Həyat yoldaşından soruşurlar ki, ay bacı, nə edirik, bu gülmür ki, gülmür. Qadın cavab verir ki, ay sizə qurban olum, mən 20 ildir, bununla bir evdəyəm, bunun gülən üzünü görmədim, siz necə görəcəksiniz?!” Hazırda xan “tituluna” Ordubad şəhər sakini, elə “köhnə xan” Məhəmməd Baxşıyevin oğlu Fərhad “layiq görülüb”.
Xanın gülməməsi ilkin inanc və etiqad sistemlərindən olan animizmin qalıqları kimi qəbul oluna bilər. Belə ki, qış fəslində təbiətin donması, dayanması, ölməsi qış ruhunun təbiətə təsiri ilə bağlıdır. Qədim insanın mifoloji təfəkküründə insan ətrafında nə varsa, onları canlı kimi qəbul edirdi. Ona görə də qışdakı təbiəti donmuş, ölmüş, susqun hesab edən qədim insan onu simvollaşdırmış, daha sonra isə obrazlaşdırmışdır. Susqun, acıqlı qış haqqındakı mifoloji düşüncədən qaynaqlanan “xan”ın seçimində də məhz dinib-danışmayan, ətrafdakı şənlikdən zövq almayan, qaraqabaq insan tipinə üstünlük verilir. Bu da öz məqamında, təbiəti dondurub, “öldürüb” sakit, qaraqabaq dayanan qış fəslinin xarakterinin ifadəsidir.
Beləliklə, ciddi, qaraqabaq şəxsi xan kimi bəzəyib, taxt-taca əyləşdirirlər. “Xan” meydana at üstündə daxil olur. Ətrafındakı vəzir, vəkil onu qoruyur, iki nəfər isə yelpiklə yelləyir. Digər insanlar “xan”ın qarşısında çalır, oxuyur, oynayır. Təlxəklər “xan”ı güldürməyə çalışırlar. Oyunun şərtinə əsasən “xan” təlxəklərin hərəkətlərinə, ümumiyyətlə, gülməməlidir. Əgər gülərsə, camaat onu suya basar. Üç gün ərzində bütün göstərilən məzəli hərəkətlərə dodağı belə, qaçmayan, “xan” rolunu icra edən şəxs xalq tərəfindən mükafatlandırılır. “Xanbəzəmə” mərasimindən bəhs edən folklorşünas Əli Şamil də qeyd edir ki, xalq tərəfindən bəzənmiş “xan”ın gülməsi qadağandır.
Susub danışmamaq tələb olunan obraza “Danatma” mərasimində də rast gəlinir. Folklorşünas Muxtar Kazımoğlu “xan”ın gülməməsi, lal-dinməz durması ilə “Danatma” mərasimindəki qaradinməz obrazının xüsusiyyəti arasındakı eyniliyi belə xarakterizə edir: “...Xanbəzəmədə xanın gülməyinə, “Danatma”da isə qaradinməzin danışmağına yasaq qoyulmasını müxtəlif cür izah etmək olar... xanın gülməməsi və qaradinməzin danışmaması ciddi olmağın, özünü əsl hökm sahibi kimi apara bilməyin işarəsidir”. Onu da əlavə edək ki, “Danatma”da Novruz bayramında icra olunan mərasimdir. Azərbaycanın digər əraziləri kimi, muxtar respublikamızda da bu mərasim icra olunur. Mərasim zamanı oyunun başçısı iki nəfər qızı qaradinməz edib, axar sudan pak su gətirməyə göndərir. Bu sudan “Vəsfi-hal” oxuyanda istifadə edirlər. Qaradinməz su gətirməyə gedərkən bir kəlmə belə, danışmamalıdır. Əgər o danışarsa, su pak sayılmır, ona iynə salmaq, üzük oynatmaq olmaz. Qaradinməz pak suyu gətirib başçıya verdikdən sonra qaradinməzlikdən azad olur. Ordubadda bu mərasim İlaxır çərşənbələrin sonuncusu olan Od çərşənbəsində icra edilir.
“Xanbəzəmə” mərasimi zamanı müxtəlif oyunlar da təqdim olunur. Yumurta ilə bağlı Novruz oyunları mərasimin sevilən mərhələsidir. Folklorşünas alim Muxtar Kazımoğlu Ordubadda Novruz bayramının keçirilməsi haqqında yazarkən bu oyunların böyük maraq doğurduğunu qeyd edir: “... Novruz bayramında yaşına baxmayaraq insanlar müxtəlif yumurta oyunları oynayardılar. Yumurta döyüşdürmə bir neçə cür olardı. Tək-tək döyüşdürəndə bəzən dişə vurub yumurtanın bərkliyini-boşluğunu yoxlayardılar. Buna “dadışmaq” deyərdilər. Sonra kimin yumurtanı əlində və necə saxlayacağını, kimin isə üstdən və necə vuracağını razılaşardılar. Kimin əlindəki yumurta qırılardısa, o, uduzur və sınıq yumurtanı qalib gələnə verirdi. Başqa bir halda, 4-5 nəfər yumurtaları bir uşağın ətəyinə qoyardı. Yumurtalar qarışardı. Bəxtəbəxt hərə bir yumurta götürüb döyüşdürərdi. Kim əlindəki yumurta ilə digər yumurtaları çox qırardısa, o, qalib idi. Buna “ətəyə atmaq” deyərdilər. Yumurta çox olduqda onları sıra ilə düzərlər və bir tərəfdən götürüb döyüşdürərdilər. Axırıncı yumurtanı sındıran sıradakı yumurtaların hamısını udmuş olardı. Buna “qatara qoymaq” deyərdilər. Üç sınıq yumurtanı bir bütöv yumurtaya dəyişərdilər. “Hol qoymaq” da maraqlı oyun idi. Nisbətən maili yer seçər, yumurtaları sıra ilə düzüb qabağına çöp qoyardılar. Çöpü götürdükdə yumurtalar dığırlanardı. Kimin yumurtası daha uzağa dığırlansaydı, o, qalib sayılar və sıradakı yumurtaların hamısını udmuş olardı”.
“Xanbəzəmə” mərasimində müxtəlif musiqi alətlərinin müşayiəti ilə icra olunan idman növlərinin, əsasən, pəhləvanların güləşi diqqət çəkməkdədir. Bu baxımdan ərazidən toplanmış bir folklor mətnində də deyilir: “Novruz bayramında zurnaçalanlar da iştirak edərdilər. Zurnanın sədaları altında qoca kişilərdən salardılar güləşə. Güləş zamanı biri çəkilərdi o başa, biri bu başa. Bir-biri ilə deyişərdilər:
Gülüstan üstünə,
Gün düşüb bostan üstünə.
Gör nə günə qalmışam,
A Kəlbəli Qulu,
Tülkü gəlib aslan üstünə.
Qarşı tərəfin cavabı:
Kərbəlada var ələmim,
Çərxi-fələkdəndir mənim qələmim.
Əbülfəzl Abbasdı mənim köməyim,
Qüdrətin varsa, gəl meydanə”.
Mərasimin özəlliyindən biri də yallı rəqsidir. Əsasən, oyun elementləri ilə cilalanmış yallı rəqs növünün icrası mərasimi daha da canlandırır. Yalnız Ordubad ərazisinə aid olan, yaşlı nəslin “İlanvarı” adlandırdığı rəqs çox maraqlı icra tərzi ilə diqqət çəkməkdədir. Qeyd etdiyimiz kimi, “İlanvarı” yallısında bəzi oyun elementləri görünməkdədir. Oyundakı bu xüsusiyyətlərə diqqət edək: Hər biri yeddi-səkkiz gəncdən ibarət iki sıra düzülür. Hər iki sıradakı ifaçılar qollarını bir-birinin çiyinlərinə keçirərək yallıya başlayırlar. Qrupların başında yallıbaşı durur. O, əlində çubuq saxlayaraq oyun zamanı sıranı pozanları cəzalandırır. Bu çubuğa “vən” (qabığı ağ, sərt meşə ağacı) deyilir. Beləcə, oyun başlanır. 1-ci yallı qrupu əyilir, 2-ci yallı qrupunun üzvləri həmin yallı dəstəsi iştirakçılarının arasından keçərkən qrup üzvlərinin cibinə əl ataraq pul, daraq, dəsmal və ya cibdə olan hər hansı bir əşyanı götürməyə çalışırlar. Sonda “oğurlananlar” ortaya qoyulur. Kimin daha bahalı əşya götürdüyü müəyyən olunur. Əşyanı götürən sahibindən “Qənimo” yallısını təkbaşına oynamağı tələb edir. Yallını oynadığı təqdirdə əşyanı sahibinə qaytarır, əks halda onu ərazidə yaşayan kasıb və ehtiyacı olan kimsəyə bağışlayır. Onu da qeyd edək ki, bu yallı kişilər tərəfindən icra olunur. Qadınlar isə oyunu müşahidə edərək nəticənin necə olacağını izləyir, hansı yallı qrupunun qələbə çalacağını öz aralarında müzakirə edirlər.
Digər yallıya diqqət etsək, görərik ki, bu yallı növü də oyun ünsürləri ilə cilalanmışdır: 7-8 nəfərlik 2 qrup təşkil olunur. Qruplar bir-birilə pantomim hərəkətlərlə deyişirlər. Birinci qrupun 1-ci oyunçusu cibindən hansı əşyanı çıxarsa, o biri qrupdan da qarşılıq olaraq mütləq həmin əşya göstərilməlidir. 2-ci oyunçu, məsələn, cibindən nə çıxararsa, o biri qrup da həmin əşyadan çıxararaq qarşılıq verməlidir. Beləcə, oyun davam edir. Nəticədə, cibindən eyni əşyanı çıxara bilməyən qrup məğlub sayılır.
Vənənd kəndində hazırda bir gün icra olunan bayram əvvəllər üç gün keçirilərdi. Üçüncü gün müxtəlif yaş qrupundan olan insanlar “Təkayaq” və “Cütayaq” yallılarını oynayardılar. Sonra cavanlar güləşərdilər. Güləşdən sonra mərasimə yeni ruh qatmaq üçün cavanlar “Çöpüdüm” yallısı gedərdilər. Hazırda da kənd cavanları bu yallını oynayırlar. Dəstəbaşı əlinə vən çubuğu alar ki, vuranda ağrıtsın. Axırda dəstə başçıları üz-üzə dayanar, hər iki dəstənin üzvləri gəlib onların arasından oynaya-oynaya keçərlər.
Ümumiyyətlə, Novruz mərasimləri, eləcə də başqa xalqlarda rast gəlinməyən müxtəlif oyunlar türk xalqları üçün mühüm əhəmiyyət kəsb edir. “Xanbəzəmə” də öz orijinallığı, fərqliliyi ilə muxtar respublikamızın mərasim folklor örnəyi olaraq erkən təsəvvürlərin izləri ilə zəngindir. Bu qəbildən olan mərasim tamaşaları onu göstərir ki, qışın bitməsini, yazın bol-bərəkətlə, sevinclə gəlməsini arzulayan xalq fəsillərə, təbiət hadisələrinə qədim təsəvvürlərdən doğan düşüncə ilə yanaşmış, ona etiqad və ehtiramını simvollaşdıraraq ifadə etmişdir.
Aytən Cəfərova
AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, dosent