Yurdumun insanı bütün dövrlərdə sağlamlığında yaranan problemlərin, bütün xəstəliklərin çarəsin ana təbiətin qoynunda, onun yetişdirdiyi saysız-hesabsız bitkilərdə axtarıb. Elə bugün də var olan və insanlar arasında geniş yayılan türkəçərələr xalq təbabətinin önəmli bir qoludur. Onlardan bəzilərini oxucuların diqqətinə çatdırırıq.
İtburnu böyrəyin dərmanıdır, onu böyrəyi xəstə olan adam dəmləyib içsə, oynaqlardakı duzu təmizlənər, böyrəyinin daşı düşər.
Yumurtanın sarısı ilə keçi qəzilini qarışdırıb, sınıqda istifadə edirlər. Sarğı 10 gündən sonra açılır.
Körpə uşağın qusmasını kəsmək üçün düyü həlimini süzmə qatıqla qarışdırıb yedirirlər.
Qarğıdalı telməyi böyrəkdə olan ağrılar üçün qaynadılıb içilir.
Nar qabığını qaynadıb tənzifdən keçirir və qənd qarışdırıb, gündə 3 dəfə qarın ağrısını kəsmək üçün istifadə edirlər.
İtburnu meyvəsindən qızdırma üçün, dəmlənmiş çayından isə böyrək, qaraciyər xəstəliklərində istifadə edilir.
Xəmiri yayıb, sınıq yerinə qoyub bağlayırlar.
Qulaq ağrıyanda duzu tavada qovurub, parçanın içərisinə yığır, qulağın üstünə qoyurlar.
Quzuqulağı mədə qıcqırmasının qarşısını alır.
Qatığı süzüb, suyunu qan təzyiqi olan adama içirirlər.
Ayaq qıc olanda, damar yığılanda ayağa xəlvət iynə batırılsa, o dəqiqə qıc açılır.
Qızdırmaya qarşı gülxətmini, söyüd ağacının yarpağını, günəbaxan çiçəklərini qaynadıb suyunda xəstəni çimizdirərlər.
Sətəlcəm olan xəstəni sağaltmaq üçün əvvəl banka qoyurlar, sonra bankanın yerinə bir-iki çəltik ülgüc vurub, yenidən banka salırlar və qara qan çıxdıqda xəstə sağalır.
Qızılgülün çiy mürəbbəsini hazırlayıb, uzun müddət gün altında saxladıqda, yeddi ildən sonra hər cür xəstəlik üçün xeyirlidir.
Bədəndəki duzu təmizləmək üçün kələm, duzsuz xiyar, turp yemək məsləhətdir.
Qan təzyiqi olan adam hərdən üzərlik toxumu yesə, təzyiq normaya düşər. Qan təzyiqi bərk artıb, başa ağrı verən zaman qolun, ayağın bükümlərini, ovucu, ayağın altını, boynu, başın ortasını limon suyu ilə isladıb, ovxalayırlar. Təzyiq aşağı düşür və ağrı keçir.
“Oğuz səsi “qəzeti